Ötən il avqustun 23-də Azərbaycanda dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyeva Füzuli rayonuna gələrək, Füzuli şəhərinin Baş planı ilə tanış olub, burada inşa olunan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılış mərasimində iştirak ediblər. Təhsil ocağı özbək xalqı adından Azərbaycana hədiyyədir.
Cari il martın 12-də Azərbaycanda dövlət səfərində olan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev də Füzuliyə baş çəkib, şəhərin Baş planı ilə tanış olub, Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimində iştirak edib. Qeyd olunub ki, Prezident Kasım-Jomart Tokayevin təşəbbüsü ilə inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi də qardaş qazax xalqının Azərbaycan xalqına hədiyyəsidir.
Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana bu gün və sabah baş tutacaq dövlət səfəri çərçivəsində isə ticari-iqtisadi, mədəni-humanitar sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş birgə bəyannamə və bir sıra sazişlərin imzalanması, Dövlətlərarası Şuranın iclasının keçirilməsi planlaşdırılır. Bununla yanaşı, S.Japarov Ağdamın Xıdırlı kəndində orta məktəbin təməlqoyma mərasimində iştirak edəcək. Bu təhsil müəssisəsi də Qırğızıstan xalqının Azərbaycan xalqına hədiyyəsi olacaq.
Milli Məclisi Türk Dövlətləri Parlament Assambleyasında təmsil edən nümayəndə heyətinin üzvü Hikmət Babaoğlu Medianews.az-a da bildirib ki, Azərbaycan və Türk dövlətləri arasında yeni bir mərhələ yaranır.
Millət vəkilinin sözlərinə görə, ölkə başçısı İlham Əliyev növbəti tarixi mərhələdə Azərbaycanın xarici siyasət vizyonunu bəyan edəndə prioritet istiqamət kimi Türk dövlətləri təşkilatları ilə münasibətləri göstərib: “Bu çağırış sözügedən ölkələr üçün təşkilatlar içərisində inteqrasiyanı motivasiya etməklə yanaşı, münasibətlərin dərinləşməsini, institutlaşdırılmasını da tələb edir. Hazırkı mürəkkəb tarixi şəraitdə bu bir gerçəklikdir ki, milli təhlükəsizliyin təmin olunmasının əsas paradiqmaları dini, coğrafi və etnik identlikdən keçir. Bu əcdadlarımızdan miras qalan tarixi modeldir”.
Deputat H.Babaoğlu deyib ki, bundan öncə qardaş Özbəkistan və Qazaxıstan prezidentlərinin işğaldan azad edilmiş ərazilərimizə səfəri zamanı, indi isə Qırğızıstan prezidentinin Azərbaycana səfəri çərçivəsində torpaqlarımızda mədəniyyətin, tarixin, ortaq milli kimliyin və düşüncənin təbliğ olunması üçün xüsusi layihələrin həyata keçirilməsi müsbət haldır: “Bu addımlar ölkə başçısı İlham Əliyevin Türk dünyasına etdiyi çağırışlara bir cavabdır. Artıq proses bir ənənə halını alıb. Əminik ki, digər müşahidəçi kimi iştirak edən ölkələr də bu təşəbbüsə qatılacaqlar. Türk Dövlətləri Təşkilatının yerləşdiyi coğrafiya dünyada mühüm və stratejidir. Həmin ölkələrin gələcəkdə hərbi, diplomatik, mədəni, mənəvi, iqtisadi və digər sahələrdə institutlaşması vahid bir güclü təşkilatın formalaşmasına gətirib çıxaracaq”.
Ayşən RƏHİM