Onların arasında dostluq münasibətləri hökm sürüb. Futbol tarixinin əfsanələri sayılan Lev Yaşin və Frans Bekkenbauer biri-birilərinə əks qütbdə dayanan ölkələrdə (Almaniya Federativ Respublikası – SSRİ) yaşasalar da futbol onları yaxınlaşdırıb. Almaniyalı müdafiəçi sovet qapıçısına son dərəcə böyük ehtiramla yanaşıb. Yaşıl meydançaya müdafiəçi kimi çıxan Bekkenbauer 1966-cı ildə İngiltərədə keçirilən dünya çempionatının yarımfinal oyununda SSRİ yığmasının qapısından top keçirəndə o, bu qolu öz furbol karyerasında ən böyük uğur kimi qəbul edib: “Əfsanəvi Yaşinin qapısından top keçirmək özü bir əfsanədir…”
Ayrı-ayrı ölkələrdə keçirilən futbol turnilərində tez-tez görüşən dostlar biri-birilərini öz ölkələrinə qonaq da dəvət ediblər. Bekkenbauer SSRİ-yə futbolçu kimi karyerasını başa vurduqdan sonra səfər edib. O, dünyanın tanınmış futbolçuları haqqında kitab yazmağa başlayanda 1986-cı ildə sovetlər ölkəsinə təşrif buyurub.
Futbol əfsanələrinin Moskva görüşləri maraqlı keçib. Yaşin almaniyalı həmkarını öz evinə qonaq da dəvət edib. Qeyd edək ki, Yaşin dünya futbolunun ulduzlarından biri sayılsa da, o, heç vaxt ulduz həyatı yaşamayıb. 14 kvadratmetrlik mənzildə yaşayan qapıçının mənzil şəraitini yalnız 1960-cı illərdə “yaxşılaşdırıblar”. Ona Çapayev döngəsində yeni, cəmi 30 kavdratmetlik mənzil veriblər.
Şəhər gəzintisindən sonra Yaşin Bekkenbaueri evinə qonaq aparıb. Evə yaxınlaşanda o, əlini binaya uzadıb: – Bu mənim evimdir.
Bekkenbauer təəccübünü gizlətməyib: – Sovetlər ölkəsi öz qəhrəmanlarına yüksək qiymət verir. Siz buna layiqsiniz, haqqınız var.
Bekkenbauer elə düşünüb kü, çoxmənzilli binanın hamısı Yaşinə məxsusdur. Nəhayət, mənzilə qalxdıqdan sonra hər şey almaniyalı futbolçuya məlum olub.
Valentina Yaşina (Lev Yaşinin həyat yoldaşı) son saatlarda xəbər tutub ki, qonaq qəbul edəcək. O, tələsik bütün əlaqələrindən istifadə edərək Moskvanın prestijli restoranlarından evə təamlar daşıtdırıb. Süfrəyə araq, konyak, şampan şərabı düzülüb. Qonağın almaniyalı olduğunu nəzərə alan Valentina Yaşina valyuta mağazalarından Bavariya pivəsi də əldə etməyə nail olub.
Beləliklə, məclis qızışıb. Qapıda mükəmməl dayandığı kimi mükəmməl tostlar söyləməyi də bacaran Lev Yaşin kiçik mənzildə böyük şənlik yarada bilib.
Məclis zamanı Bekkenbauer Yaşindən tualetin yerini soruşub. Kiçik mənzildə sanitar qovşağın yerini göstərmək üçün Yaşin heç ayağa qalxmağa ehtiyac duymayaraq dəhlizdəki sol qapını ona göstərib.
Bəli, tualet məsələsi Bekennbaueri sözün əsl mənasında şoka salıb. Ona görə yox ki, hamam və tualet bir yerdə olub. Almaniyalı qonağı tamam başqa bir məsələ təəccübləndirib. SSRİ-də bir çox ailələrdə bina evlərində yaşayanlar hamam-tualetə plakatlar yapışdırıblar. Belə bir “ənənə” xarici ölkələrdə olmayıb. Sovet insanları tanınmışların şəkillərini sanitar qovşaqlarda asaraq, guya ki, ab-havanı dəyişiblər. Bekkenbauer hamam-tualet otağına girəndə güzgünün sol tərəfində öz əksi olan plakatı görüb.
İşini görüb çıxdıqdan sonar Bekkenbauer az qala şok vəziyyətində məsələyə aydınlıq gətirmək istəyib: – Mən orada neyləyirəm?
Yaşin almaniyalı qonağının bu təəccübünü qəh-qəhə ilə qarşılayıb və onu məsələdən agah edib.
Məclisin sonunda süfrədə pivə dəstgahı açılıb. Bu Bekkenbauerin xahişi ilə olub. Valentina Yaşina sevinib ki, əvvəlcədən pivə ala bilib. Pivə qutusunu açanda qutudan Bavariya pivəsi yox, Çex pivəsi çıxıb. Yəqin ki, bunu da valyuta mağazasında səhv salıblar. Bu almaniyalı qonağın ürəyincə olmasa da, o, pivə keyfindən imtina etməyib.
Qonağı yola saldıqdan sonra Yaşin Bekkenbauerin onlara gətirdiyi iri qutunu açıb. Qutunun içində 24 şüşə Bavariya pivəsi olub.
Bekkenbauer Yaşinlə onun son günlərinə qədər əlaqəni kəsməyib. Hətta Yaşin ağır xəstəliklər içərisində olanda da Moskvada onu ziyarət edib, müalicələrinə kömək etmək üçün əlindən gələni əsirgəməyib.
Yaşinin vəfatından sonra da Bekkenbauer qapıçının ailəsi ilə əlaqələrini davam etdirib.
Qeyd edək ki, futbol tarixinin ən yaxşı müdafiəçilərindən biri hesab olunan Bekkenbauer Almaniya millisinin tərkibində 1974-cü ildə dünya çempionu və 1972-ci ildə Avropa çempionatının qalibi olub. O, həmçinin Almaniya çempionatını və kubokunu dörd dəfə qazanıb, üç dəfə Avropa Kubokunun qalibi olub. Lev Yaşini isə yəqin ki, geniş təqdim etməyə ehtiyac yoxdur.
Kənan Kələntərli,
Medianwes.az