Azərbaycanın Gəncə şəhərinin Müstəqil Dövlətlər Birliyinin (MDB) idman paytaxtı olacaq. Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib. Xarici İşlər Nazirləri Şurasının Minskdə keçirilən iclasının yekunları barədə danışan Sergey Lavrov vurğulayıb ki, Şura üzvləri Gəncə şəhərinin 2025-ci ildə, Almatı şəhərinin 2026-cı ildə Birliyin idman paytaxtı elan edilməsi barədə qərarı təsdiq ediblər.
Sözügedən məsələ ilə bağlı Medianews.az-a açıqlama verən millət vəkili Müşfiq Cəfərov 2025-ci ildə Gəncədə təşkil olunacaq beynəlxalq idman tədbirləri barədə danışıb.
Millət vəkili bildirib ki, Gəncə şəhəri təşkil olunacaq beynəlxalq idman tədbirlərinə layiqincə ev sahibliyi edəcək: “Gəncə Azərbaycanın ikinci böyük şəhəri olaraq həmişə ölkənin adını ucaldıb. Hazırda şəhərdə geniş abadlıq-quruculuq, yaşıllaşdırma işləri həyata keçirilir, şəhərin görkəmi müasir səviyyəyə çatdırılır. Ölkə Prezidentinin böyük qayğısı nəticəsində Gəncə geniş tikinti meydanını xatırladır. Elə bu günlərdə cənab prezidentin açılış mərasimində iştirak etdiyi Gəncə İdman Sarayı və digər tikililər buna əyani sübutdur”.
Gəncəli deputat vurğulayıb ki, Gəncə idmançılar məkanıdır: “Şəhərimizdə müxtəlif idman növlərində olimpiya və pralimpiya çempionu kimi yüksək uğurlar qazanan idmançılarımız var. Düşünürəm ki, yeni idman sarayı da nəinki Gəncədə, eləcə də bu regionda idmanın inkişafına böyük töhfə verəcək. Həmçinin bildiyiniz kimi 2025-ci il Gəncə MDB-nin idman paytaxtı elan olunub. MDB idman oyunlarına daxil olan idman növlərinin əksəriyyəti də məhz Gəncə İdman Sarayında təşkil olunacaq. İnanıram ki, 2025-ci ildə şəhərimiz təşkil olunacaq beynəlxalq idman tədbirlərinə layiqincə ev sahibliyi edəcəkdir. Təbii ki, bu, Nizami yurdu üçün ev sahibliyi etdiyi ilk beynəlxalq əhəmiyyətli tədbir olmayacaq. Buna misal olaraq deyə bilərəm 2017-ci ildə Gəncə “Müstəqil Dövlətlər Birliyinin Mədəniyyət Paytaxtı” olaraq da bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi edib”.
Turan ORUC
Medianews.az