Azərbaycanda duel ənənəsi qədimdən mövcud olub. Bunu fransızların adına bağlasalar da, tarixdə türklərin qədim dövrlərdə dueldə bir-biriləri ilə mübahisənin həll etməsi barədə faktlar çoxdur.
Elə təkcə Atillanın qardaşı Bleda ilə açıq duel etməsi barədə faktı qeyd etmək olar. Hürrəmi liderləri olan Cavidanla Əbu İmranın hakimiyyət uğrunda duelini də unutmaq olmaz.
İslam dini regionda yayılandan sonra duel şəriətə görə qadağan edilmiş idi. Dueldə həm öldürən, həm də ölən tərəf günahkardır deyə, Məhəmməd peyğəmbərdən hədis də var. “İki müsəlman qılıncları ilə qarşı-qarşıya (duelə) gəlincə həm öldürən, həm də ölən cəhənnəmlikdir”.
Səhabə, “Ey Allahın Rəsulu, öldürəni anladıq, öldürülən niyə cəhənnəmlikdir”, – deyə soruşduqda Rəsulullah “Öldürülən də öz yoldaşını öldürməyə çalışırdı”, – deyə cavab vermişdi.
Lakin buna baxmayaraq duellər dindən çox qədimdən gələn törəyə görə keçirilirdi. Mübahisə edən iki tərəfdən biri mütləq ölməlidir inamı inancdan daha üstün hesab edilirdi.
Azərbaycanda duellər müxtəlif formada keçirilib. Ox, qılınc, xəncər, odlu silahlar və sairə.
Məsəl üçün, Qarabağda duel at belində qılınc və ox ilə döyüş formasında olub. Bakı və Şirvan bölgəsində duel bıçaqla döyüşmək olub. Naxçıvan və Qərbi Azərbaycan bölgəsində duel zamanı əsasən odlu silahlarla keçirilib. Cənub zonasında duel dəmirdən düzəldilən balta ilə olub. Şimal zonasında, əsasən Quba, Qusar ərazilərində duel orta ölçülü xəncərlə keçirilib.
İki nəfər mübahisə edəndə onları sakitləşdirmək üçün ağsaqqallar işə qarışırdı. Qurandan misal, Peyğəmbərə aid hədislərlə onları dueldən çəkindirməyə çalışırdılar. Lakin duel olan zaman hər iki tərəfin ailəsinin müdaxilə etmək hüququ olmurdu. Ağsaqqallar olan yerdə ailənin işə qarışması qeyri mümkün idi.
Lakin həll yolu olmayanda ortaya xalça sərərdilər və iki mübahisə edən şəxsin gözlərini bağlayırdılar. Bir köynəkdə qalan duelçilərə xəncər verirdilər və ilk vurmaq haqqı alan rəqibinə zərbə endirdi.
Əgər gözü bağlı formada olan öldürücü zərbə vurmadısa rəqibi zərbə endirdi və biri ölənə qədər davam edirdi. İki tərəfdən biri ölürdüsə, digəri ağır yaralı olurdu. Ağsaqqallar ölən şəxsin sonradan dəfnini həyata keçirirdilər.
Yaralı isə evinə aparılırdı və öldüyü təqdirdə onun da dəfnində iştirak edirdilər.
Zaur ƏLİYEV
Tarixçi-alim