“İkinci Qabarabağ müharibəsində böyük qələbəmizdən sonra Rusiya Prezidenti Vladimir Putin publik çıxışlarında, ən azı dörd dəfə dedi ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyarkən, Qarabağın Azərbaycan ərazisi olduğunu bəyan edərkən bizimlə məsləhətləşməyib. Hətta çıxışlarının birində, “Ermənistan rəhbərliyinin Qarabağın Azərbaycan ərazisi olduğunu bəyan etməsi bizdə təəccüb doğurdu”, – kimi cümlə işlətdi”.
Medianews.az xəbər verir ki, bu barədə REAL Partiyasının sədr müavini Natiq Cəfərli bildirib.
O xatırladıb ki, ölkəmizin ərazi bütövlüyünü, Qarabağın Azərbaycana aid olduğunu baş nazir Nikol Paşinyan vaxtilə Ermənistan-Praqa görüşündə, yəni, Qərbdə elan edib.
Siyasətçinin sözlərinə görə, həmin vaxt Rusiya xarici işlər naziri Sergey Lavrov da bir neçə dəfə çıxışlarında Ermənistanın məsləhətsiz davrandığını, Qarabağ məsələsində Moskvanın sözünə qulaq asmadığını, əgər qulaq assaydı vəziyyətin başqa cür olacağını bəyan edib: “İki gün öncə Rusiya XİN sözçüsü Mariya Zaxarova daha irəli gedərək deyib ki, NATO, ABŞ və Avropa İttifaqı Qarabağın Azərbaycana aid olduğunu qəbullanmağa, Azərbaycanın ərazi bütövlüyünü tanımağa Ermənistanı məcbur ediblər. Zaxarova açıq söyləyib ki, biz Qarabağın statusu ilə bağlı məsələlərin sonra müzakirə ediləcəyini istəyirdik, 2020-ci ildə elə danışıb-anlaşmışdıq, Paşinyan və Ermənistan isə Qərbin təzyiqi ilə Qarabağın Azərbaycana aid olduğunu bəyan edərək bu işi pozub. Burada adi məntiq var. Belə məlum olur ki, Azərbaycanda səhərdən-axşamacan söyülən Qərb ermənipərəst deyil də, Azərbaycanpərəstdir. Onlar Paşinyana təzyiq ediblər, ciddi təsir göstəriblər, erməni baş nazirin sırf Azərbaycan mövqeyindən çıxış edərək ölkəmizin ərazi bütövlüyünün tanınmasında mühim rol oynayıblar. Paşinyan da məcbur qalıb Qarabağın Azərbaycan torpağı olduğunu bəyan edib imzalamaqla, Rusiyanın oyununu pozub. Yaxşı, bəs niyə bizdə, yəni media məkanında, publik siyasətdə bu işə mane olmağa, münaqişəni yaradan və “diri” tutmağa çalışan Rusiya deyil də, ərazi bütövlüyümüzü tanıyan Paşinyan, onu bu addıma məcbur edən Qərb tənqid edilir, aşağılanır?! Məntiq varmı burda?!”
N.Cəfərli vurğulayıb ki, bu gün Brüsseldə baş tutacaq görüşdən öncə ABŞ-dən, Aİ-dən Azərbaycan Prezidentinə gələn zənglər ölkəmizin bölgədə açar dövlət olduğunu, bu sammitin Bakıya qarşı deyil də, Moskvaya qarşı olduğunu göstərmək üçündür, məmləkətimizin nüfuzunun göstəricisidir: “Kreml də israrla deyir ki, bu görüş onlara qarşıdır. Bu məsələdə haqlı narahatlıq ifadə etməyimiz doğrudur, amma çox da irəli getməyə ehtiyac yoxdur. Dəfələrlə dediyim məsələni bir daha təkrar edim: Rusiya-Ermənistan münasibətlərində biz tərəf olmayaq, yetər. Özləri bilər, çox yaxındılar, iç-işədilər, bir-birlərini sevsələr də, söysələr də özləri bilərlər. Yeri gəlmişkən, bu sammitə Fransan Prezidenti Emmanuel Makronun dəvət almaması da çox maraqlıdır. Mənə elə gəlir ki, Qərbdə Fransanın Rusiya ilə müxtəlif məsələlərdə birgə “oynamaq” istədiyini daha aydın görürlər, bunu bilirlər. Bölgəmizə sülh, əməkdaşlıq lazımdır. Bunun üçün bütün regional oyunçularla işləmək lazımdır, zatən yanımızda, arxamızda Türkiyə var. Bölgədə və dünyada, xüsusən də xarici siyasət və təhlükəsizlik məsələlərində birgə davranırıq. Bu, çox vacib ittifaqdır. Cənubi Qafqazın gələcəyini məhz bu ittifaq şəkilləndirəcək”.
Turan ORUC