Azərbaycan Memarlıq və İnşaat Universiteti məhkəməyə verilib.
Medianews.az-ın məlumatına görə, universiteti məhkəməyə verən şəxs Ramal Qurbanlı Şirvan oğludur.
R.Qurbanlı məhkəmədə universitet rəhbərliyi barəsində “Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr – Sair öhdəliklər üzrə mübahisələr”ə dair iddia qaldırıb.
İş Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Vahid Hacıyevin icraatındadır.
Bundan başqa, “Bakı Mühəndislik Universiteti” Publik Hüquqi Şəxsi də məhkəməyə verilib.
Məlumata görə, universitet rəhbərliyini məhkəməyə verən “Cybernetics” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktorudur.
“Cybernetics” MMC-nun rəhbərliyi “Bakı Mühəndislik Universiteti” barəsində “Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr – Sair öhdəliklər üzrə mübahisələr”ə dair iddia qaldırıb.
İş Sumqayıt Kommersiya Məhkəməsi nin hakimi Fərman Həmidlinin icraatındadır.
Qeyd edək ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən SABAH Magistratura layihəsi çərçivəsində Bakı Mühəndislik Universitetinin (BMU) “Kibertəhlükəsizlik” ixtisaslaşması üzrə yeni məzmunun yaradılması və tətbiqi məqsədi ilə qrant müsabiqəsinin qalibi “Cybernetics” MMC müəyyən edilib.
Layihə çərçivəsində tədris planının, sillabusların, dərs vəsaitlərinin, tədris, təcrübə və tədqiqat prosesi ilə bağlı qaydaların hazırlanması, kibertəhlükəsizlik laboratoriyasının yaradılması, eləcə də tədris prosesinə xarici müəllimlərin cəlb edilməsi nəzərdə tutulub. Tələbələrə tədqiqat qabiliyyətləri ilə yanaşı, əlavə bilik və bacarıqların qazandırılması üçün yerli və xarici ekspertlər tərəfindən təlim və seminarların təşkil olunması, həmçinin xaricdə təcrübə keçməsinin təmin edilməsi də layihədə yer alıb.