Azərbaycan və Ermənistan arasında delimitasiya problemlərinin həlli üçün qarşıda duran əsas məsələ işğal altındakı kəndlərimizin qaytarılmasıdır. Belə ki, hazırda Azərbaycanın səkkiz kəndi Ermənistanın işğalı altındadır. Bunlar Qazax rayonunun Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara, Xeyrimli, Sofulu, Bərxudarlı, Yuxarı Əskipara və Naxçıvanın Kərki kəndləridir. Bunlardan dördü – Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara və Xeyrimli kəndləri eksklav hesab olunur. Rəsmi Bakı Azərbaycanın işğal olunmuş kəndlərinin ilkin mərhələdə dördünün qeyd-şərtsiz qaytarılmasını tələb edir.
Əgər rəsmi İrəvan delimitasiya problemlərinin həllində maraqlıdırsa, nə üçün işğal altındakı kəndlərin qaytarılmasını yubadır? Ermənistan vaxt uzatmaqla nəyə nail olmaq istəyir? Ümumiyyətlə, bu proses həddindən artıq uzanarsa, Azərbaycan güc tətbiq etməklə sözügedən 8 kəndi geri qaytaracaqmı?
Mövzu ilə bağlı Medianews.az-a danışan politoloq Elçin Xalidbəyli bildirib ki, hazırda Ermənistanda cərəyan edən hadisələr və Nikol Paşinyan hakimiyyətinin açıqlamaları rəsmi İrəvanın kəndləri qaytarmağa razı olduğunu göstərir.
Onun sözlərinə görə, Ermənistan istəsə də, istəməsə də Azərbaycanın 8 kəndini geri qaytarmalı olacaq: “İndiki situasiyada Paşinyan hakimiyyətinə Ermənistan daxilində və xaricində bu addımı atmağa mane olan müəyyən siyasi dairələr var. Həmin radikal revanşist dairələr kəndlərin qaytarılmaması üçün əllərindən gələni edirlər. Bu yaxınlarda əlli nəfərə yaxın erməni terrorçunun həbs edilməsi və polis idarəsinə silahlı basqın təşkil edilməsi bu məqsədi açıq-aşkar sübut edir. Həmin terrorçular Azərbaycanın kəndlərinə müdafiə məqsədilə toplaşmaq niyyətində idilər”.
Politoloqun fikrincə, Rusiya bu məsələyə bir qədər qıcıqla yanaşır: “Kreml rəsmilərinin verdiyi açıqlamalardan belə qənaətə gəlmək olar ki, Rusiya XİN sözçüsü Mariya Zaxarova Ermənistanın kəndlərin qaytarma niyyətinə eyham vuraraq, bunu rəsmi İrəvanın qərblə yaxınlaşma nəticəsi kimin qələmə verməyə çalışmışdı. Eyni zamanda Fransada bəzi qərbyönümlü dairələr də Ermənistana təsir və müqavimət göstərməyə çalışırlar. Belə mövzuların həll edilməməsi Cənubi Qafqazda hərbi-siyasi gərginliyin yenidən artmasına səbəb olur. Əlbəttə, bu, Fransa başda olmaqla, regionda maraqları olan qərb siyasi dairələrin mənafelərinə uyğun gəlir. Son zamanlar Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın açıqlaması da bunu bariz şəkildə göstərir”.
E.Xalidbəyli hesab edir ki, Ermənistana Azərbaycanla heç bir məsələdə anlaşmamaq təlimatı verilib: “Paşinyan hakimiyyəti də bilir ki, rəsmi Bakı hətta hərbi güc üsulu ilə də olsa, Ermənistanın işğalı altında olan Azərbaycan kəndlərini qaytarmağa nail olacaq”.
Ayşən RƏHİM