İki gün öncə İrəvanın mərkəzindəki Azadlıq meydanında yüzlərlə insan Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edib. Aksiya “Miasin” siyasi hərəkatı tərəfindən təşkil edilib. Mitinqin təşkilatçılarından biri olan Ermənistanın keçmiş baş naziri Hrant Baqratyan bildirib ki, Paşinyan öz siyasətini davam etdirərək Türkiyəyə Amasiya bölgəsindən ərazi verəcək və Ermənistan Gürcüstanla sərhədi itirəcək. İrəvanda Paşinyan hökuməti əleyhinə aksiyaların keçirildiyi bir vaxtda erməni Apostol Kilsəsinin Şirak yeparxiyasının rəhbəri, arxiyepiskop Mikael Acapayan da maraqlı bəyanatla çıxış edib. O, təhlükəsizlik qüvvələrini Ermənistanda hərbi çevrilişə çağırıb.
Ermənistanda nə baş verir? Rusiya N.Paşinyanı devirmək üçün artıq düyməyə basıbmı? Bu aksiyalar və çağırışlar davamlı hal alarsa, Ermənistanda tezliklə hakimiyyət çevrilişinə səbəb ola bilərmi?
Mövzu ilə bağlı Medianews.az-a danışan politoloq Natiq Miri bildirib ki, bu cür hərəkətlənmənin arxasında Rusiya dayanır. Onun sözlərinə görə, rəsmi Moskva Ermənistanda birbaşa hərbi təxribatlar aparmaq niyyətində deyil: “Çünki, savaş üçün əsas yoxdur. Dövlətin öz təhlükəsizliyini qorumaq və müvafiq ölkələrlə əməkdaşlıq etmək hər bir ölkənin suveren hüquqlarıdır. Təbii ki, Rusiya buna görə Ermənistana qadağa qoya və hərbi müdaxilə edə bilməz. Rusiyanın ictimai etirazlar vasitəsilə, Nikol Paşinyan hökumətini devirməyə çalışması daha məntiqli yoldur. Erməni ictimaiyyəti də ortalığı qatmağa çalışan müxalif qüvvələrin fərqindədir. Ermənistanda Rusiya ovqatı əvvəlki səviyyədə deyil. Daha çox insan Qərbə inteqrasiyaya meyllidir. Xalq Ermənistanın inkişafını Rusiyada deyil, Avropada görür”.
Politoloq qeyd edib ki, müxalif qüvvələr martın 20-də Qarabağdan köçən 10 minlərlə erməninin mitinqə dəvətinin səbəbini onların “hüquqlarının” müdafiəsi kimi qələmə verib. N.Miri deyib ki, əslində onların məqsədi kütləviliyi təmin etməkdir: “Müxalifətin təşkil etdiyi mitinq iştirakçılarının sayı 2 min nəfəri ötmür. Belə olduğu halda, Paşinyan hakimiyyətini devirmək mümkün deyil. Fikir versək, Robert Köçəryan və Serj Sarkisyan kimi “Qarabağ klanı” liderlərinin kölgəyə çəkildiyini görə bilərik. Müxalifət qüvvələr Ermənistanın keçmiş baş naziri Hrant Bagratyanı prosesə cəlb etməklə, ictimai marağı daha da artırmaq istəyirlər. Çünki, “Qarabağ klanı”na nifrət ən yüksək səviyyədədir. Ermənilərə görə, Bagratyanın siyasətdə təcrübəli olması və korrupsiyaya bulaşmaması onu bu prosesdə önə çəkən məsələlərdir. Sabiq baş nazirin Rusiyaya meylli olması, “Qarabağ klanı” ilə oxşar siyasəti də onunla bağlı faktlardır. Çünki, vəziyyət fərqli olsa idi, Bagratyan ilk öncə öz xalqı üçün xilas yolu deyərdi. Bir sözlə, bu qüvvələr müəyyən populist çıxışlar və vədlərlə xalqı etiraza cəlb etmək istəyirlər. Lakin, hələlik kütləvilik görmürük”.
Vüqar MƏMMƏDOV