“Bloomberg” agentliyinin aylıq iqtisadi analitik hesabatında qeyd edilib ki, ABŞ-nin milli daxili məhsulu dinamik inkişaf mərhələsinə qədəm qoyub. ABŞ bu göstəriciyə görə Çini üstələyib. Bu o deməkdir ki, Vaşinqton Pekinlə iqtisadi və maliyyə rəqabətində önə çıxmağa başlayıb”.
Medianews.az xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.
O qeyd edib ki, ABŞ iqtisadiyyatının gücünü bir daha təsdiq etməsi Pekin və Moskva cütlüyü üçün pis xəbərdir: “Beynəlxalq Valyuta Fondu ABŞ-nin ötən il milli daxili məhsulunun 6.3 faiz artdığını qeydə alıb, Çində bu rəqəm isə 4.3 faizdir. Bununla ABŞ dünyanın bir nömrəli iqtisadi gücü olduğunu sübut edib. Çin lideri Tsi Cinpin Rusiya lideri Vladimir Putinlə birgə çoxqütblü dünya formalaşdırmağa çalışır. Ona görə də ABŞ iqtisadiyyatının gücünü bir daha təsdiq etməsi Pekin və Moskva cütlüyü üçün pis xəbərdir. 2018-ci ildən ABŞ-la Çin arasında ticarət müharibələri davam edir. Bir qrup ekspert bu mübarizəni kapitalizmlə kommunizm arasındakı qarşıdurma kimi qiymətləndirir, tərəflərdən heç biri məğlub olmaq istəmir. Bu arada, nüfuzlu “Wall Street Journal” dərgisində Çinin dünya ticarətinə yeni təhlükə yaratdığı barədə məqalə yayımlanıb. Çin ixrac etdiyi məhsulların həcmini artıracaq. Bunu yeni “Çin şoku” adlandırıblar. Bu yaxın tarixdə bir dəfə baş verib. Çin 1990-2000-ci illər arasında müxtəlif ölkələri ucuz məhsulları ilə “tanış” edib. Bu, Çinin Dünya Ticarət Təşkilatına üzv olmasından sonra baş verib. Bunun nəticəsində bəzi ölkələrdə yerli müəssisələr bağlanıb. Misal üçün ABŞ-də 1999-2011-ci illər arasında 2 milyon iş yeri itirilib. Çin məhsulları ucuz olduğundan rəqabət aparmaq çətin olub”.
Politoloq vurğulayıb ki, Çin yenidən ixracatı canlandırmaq qərarına gəlib: “Pekin bu yolla Çində artan inflyasiyanın və iqtisadi artımın zəifləməsinin qarşısını almağı hədəfləyib. Çin bu dəfə müxtəlif ölkələrə texnoloji məhsulların ixracatını artıracaq. Bu, Qərb ölkələri üçün yeni problemlər yaradacaq. Buna baxmayaraq, bir qrup iqtisadi ekspertin fikrincə, Pekinin ixracatı artırmaq qərarı Çin iqtisadiyyatını böhrandan çıxarmaya da bilər. Çin iqtisadiyyatı 40 il ərzində davamlı inkişaf tempi göstərib. Hazırda Çin inkişafın səngiməsi dövrünü yaşayır. Pekin illər boyu zavodların, hündürmərtəbəli binaların, yolların tikintisinə böyük yatırımlar həyata keçirib. Bunun sayəsində Çin kasıb dövlətdən inkişaf edən dövlətə çevrilib. Ancaq bu sadə model artıq işləmir, dövlətin daxili borcları artıb və bu vəziyyətdən çıxış imkanları hələ tapılmayıb”.
Turan ORUC