Avropa İttifaqının (Aİ) diplomatiya rəhbəri Jozep Borrel Ukrayna ilə bağlı Aİ-nin siyasətini bəlli etmək istəmədiklərini bildirib. Maraqlıdır, məgər bu siyasət bəlli deyil? Elədirsə, J.Borrel hansı məxfi siyasətdən danışır? Ümumiyyətlə, Rusiya-Ukrayna savaşı Aİ-ni gözlədiyi hədəflərə çatdırıbmı? Bu müharibə Avropanın gələcəyinə necə təsir edəcək?
Mövzu ilə bağlı Medianews.az-a danışan Beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli bildirib ki, Qərb tam olaraq Avropa mərkəzli baxışın təmsilçisidir.
Onun sözlərinə görə, J.Borrelin açıqlaması və transatlantik birliyi ideyasından bəhs etməsi ABŞ-nin şantaj olunması anlamına gəlir: “Jozep Borrelin mövqeyini əslində bilirik. Amma onun nəzərdə tutduğu mövqelərin açılmaması, əslində Rusiya ilə mübarizə və müharibə fonunda masaya əyləşmək üçün limitlərin tamamən tükədilməməsinin baxışlarını özündə əks etdirir. Diplomatiyada birmənalı qəbul olunmuş qayda var. Bütün proseslər tərsinə oxunmalıdır. Hansı dəstəkdən, bəlli olmayan siyasətdən söhbət gedə bilər ki, Ukraynanın əks hücumları ciddi məğlubiyyətə uğrayıb? 40-a yaxın ölkə bütün resurslarını səfərbər edib, lakin Rusiyanı çökdürə bilməyib. Bu ölkəyə qarşı 15-ci sanksiya paketi qəbul olunub. Amma Rusiyanın iqtisadi durumunda yenə də hər hansı ciddi dəyişiklik olmayıb”.
Ekspert vurğulayıb ki, tarixən müharibələr Avropanın sonunu gətirib: “Bu savaşlarda Qərblə Rusiya arasında bufer zonada qalan Avropa həmişə əzilib. Tarixdə baş vermiş belə proseslər çoxdur. Məsələn, 1815-ci ildə Vyana, 1919-cu il Versal, 1945-ci il Potsdamda Avropa bufer zona kimi əzilib. Bu gün də o missiya onların üzərində qalmaqdadır. Rusiya-Ukrayna müharibəsi Avropanın bu gün iki güc arasında yenidən bölüşdürülməsi siyasətidir. ABŞ Texasdakı proseslərdən sağ-salamat qurtulsa, Rusiya-Ukrayna müharibəsinin nəticəsi olaraq, Avropada, Qərb ölkələrində hərbi baxımdan təmsilçiliyini gücləndirəcək. Rusiya isə Şərqi Avropa ölkələrində möhkəmlənəcək. Hətta Ukrayna ilə yekunlaşmayan bir prosesin tərkib hissəsi kimi, Moldovanın da Rusiya tərəfindən işğalını biz müşahidə edə bilərik”.
Vüqar MƏMMƏDOV