“Azərbaycanda boşanma sayının artmasında əsas diqqət çəkən məqam insanların özlərini başqaları ilə müqayisəsidir. Problemin kökündə dayanan bu amildir. Yəni təsirə düşmək, sürü psixologiyası ilə hərəkət etməkdən qaynaqlanır bir çox məsələlər. Sosial şəbəkələrdə müasirlik, tanışlıqlar, xəyanətlər və sair kimi bir çox mövzular açıq şəkildə elan olunmaqla, ictimailəşdirilməklə, sanki azad insan obrazı nümayiş etdirilir. Bunu izləyən insanın da şüuru altında qeyri-ixtiyari olaraq özünü müqayisə düşüncəsi yaranır”.
Bu barədə Medianews.az-a açıqlamasında psixoloq Samirə Bağırova bildirib.
O qeyd edib ki, bu təsir altında olan insanlar özlərini ailə məsuliyyəti altında əzilmiş, heç bir işə yaramayan, ömrünü yalnız ailəyə, uşağın tərbiyəsinə sərf edən, evlilikdə özünü qurban rolunda görən biri kimi hiss edirlər: “Bu, həm qadınlara, həm də kişilərə aiddir. Sosial şəbəkədən izləyib aldığı emosiyaları, real həyatda qarşı tərəfdən ala bilmirlər. Bir-biriləri ilə söhbətləri alınmır, qarşılıqlı anlayış əldə edə bilmirlər. Halbuki evliliyə qədər hər şey qaydasında idi. Bu müqayisələr səbəbindən xırda detallara xüsusi diqqət edilir və mübahisələr başlanır. Halbuki ailə qurmaq özündən nələrisə fəda etməkdir”.
Psixoloq deyib ki, heç bir ailə və ya cütlük ekran arxasında göründüyü kimi deyil: “Ümumiyyətlə, sosial şəbəkə istifadəçiləri iki hissəyə bölünür. Birincilər işini, yaxud özünü reklam edənlər, pul qazananlardır. İkincilər isə özünü tənha hiss edənlər, depressiv, boşluq, bədbəxt duyğular yaşayanlardır. Bu kateqoriyaya aktiv bədbəxtləri aid etmək olar. Belələri müəyyən bir kütlə içində populyardırlar, amma iş-güc sahibi deyillər. Onların həyatda heç bir uğuru yoxdur. Belələrinin uğuru yalnız onları seyr edən kütlədir. Təbii ki, tənhadırlar, yaxud qısa, uzun sürməyən münasibətlər yaşayırlar, daim diqqətə ehtiyac duyurlar. Passiv bədbəxtlər isə izləyici qismində vaxt keçirənlər, əlavə hobbisi, dar maraq dairəsi olanlardır. Tamamlanmış və məşğuliyyətli bir insan sosial şəbəkədə yoxdur”.
S.Bağırova vurğulayıb ki, evlilik öncəsi nikah üçün müraciət edən gənclərə, yaxud boşanma qərarı verən şəxslərə, psixoloq mütəxəssislər tərəfindən hazırlanmış çox ciddi və düşündürən suallardan ibarət, test üslubunda kiçik bir broşür təqdim olunmalıdır: “Hətta bu test yerində doldurulduqdan sonra, bir nüsxəsinin nikaha, yaxud boşanmağa qədər ayrılan vaxt içərisində təkrar nəzər salınaraq düzəliş edilib aidiyyəti üzə təqdim olunması bəlkə müsbət nəticələnə bilər. Bunun köməyi ola bilər. Çünki, evlilik zamanı nikaha girən şəxslərə çox absurd, adi bir sual verilir “Evliliyə hazırsan?” Hər iki tərəf “Bəli” deyir və bununla məsələ bitir. Əgər adamlar evlilik geyimində dayanıbsa, artıq toy günüdürsə, məlumdur ki, “Bəli “ deyəcək və bununla iş bitmiş olacaq. Biz keçmişlə indiki zəmanəni eyniləşdirə bilmərik. Hər şey dəyişdiyi üçün yanaşmalar da dəyişməlidir”.
Psixoloqun qənaətincə, nikaha girən şəxslərə evliliyə dair, xüsusən də gələcəklə, ailə içində baş verə biləcək hadisələrlə, şəxsi duyğularla, həyat itkisi, yaxud fiziki məhdudiyyətli olma ehtimalları ilə bağlı suallar verilməlidir: “Belə suallar verilməlidir ki, insanlar bir az dərindən düşünə bilsinlər və hisslərində əminliyi anlaya bilsinlər. Eləcə də boşanma əsnasında bu yanaşma tətbiq olunmalıdır. Bşanan şəxsin boşandıqdan sonrakı həyatı ilə bağlı testi cavablaması, onun bir daha düşünməsinə zəmanət yarada bilər. Hətta nikahın pozulması mərhələsində evlilikdə cavablandırdıqları sənəd üslublu testi də tərəflərə təqdim etmək mümkün olar. Çünki ani qərarlar, təsirə düşmələr, prinsip kimi hisslər həm evlilik, həm də boşanma zamanı qaçılmazdır. İnformasiya çoxluğu içində olan insanlarda duyğusuzlaşma, soyuqluq, vecsizlik yaranır. Dövlət bununla bağlı müxtəlif metodları sınaqdan keçirməlidir. Amma gördüyünüz kimi, aidiyyəti üzrə olan təşkilatlar yalnız susurlar. Sadəcə boş-boşuna maaş alır, hər hansı bir təklif irəli sürmür, müvafiq qərar qəbul etmirlər. Sadəcə boşananların statistikanı açıqlayır, bununla da məsələni bitmiş sayırlar. Milli Məclisdə danışılanlar da, elə danışıq olaraq qalır. Qanuna minən təkliflər isə çox zaman faydasız olur. Əgər sürətli boşanmalarla bağlı tədbirlər görülmürsə, demək ki, bu məsələnin sərf edən, gəlir gətirən bir tərəfi var. Onsuz da kapitalizm cəmiyyətlərində yalnız kapital düşünülür, dəyərlər deyil”.
Lamiyə MİRZƏYEVA