Ənənəvi yola alternativ olaraq yaradılmış ödənişli Bakı-Quba-Rusiya Federasiyası sərhədi yolunda bir neçə gün bundan öncə 110 km/saat sürət həddi yol nişanı quraşdırılıb. Bundan öncə isə həm qovşaqlara dönən, həm də giriş-çıxış hissələrində 90 km/saat və 70 km/saat yol quraşdırılıb. Sürücülərin sürət rejiminə əməl etməsinə nəzarət olunması məqsədilə yaxın zamanda yolda xüsusi texniki vasitələrin quraşdırılacağı da qeyd olunub. Buna səbəb kimi ödənişli yolda ölüm və ağır xəsarətlə nəticələnən bir neçə yol qəzasının baş verməsi göstərilib.
Lakin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov ödənişli Bakı-Quba-Rusiya yolunda sürət həddinin olmadığını bildirib. O qeyd edib ki, həmin yollarda qoyulan 110 km/saatlıq sürət həddi nişanları sadəcə, xatırlatma məqsədi daşıyır.
Ödənişli yolda sürət həddinin müəyyən edilməsi, bu barədə sürət həddi yol nişanının quraşdırılması doğru qərardırmı? Əgər ödənişli yolda sürət həddi yoxdursa, sürət həddi yol nişanının quraşdırılması və bunun sadəcə xəbərdarlıq nişanı kimi qələmə verilməsi nə dərəcədə düzgündür?
Mövzu ilə bağlı Medianews.az-a danışan yol hərəkəti qaydaları üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov bildirib ki, hazırda qüvvədə olan qanuna görə, Azərbaycanın avtomobil yollarında sürət həddi saatda 110 km/saat müəyyən edilib. Ekspertin sözlərinə görə, avtomobil idarə edən sürücülər üçün bundan artıq sürət hələlik nəzərdə tutulmayıb: “AAYDA İdarə Heyətinin sədri Saleh Məmmədov da mediaya açıqlamasında bu məqamı xüsusi vurğulayıb. Əgər qanunla müəyyən edilmiş sürət həddi varsa, təbii olaraq sürücülər buna riayət etməlidirlər. Bu, ilk növbədə qanuna hörmət etmək deməkdir. Digər tərəfdən, bu, təhlükəsizlik qaydasıdır. Hər bir sürücü anlamalıdır ki, sürət həddi yüksək olan yolda o, tək deyil. Onun idarə etdiyi nəqliyyat vasitəsilə yanaşı, digər avtomobillər, o cümlədən yük maşınları da eyni yolda hərəkət edir. Gözlənilmədən istənilən avtomobildə texniki problem yarana, hansısa hadisə baş verə bilər. Ödənişli yolda işıqlandırma sistemi yoxdur və gecə yol işıqlandırılmır. Belə olan halda gecə vaxtı yola vəhşi heyvan çıxa, hərəkət zolağına uzaqdan yaxşı görünməyən hansısa yük düşə bilər. Bu və bunun kimi bir çox hadisələrə, təhlükələrə hazır olmaq üçün sürücü sürət həddini düzgün müəyyən etməli, sürət həddini pozmamalıdır”.
Hüquqşünas deyib ki, indiki sürət həddi ilə razılaşmayanlar varsa, o zaman qanunverici orqana öz təkliflərini təqdim edə, mövcud qanunun dəyişdirilməsinə təşəbbüs göstərə bilərlər: “Əgər kimsə hesab edirsə ki, Azərbaycanda avtomagistral var, yüksək səviyyədə texniki göstəricilərə malikdir, 110 km/saat sürət həddi bu yol üçün azdır, o zaman buyurub Milli Məclisdə təşəbbüs qaldırsın, “Yol hərəkəti haqqında” qanuna dəyişiklik edilməsinə nail olsun, daha fərqli sürət rejiminin tətbiq edilməsinə çalışsın. Amma hazırda qanunun tələbinə görə sürət həddi var və hamının borcu buna riayət etməkdir. Azərbaycanda sürücü hansı yolda hərəkət edirsə-etsin, sürət həddini aşmağa görə, qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. Hər bir ölkədə qaydalar, qanunlar, həmçinin avtomobil yollarında texniki vasitələr, o cümlədən radarların quraşdırılıb-quraşdırılmaması vətəndaşların şüuruna, təhlükəsizliklə bağlı təfəkkürünə hesablanaraq müəyyənləşdirilir”.
Lamiyə MİRZƏYEVA