Bu gün dünyada ixrac edilən taxılın təxminən üçdə biri Rusiya və Ukraynanın payına düşür.
2022-ci il fevralın 26- da Rusiyanın Ukraynaya hücumu qlobal problemlərin daha da dərinləşməsinə səbəb oldu.
Rusiyanın Ukraynanın bir çox şəhərlərini işğal etməsi, Qara dəniz vasitəsilə əsas taxıl ixracatçısı hesab edilən Ukraynadan dənizlə taxıl daşımalarının tamamilə dayanmasına səbəb oldu. Bu hal dünyada ərzaq qiymətlərinin bahalaşması ilə nəticələnməklə yanaşı, aşağı gəlirli ölkələrdə mümkün aclıq təhlükəsinin yaranmasına dair narahatlıqlara yol açdı. Rusiyanın Ukraynaya təcavüzünün də qismən təsir etdiyi ərzaq qiymətlərinin qlobal miqyasda kəskin bahalaşması prosesi səbəbindən 2022-ci ildə dünyada təxminən 47 milyon insanın kəskin aclıqdan əziyyət çəkdiyi təxmin edilirdi. Taxıl və yanacaq idxalından asılı olan Afrika, Asiya və Latın Amerikasında yerləşən inkişaf etməkdə olan ölkələr sözügedən müharibədən daha çox zərər görüb. Meydana gəlmiş problemi həll etmək üçün həmin ilin aprel ayında Qara dənizdə dəniz marşrutlarına nəzarət edən Türkiyənin ev sahibliyi və BMT-nin dəstəyi ilə müzakirələr başladı.
İyulun 22-də Türkiyə, Ukrayna və Rusiya nümayəndələri arasında Ukraynadan taxıl ixracına dair “Taxıl saziş”i imzalandı. Türkiyə Prezidenti Recep Tayyip Erdoğan və BMT Baş katibi Antonio Quterreşin iştirakı ilə imzalanan sazişə Türkiyə və Rusiya tərəfdən müdafiə nazirləri, Ukrayna tərəfdənsə infrastruktur naziri qol çəkib. Bu saziş Ukrayna taxılının, habelə Rusiyanın aqrar məhsullarının və gübrəsinin beynəlxalq bazara çatdırılması üçün nəzərdə tutulub. Razılaşma ilkin olaraq 120 gün müddətinə nəzərdə tutulsa da, sonradan bir neçə dəfə də uzadıldı. 2023-cü ilin may ayında müqavilə yenidən 17 iyul tarixinə qədər 60 gün müddətinə uzadıldı.
Qeyd edək ki, saziş imzalandığı gündən 2023-cü ilin may ayının ortalarına qədər Ukrayna limanlarından 950-dən çox gəmi vasitəsilə 40-dan artıq ölkəyə 30 milyon tondan çox taxıl və digər ərzaq məhsulları daşınması həyata keçirilib.
Tarixə “Taxıl sazişi” adı ilə düşən bu saziş 17 iyul tarixində faktiki olaraq dayandırıldı. Rusiya Prezident Aparatının mətbuat katibi Dimitri Peskov taxıl müqaviləsinin bu gündən başa çatdığını bəyan etdi. Mətbuat katibi qeyd etdi ki, Rusiya müqaviləyə yalnız onun şərtlərinin hər biri yerinə yetirildiyi təqdirdə qayıdacaq.
Məsələ ilə bağlı Medianews.az-a danışan beynəlxalq şərhçi Əsabəli Mustafayev bildirir ki,
“Taxıl sazişi”nə Rusiya tərəfindən xitam verilməsi iqtisadiyyatın digər sahələrinə öz təsirini o qədər də göstərməyəcək:
“Bu sazişin qüvvədən düşməsi dünyada ərzaq qıtlığına gətirib, çıxara bilər. “Taxıl sazişi” Afrika, Asiya və Latın Amerika ölkələrinin təminatı üçün nəzərdə tutulub. Bu müqavilənin qüvvədən düşməsi Avropa və digər ölkələrdə taxıl qıtlığına səbəb olmayacaq. Lakin bu ölkələrdə taxıl qıtlığı həddindən artıq nəzərə çarparsa, Avropa ölkələri öz taxıl ehtiyyatlarından adıçəkilən ölkələrə göndərməli olacaqlar. Bu zaman Qərbi Avropanın özündə taxıl qıtlığı yarana bilər. Bu da ümumi olaraq taxılın qiymətinin bahalaşmasına gətirib çıxara bilər. Taxıl qıtlığı Afrika və digər ölkələrdə ciddi təlatümlər yarada bilər. Bu da dünya ölkələrinə təsirsiz ötüşməyəcək. Əgər, taxıl qıtlığı öz həllini tapmasa, dünyada böyük problemlərə yol aça bilər”.
Ekspert hesab edir ki, Rusiya sonda bu müqavilə ilə razılaşmalı olacaq:
“Əks təqdirdə Rusiya regionda öz nüfuzunu itirmiş olacaq. Çünki dünya ölkələri, xüsusi ilə Afrika ölkələri ərzaq qıtlığında Rusiyanı günahlandıracaq. Qərb bundan istifadə edərək Rusiyaya qarşı istifadə edəcək. Təsadüfi deyil ki, “Taxıl sazişi”nin ləğvindən sonra Putin Cənubi Afrika ölkəsinin prezidentinə zəng edərək onlarda təqsirin olmadığını qeyd edib. Əsas təqsirin qarşı tərəfdə olduğunu bildirib. Görünür ki, Putin bu məsələdə narahatdır. İnanmıram ki, Putin bu kartla uzun müddət oynaya bilsin”.
İqtisadçı Fərid Mehralızadə isə qeyd edir ki,”Taxıl sazişi” nə Rusiya tərəfdən xitam verilməsi dünya bazarlarında taxıl qiymətlərinin artmasına yol açacaq:
“Nəzərə almaq lazımdır ki, Ukrayna qlobal taxıl bazarında ən çox paya sahib olan ölkələrdən biridir. Məncə, bu qərar Azərbaycan üçün taxıl qıtlığından daha çox qiymətlərin artması baxımından təsir edə bilər. Çünki Azərbaycanın taxıl idxalında Ukrayna paya sahib deyil. Azərbaycan daha çox Rusiya və Qazaxıstandan taxıl alır. Bu baxımdan, taxılla təminatda problem olmasa da, qiymətlərin yüksəlməsi qaçılmazdır. Nəzərə almaq lazımdır ki, biz ərzaqlıq buğda ilə özümüzü cəmi 25 faiz təmin edə bilirik. İdxaldan bu qədər asılılıq bu tip qərarların Azərbaycanda qiymətlərə daha çox təsirinə yol açır”.
İqtisadçı Pərviz Heydərovun sözlərinə görə, “Taxıl müqaviləsi” nin müddətinin dayandırılması hələlik öz sözünü deməsə də, payızın ortaları və üzü qışa doğru təsirini göstərəcək:
” Real olaraq taxıl biçini dövrü hələ tam yekunlaşmayıb. Dünya bazarlarında ümumiyyətlə, təklifin bol vaxtıdır. Odur ki, hələ qiymətlər ajiotaj yaratmır. Payızda və qış aylarında taxıla tələbat artır. Təklif zəifləyir. Ona görə böhran özünü qarşıdaki aylarda göstərə bilər. Ölkəmizə gəldikdə isə, bizdə vəziyyət qənaətbəxşdir. Biçin dövrü demək olar yekunlaşıb. Lakin nə qədər məhsul tədarük etdiyimiz məlum deyil. Bununla belə, qiymətlərdə bir müddət stabillik gözlənilir. Ölkəmizdə böhran yaranarsa, bu, özünü payızın ortaları və üzü qışa doğru götərəcək. Lakin hökumətimizin qabaqlayıcı tədbirləri hesabına güman edirəm ki, qiymətlər sabit saxlanacaq”.
Mehin Mehmanqızı
Medianews.az
Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” mövzusunda hazırlanıb.