Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Milli Məclisin deputatı Fazil Mustafa dünən axşam saatlarında silahlı hücuma məruz qalıb. Hadisə terror aktı kimi qiymətləndirilib.
Bu hadisə gündəmə belə bir mövzu gətirir ki, deputatlar dövlət tərəfindən mühafizə ilə təmin olunmalıdırmı?
Mövzu ilə bağlı Medianews.az – a danışan Milli Məclisin deputatı, politoloq Elman Nəsirov bildirir ki,heç bir deputat bu məsələdən sığortalanmayıb:
“Mart ayının 28 – i Azərbaycan Respublikası Milli Məclisin deputatı Fazil Mustafaya qarşı yönəlmiş cinayət Dövlət Təhlükəsizlik Xidmətinin bəyanatında terror aktı kimi qiymətləndirilib. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 277 – ci və 228 – ci maddələri üzrə iş açılıb. Əsas məsələlərdən biri də odur ki, hər bir deputatın başına bu anoloji hadisə gələ bilər. Belə olan vəziyyətdə deputatların təhlükəsizlik məsələləri sosial şəbəkələrdə ciddi müzakirə predimentinə çevrilib.
Əvvəla onu qeyd edim ki, “Azərbaycan Respublikası Milli Məclisi deputatların statusu haqqında” qanuna görə deputatlara silah verilməsi qanunda öz əksini tapıb. Yəni Milli Məclisin deputatlarının silah gəzdirməsi qanunla müəyyən edilib”.
Elman Nəsirov qeyd edib ki, sadəcə burda digər motivlər əsas götürülür:
“Deputat millətin səs verib seçdiyi, xalqın sevdiyi şəxsdir. Belə olduğu təqdirdə deputat niyə özünü qorumalıdır?, Niyə silah gəzdirməlidir? kimi suallar ortaya çıxır. Ona görə də buna əlavə lüzum olmayıb. Baxmayaraq ki, qanunda deputatın silah gəzdirməyi qeyd olunub. Amma bu imkanlardan istifadə etməyiblər. İndi ki, vəziyyətdə bu məsələnin müzakirəsi başa düşüləndir. Mənə elə gəlir ki, bu cinayətin üstü açıldıqdan sonra bu məsələyə qayıdış yenidən gündəmə gələ bilər. Mənim fikrimcə, hazırda buna ehtiyac yoxdur. Ancaq cinayətin açılması fonunda və əldə edilmiş məlumatlar əsasında bu istiqamətdə hər hansı bir dəyişikliyin olması istisna deyil”.
Məsələ ilə bağlı vəkil Əsabəli Mustafayev bildirir ki, deputatların,vəzifəli şəxslərin beynəlxalq aləmdə mühafizəsi müxtəlif formada olur: “Terror aktları tez- tez baş verən ölkələrdə,deputatlar dövlət tərəfindən mühafizə edilir. Terror aktı olmayan dövlətlərdə isə deputatların mühafizəsinə ehtiyac olmur.
Ya da deputatların silah gəzdirməsinə icazə verilir və yaxud da buna ehtiyac olmur. Azərbaycan terror aktlarının az olduğu ölkələrdəndir. Buna görə də hesab edirəm ki, hər deputatın dövlət tərəfindən mühafizə ilə təşkil olunmasına və bu qədər vəsait qoyulmasına ehtiyac yoxdur.Belə olan halda, xidməti silahın verilməsi daha məqsədəuyğundur. Hansı deputat təhlükəsizlik baxımından silahla təmin olunmasını istəyirsə ,onlara silahın verilməsi məqbuldur. Ən real variant da elə budur.
Amma bu terror təhlükəsini aradan götürmür. Əsas məsələ, terror dəstəsinin aradan götürülməsidir.
Cəmiyyət Fazil Mustafaya olan sui- qəsdi, birbaşa İranla bağlayır. Bu onu göstərir ki, əsas təhlükəni aradan götürmək lazımdır”.
Mehin Mehmanqızı
Medianews.az