Bakının əsas prospektlərində nəqliyyatın hərəkət sürəti endiriləcək.
Bu barədə Bakı Nəqliyyat Agentliyinin idarə heyətinin sədri Vüsal Kərimli məlumat verib.
Məsələ ilə bağlı Medianews.az-a danışan nəqliyyat eksperti İlqar Hüseynli bu qərarın doğru olduğunu hesab edir:
“Koroğlu metrosuna qədər olan ərazi istisna olmaqla, Heydər Əliyev prospektindən hava limanına qədər olan yolda sürət həddini əvvəlki qaydada saxlamaq olardı, çünki ora çoxzolaqlı yoldur. Həmçinin, hava şəraitinə uyğun olaraq həmin ərazidə sürət tənzimlənməsi aparılır. Digər prospektlərdə isə bu hədd lazımi qədər azaldılmayıb. O yollarda aparılan monitorinqlərə əsasən demək olar ki, həmin ərazilərdəki vəziyyət əvvəl nəzərdə tutulan sürət həddi ilə avtomobil idarə etməyə imkan vermirdi. Bu ona görədir ki, sözügedən ərazilərdə sıxlıq müşahidə edilir. Lakin belə zamanlarda bəzi sürücülər həmin haldan sui-istifadə edirdi. Hətta bəzən maksimal sürət həddinə istinad edərək, bu ərazidə həmin sürətlə hərəkət etməyin təhlükəli olmağını nəzərə almayaraq avtomobil idarə edilirdi. Bu da qəzaların baş verməsinə səbəb olurdu. Onu da qeyd etmək lazımdır ki, bu yollar paytaxtda ən çox qəza baş verən ərazi kimi hesab olunur. Buna səbəb də təbii ki, sürət həddinin həmin ərazilərdə yüksək olması ilə bağlı idi. Qərara gəlincə isə, düşünürəm ki, bu doğru addımdır”.
Ekspert onu da qeyd edir ki, bu qərar sıxlıq məsələsinə elə də təsir göstərməyəcək:
“Bir daha vurğulamaq istərdim ki, onsuz da həmin yollarda nəzərdə tutulan sürət həddi orada olan sıxlıq səbəbindən tətbiq edilə bilmirdi. Yəni bu ərazilərdə həmişə nəqliyyat sıxlığı müşahidə edilib”.
Aytac Şahin
Medianews.az