Bu gün Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olan 1990-cı il 20 Yanvar hadisələrindən artıq 33 il ötür. Nə dəyişən dövr, nə də aradan ötüb-keçən vaxt o dəhşətli gecənin ağrısını millətimizin yaddaşından silə bilər. Azadlıq uğrunda canlarını qurban verən həmvətənlərimizi hər il kiçikdən-böyüyə hamı ehtiramla yad edir. Xalqımız onların xatirəsini dərin hüznlə anır.
Gələcəyimizin əsas təməllərindən olan gənclərimiz də tariximizi, millətimizin başına gətirilən qanlı oyunları unutmur. Onlar kimin dost, kimin düşmən olduğunu tam mənasıyla dərk edir. Bu gün hər bir Azərbaycan gənci həmin hadisələri özü yaşamış kimi hiss edir.
Medianews.az-a danışan gənclərimiz qanlı və şanlı gecənin istiqlal fədailərini qürur və ehtiram hissi ilə xatırlayır.
Naxçıvan Dövlət Universitetinin Hüquq Fakültəsinin sonuncu kurs tələbəsi Azad Əliyev deyir ki, bu hadisə Sovet rejimi tərəfindən xalqımızın başına gətirilən bir müsibət idi:
“Ümumiyyətlə tarix boyu Azərbaycan çoxsaylı faciəli günlərə, soyqırımlara məruz qalmışdır. Qanlı yanvar da bu faciələrdən biri və elə demək olar ki, ən dəhşətlisidir. Həmin an hər nə qədər faciəli olsa da, bir o qədər şərəfli tarixdir xalqımızın qəhraman insanları rus tanklarının qarşısına əliyalın çıxaraq ölkəmizin müdafiəsinə qalxmışlar. Allah şəhidlərimizə rəhmət etsin”
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alan Səkinə Seyidəliyeva isə bildirir ki, ”20 Yanvar” faciəsi mənim üçün dərin, hüzn dolu hissləri özündə əks etdirir:
“Bu hadisə bütün Azərbaycan xalqının matəmidir. Günahsız xalqımın başına gələnləri düşündükcə sarsılır və çox kədərlənirəm.O hadisələri yaşamasam da təsvir edirəm, qəlbim sızıldayır. Biz bu ağrını və onu bizə yaşadan caniləri heç vaxt unutmamalı, qanlı yanvar hadisələrini yaddaşlardan silinməyə imkan verməməliyik”.
Bakı sakini Gülçin Əhmədova isə deyir ki, gələcək nəslin hər bir nümayəndəsi tarixi həqiqətləri bilməlidir:
“Bu gün şəhidlərimizi qürur və ehtiramla yad edirik. 20 Yanvar hadisələri xalqımıza qarşı törədilmiş cinayətdir. Gənclərimiz bir Azərbaycanlı olaraq, bu həqiqətləri həm dünyaya, həm də özündən sonra gələn nəsilə çatdırmalıdır. Bu dəhşətli hadisə təkcə faciə kimi yox, eyni zamanda uzun illər Sovet imperiyasının əsarətində yaşayan xalqımızın azadlıq səsini ucaltdığı şanlı bir tarix olaraq xatırlanır”.
Bakı Dövlət Universitetinin məzunu Fərid Abdullayev isə bu tarix haqqında belə düşünür:
“20 yanvar faciəsinin səbəbi Azərbaycan xalqının Sovet imperiyasının müstəmləkə siyasətinə qarşı apardığı mübarizəyə, xalqın azadlıq, demokratiya, müstəqillik savaşına verilən bir cəza idi. Lakin bu insanlarımızın gözünü qorxutmadı, əksinə millətimizin müstəqilliyə daha tez nail ola bilməsinə kömək etdi. 20 yanvar hadisələri azadlıq mübarizəsinin daha da güclənməsinə gətirib çıxardı. Nəticədə xalq ayağa qalxdı və istiqlal uğrunda mübarizə naminə birləşdi. O gecədə həlak olan şəhidlərimizi daim xatırlayacağıq. Nə qədər zaman keçsə də, bu yara ilk günkü kimi qalacaq. Allah şəhidlərimizə rəhmət eləsin”
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi Nərmin Aslanova 20 yanvar hadisələri barədə danışarkən qeyd edir ki, 20 yanvar faciəsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan xalqına qarşı totalitar kommunist rejiminin hərbi təcavüz və cinayəti kimi qiymətləndirilməlidir.
“Biz 20 Yanvar şəhidlərinin xatirəsini əziz tuturuq. Buna görə də hər il faciənin ildönümü izdihamlı ziyarətlərlə müşayiət edilir, xalq istiqlal fədailərinin məzarlarına faciənin simvoluna çevrilmiş al qərənfillər düzür, onları qürurla anır.Hər il yanvarın 20-də Bakı vaxtı ilə saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunur”.
Bakı Dövlət Universitetinin məzunu olan Arzu Rövşənli də qanlı yanvar gecəsində baş verən hadisələri azadlıq uğrunda gedən şanlı mübarizə hesab edir:
“20 Yanvar xalqımızın hüzn və şərəf günüdür. Millətimiz bu faciədə həlak olan vətən övladlarına matəm saxlamaqla bərabər, həm də onların şəhidlik zirvəsinə ucaldığına baxaraq başını dik tutmalıdır. 20 Yanvar faciəsinə bir günün ərzində baş verən hadisə kimi yanaşmaq olmaz. Bu xalqımızın imperiya əsarətindən qurtulub, azad yaşamaq uğrunda apardığı mübarizənin timsalında baş verən müsibətdir.
Gənc müxbir İsmayıl Camalov isə vurğulayır ki, bu mübarizə uğrunda canından keçən insanlar bizə azadlıq adlı böyük bir miras buraxıb getdilər:
“20 yanvar bir növ Azərbaycan xalqının oyanış simvoludur. Azərbaycan bu günlə öz gələcəyinin təməlini qoydu. İndi də biz o günün nəticələrini görürük. Bu tarix Azərbaycan xalqının qan yaddaşı ilə yanaşı həm də qürur abidəsidir. Çünki 20 yanvar xalqın vətəninə sahib çıxdığı gündür”.
Gənc nəslin bildirdiyi fikirlərə əsasən demək olar ki, onlar həmin tarixdə var olmasalar belə, bu anları özləri yaşamış kimi yad etməklə bərabər həmin şanlı tarixin mənasını da dərk edirlər.
Aytac Şahin
Medianews.az