“Bu gün Ermənistan cəmiyyətini narahat edən ən mühüm problem “Qarabağ” məsələsi və Ermənistan – Azərbaycan münasibətləri ilə bağlıdır”.
Medianews.az xəbər verir ki, bu fikirləri Avrasiya Ekspert Klubunun koordinatoru Aram Səfəryan bildirib.
Soçi və Vaşinqtonda keçirilən görüşlərə toxunan Səfəryan bildirib ki, bu gün böyük geosiyasi güc mərkəzləri arasında Qarabağla bağlı rəqabət gedir və bu rəqabətin yaxşı və ya pis olduğunu, eləcə də milli maraqlarımıza uyğun olub- olmadığını anlamağa çalışmaq lazımdır.
“Hesab edirəm ki, Soçi sazişinə görə tərəflərin güc tətbiq etməməklə bağlı öhdəlik götürmələri sabitliyin qorunmasına vacib, ciddi və əvəzolunmaz bir töhfədir. Soçi bəyannaməsi bir daha sübut edir ki, Rusiyanın vasitəçiliyi ilə aparılan danışıqlar alternativsizdir. Əminliklə deyə bilərik ki, Rusiya bu münaqişənin həlli və bölgədə sülhün bərqərar olması üçün vasitəçilikdə imtiyazlı statusa malikdir”.
Səfəryan Qərbin rolundan danışarkən qeyd edib ki, rəqabət göz qabağındadır, lakin bu, Ermənistan üçün təhlükəli deyil, əksinə, xarici siyasətimizin konsepsiyasını tamamlayır.
“Bəli, vasitəçi tərəflərin öz aralarında rəqabəti var, onların məqsədi Cənubi Qafqazda öz rollarını gücləndirməkdir. Amma əgər biz bu güc mərkəzlərinin səylərindən istifadə etməsək, bu konsepsiyanı necə irəli apara bilərik? Biz həm də başa düşürük ki, Fransa nə qədər güclü olsa da, Türkiyə-Azərbaycan tandeminə təkbaşına müqavimət göstərə bilməz”, – deyə Aram Səfəryan bildirir.
O əlavə edib ki, Ermənistanda başa düşməlidirlər ki, yalnız Rusiya tərəflərə təsir etməkdə ən mühüm rola malikdir.
Zəfər