Bakı Slavyan Universiteti nəzdində məktəb-lisey kompleksində 8 noyabr – Zəfər gününə həsr olunmuş tədbir keçirilib.
Medianews.az bildirir ki, öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Vətən müharibəsində canından keçən şəhid oğullarımızın xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Tədbiri BSU MLK-nın direktoru İlahə Carçıyeva açıq elan edib. Direktor tədbir iştirakçıları və qonaqları salamlayaraq Zəfər günü münasibətilə hər kəsi təbrik edib və tədbirdə qonaq qismində iştirak edən şəhid ailələri və qaziləri təqdim edib.
Çıxışı zamanı bildirib ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 30 ilə yaxındır davam edən işğala cəmi 44 günə son qoydu, düşməni əzəli torpaqlarımızdan qovdu. Bütün dünya bir daha Azərbaycan xalqının əzmininin, qəhrəmanlığının şahidi oldu. Tarixi qələbədə şəhidlərimizin, qazilərimiz müstəsna xidmətləri var.
Direktorun çıxışından sonra şəhid və qazilərimizə həsr olunmuş videoçarx nümayiş olunub. Tədbir zamanı Vətən Müharibəsi iştirakçısı Məmmədov Arzu çıxışında 44 günlük döyüşlərlə bağlı təəssüratlarını bölüşüb. Qələbəmizin əldə olunmasında dəmir yumruğun əhəmiyyətini xüsusi vurğulayıb. O qeyd edib ki, sentyabrın 27-dən başlayaraq 44 gün davam edən və işğal olunmuş ərazilərimizin azad olunması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrilib.
Çıxışlar zamanı məktəblilərin ifasında müxtəlif səhnəciklər nümayiş olunub. Tədbirin sonunda qazilərə məktəb kollektivi adından xatirə hədiyyələri təqdim olunub.
Nəzrin Vüsal
Medianews.az