Türkiyə və Qazaxıstan idmançıları arasında yaşanan gərginlik Antalyada keçirilən 43-cü Dünya Qol Güləşi Çempionatına damğasını vurub.
Medianews.az xəbər verir ki, dünya çempionu olan türkiyəli idmançı Derya Ceren Çağlayan mükafatlandırma mərasimində ondan əvvəl fəxri kürsüyə qalxaraq, öz ölkələrinin bayrağını açan Qazaxıstan idmançılarının xoşagəlməz hərəkətinə Türkiyə bayrağı ilə cavab verib.
Həmin anlar anbaan kameralara əks olunarkən, Qol Güləşi üzrə Qazaxıstan Milli komandasının məşqçisi Marat Asainov hadisədən sonra üzr istəyib.
Türkiyə bayrağını örtməyə çalışan qazaxlı idmançıların davranışının qarşısını alan Derya Ceren Çağlayanın həmin hərəkəti mükafatlandırma mərasimində geniş müzakirələrə yol açıb.
Qazaxıstan Milli Qol Güləşi komandasının məşqçisi Marat Asainov mövzu ilə bağlı açıqlamasında bunları deyib: “Biz artıq məşqçilər və qızlarla bu məsələni müzakirə etmişik. Bu, təbii ki, bir daha təkrarlanmayacaq. Bu hadisəyə görə hamıdan və təbii ki, bütün dünyada olan idmansevərlərdən üzr istəyirik”.
Medianews.az