“Praqa bəyanatını müəyyən mənada, həm də Azərbaycan və Ermənistan arasında ilkin sülh sazişinin imzalanması kimi də dəyərləndirmək mümkündür”.
Bu fikirləri siyasi şərhçi Elçin Xalidbəyli Medianews.az saytına açıqlaması zamanı bildirib.
Onun sözlərinə görə, yekun sülh sazişinin imzalanması mövcud problemlərin hamısının həll edilməsi anlamı da daşımır.
Çünki, bundan sonra rəsmi Bakını Xankəndi və ətraf bölgənin Azərbaycana inteqrasiya etdirilməsi kimi önəmli hədəf gözləyir:
“Praqa görüşündən sonra Azərbaycan və Ermənistan arasında sülh prosesi nəhayət ki, durğunluq dövründən çıxdı, hərəkətə gətirildi. Praqada imzalanmış bəyanat Azərbaycan və Ermənistanın qarşılıqlı olaraq, bir-birinin ərazi bütövlüyünü tanıdıqlarını ifadə edir. Əsasən də BMT Nizamnaməsinə istinad edilməklə, təminat altına alınır. Və bu, rəsmi Bakının böyük siyasi-diplomatik uğuru hesab oluna bilər.
Praqa bəyanatını müəyyən mənada, həm də Azərbaycan və Ermənistan arasında ilkin sülh sazişinin imzalanması kimi də dəyərləndirmək mümkündür. Ancaq hələlik Azərbaycan və Ermənistan arasında ərazi bütövlüyünün tanınması barədə ikitərəfli müqavilənin olmadığını da nəzərdən qaçırtmaq olmaz. Bu məsələ Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanacağı təqdirdə, birdəfəlik həll oluna bilər. Ona görə də, böyük ehtimalla yaxın aylarda Ermənistan nə qədər yayınmağa çalışsa da, rəsmi Bakı məhz yekun sülh sazişinin imzalanması prosesini sürətləndirməyə üstünlük verəcək. Avropa Birliyinin də Cənubi Qafqazda sülh və sabitliyin olmasına maraq göstərməsi rəsmi Bakının bu məsələdə əlini bir qədər də möhkəmləndirir. Çünki, Avropa Birliyi üçün Cənubi Qafqazin iqtisadi-ticari və nəqliyyat-kommunikasiya potensialı olduqca cəlbedicidir. Ukrayna savaşından sonra bu, Avropa məkanı üçün daha da böyük əhəmiyyət daşımağa başlayıb.
Bu səbəbdən də, Avropa Birliyinin Azərbaycanla yekun sülh sazişinin imzalanması məqsədilə Ermənistana təzyiq göstərəcəyi qətiyyən istisna deyil. Hətta Ermənistanın baş naziri Nikol Paşinyan bir müddət öncə Qərbin ondan yekun sülh sazişini dərhal imzalamağı tələb etdiyini açıq şəkildə etiraf etmişdi.
Ona görə də, böyük ehtimalla yaxın iki ay ərzində yekun sülh sazişinin imzalanması reallığa çevrilə bilər. Bu, rəsmi Bakı üçün hazırda əsas prioritet hədəfdir. Çünki, bu halda, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları həmişəlik sona çatmış olacaq.
Bununla yanaşı, yekun sülh sazişinin imzalanması mövcud problemlərin hamısının həll edilməsi anlamı da daşımır. Çünki, bundan sonra rəsmi Bakını Xankəndi və ətraf bölgənin Azərbaycana inteqrasiya etdirilməsi kimi önəmli hədəf gözləyir. Eyni zamanda, rəsmi Bakı Zəngəzur dəhlizinin açılmasında israrlı mövqe tutur. Yəni, bu istiqamətdə də gərgin fəaliyyətə, xüsusilə də, müxtəlif vasitələrlə Ermənistana təzyiqlər göstərmək lazım gələcək.
Digər tərəfdən, yekun sülh sazişinin imzalanmasından sonra Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiya prosesi daha çox ön plana keçiriləcək. Bu məsələdə də, ağır və gərgin prosesin qaçılmaz olacağını ehtimal etmək mümkündür. Yəni, qarşıda hələ Azərbaycanın reallaşdırılması olduqca vacib olan bir çox önəmli hədəfləri mövcuddur”.
Ayşən Azadova
Medianews.az