Çilidə “Deportivo Real 1 de Mayo” və “Salvador Quezada” futbol komandaları arasında keçirilən həvəskarlar liqa matçında hakim Luis Çaves bir oyunçuya qırmızı vərəqə göstərdikdən sonra döyülüb.
Medianews.az xəbər verir ki, “Deportivo Real 1 de Mayo”nun futbolçuları tərəfindən döyülən hakim uçurumdan atılıb.
Baş hakimin xəstəxanaya aparıldığı, vəziyyətinin müşahidə altında olduğu açıqlanıb.
Avqustun 20-də Çilinin şimalında, Antofaqastada “Deportivo Real 1 de Mayo” və “Salvador Kezada” futbol komandaları arasında keçirilən həvəskarlar liqası matçında hakim Luis Çaves qırmızı vərəqə göstərdikdən sonra “Deportivo Real 1 de Mayo”nun bəzi oyunçuları tərəfindən fiziki hücuma məruz qalıb. Bildirilib ki, futbolçular hakimi təpik, yumruq və çubuqlarla vurub, daha sonra onu meydançanın yaxınlığındakı qayadan atıblar.
Hücumda xəsarət alan hakimin köməyinə digər hakimlər və bəzi futbolçular qaçarkən, meydanda olan həkim briqadaları hakimi təcili yardım maşını ilə xəstəxanaya aparıblar. Hadisə nəticəsində futbol matçı ləğv edilib, təhlükəsizlik qüvvələri hakimin ona hücum edən futbolçulardan şikayət etdiyini bildirib.
Hadisələrlə bağlı Çili İdman Nazirliyinin Antofaqasta nümayəndəsi Dieqo Roxas Reyes Ədliyyə və İnsan Hüquqları Nazirliyinin nümayəndələri və yerli futbol klubu rəsmiləri ilə görüş keçirib. Görüşdən sonra açıqlama verən Dieqo Rojas Reyes futbol meydanlarında zorakılığa dözməyəcəklərini vurğulayaraq, hadisə ilə bağlı bir sıra tədbirlər planı qurduqlarını və bu səbəbdən də hakimlərin gələn həftə matçı idarə etməyəcəklərini bildirib.
Nazirlik nümayəndələri hadisələrdə əli olan şəxslərlə bağlı araşdırmalara başlanıldığını və xəsarət alan hakimə lazımi hüquqi dəstəyin göstəriləcəyini bildiriblər.
Deportivo Real 1 de Mayo klub prezidenti də hadisədə iştirak edən 2 futbolçunun komandadan qovulacağını açıqlayıb.
Medianews.az