Rusiya prezidenti Vladimir Putin ABŞ və Qərb dövlətləri tərəfindən Ukraynaya daha çox uzaqmənzilli raketlərin tədarük ediləcəyi təqdirdə Rusiyanın daha sərt davranacağını deyib.
Medianews.az xəbər verir ki, Putin ABŞ-ın Ukraynaya uzaqmənzilli raketlər tədarük edəcəyi təqdirdə, onların indiyədək vurmadıqları yerləri vuracağını bildirib.
ABŞ-ın və Qərb ölkələrinin Ukraynaya uzaqmənzilli raketlər verməməsi ilə bağlı xəbərdarlıq edən Putin bunları deyib: “Qərb silahları tədarük etməyə davam edərsə, Ukraynanı daha sərt vuracağıq.Biz onlara hücum edəcəyik, hələ vurmadığımız hədəflər var”.
Qeyd edək ki, ABŞ prezidenti Co Bayden Rusiya ilə müharibədə istifadə etmək üçün Ukraynaya qabaqcıl raket sistemləri göndərmək qərarına gəldiyini açıqlayıb.
ABŞ-ın Ukraynaya verdiyi silahlarla bu ölkənin əlini danışıqlar masasında da gücləndirməyi hədəflədiyini qeyd edən Bayden, “Ukraynaya hədəfləri vura biləcək inkişaf etmiş raket sistemləri və sursatlar verməyə qərar verdim”, –deyə açıqlamışdı.
Rusiyaya qarşı sanksiyaları artırmaq üçün digər ölkələrlə işləməyə davam edəcəklərini vurğulayan Bayden, ABŞ-ın Ukraynaya Javelin tank əleyhinə raketləri, Stinger zenit raketləri, radar sistemləri, PUA və Mi-17 helikopterləri kimi qabaqcıl silahları göndərməyə davam edəcəyini qeyd edib.
Medianews.az