“Ermənistanda keçirilən kütləvi etiraz aksiyaları ABŞ və Qərbin Rusiya ilə Cənubi uğrunda mübarizəsinin nəticəsidir”.
Bu fikirləri siyasi şərhçi Elçin Xalidbəyli Medianews.az saytına açıqlaması zamanı bildirib. Onun sözlərinə görə, ABŞ və Qərb Ermənistanın Azərbaycan ilə sülh sazişi imzalamasını istəyir. Çünki bu halda, Rusiyanın Cənubi Qafqazda hegemonluq mexanizmləri ciddi şəkildə zəifləmiş olacaq.
“Daha sonra isə Rusiya Cənubi Qafqazdan sıxışdırılıb, çıxarılmaq təhlükəsi ilə üzləşəcək.
Onu da qeyd etmək lazımdır ki, ABŞ və Qərbin Brüssel görüşlərini təşkil etməklə, Rusiyanı Azərbaycan və Ermənistan arasında sülh sazişinin hazırlanması prosesində oyundan kənar vəziyyətə salmağa çalışmasının əsas səbəbi də məhz bununla bağlıdır. Hazırda ABŞ Azərbaycana və Ermənistana Rusiyanın iştirakı olmadan birbaşa ikitərəfli təmaslar ilə problemləri müzakirə etməyi tövsiyyə edir. Və bu, Rusiyanın Cənubi Qafqazdakı maraqlarına sarsıdıcı zərbə vura bilər.
Təbii ki, bu səbəbdən də Rusiya Brüssel anlaşmalarını pozmağa cəhd göstərir. Hazırda Kremlin əsas hədəfi Ermənistanda Rusiyaya bağlı olan, cinayətkar Köçəryan-Sarkisyan cütlüyünün rəhbərlik etdiyi revanşist Qarabağ klanını üzərindən Paşinyan hakimiyyətinə qarşı kütləvi iğtişaşların törədilməsinə nail olmaqdır. Rusiya hazırda revanşist Qarabağ klanını Paşinyan hakimiyyətinin devrilməsi məqsədilə hərəkətə gətirib”.
Siyasi şərhçinin sözlərinə görə, müşahidələr göstərir ki, hələlik Rusiyanın Ermənistandakı “beşinci kalonu” olan revanşist Qarabağ klanı çevriliş planını reallaşdırmaqda çətinlik çəkir.
“Ermənistan əhalisi onilliklər boyu ölkənin sərvətlərini mənimsəmiş Qarabağ klanının arxasınca getməyə o qədər də ciddi həvəs göstərmir.
Ona görə də, hesab etmək olar ki, Rusiyanın Ermənistanda çevriliş planı iflasa uğraya bilər. Son günlər revanşistlərin etiraz aksiyalarında kütləviliyin zəifləməsi də bunu təsdiqləyir.
Digər tərəfdən, ABŞ da Paşinyan hakimiyyətinə ciddi şəkildə dəstək verir. Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın ABŞ-a dəvət olunması da məhz ABŞ-ın Rusiyaya və erməni revanşistlərə xəbərdarlıq mesajı idi.
Böyük ehtimalla yaxın günlərdə Paşinyan hakimiyyətinə qarşı kütləvi etiraz aksiyaları daha da zəifləyəcək. Paşinyan hakimiyyəti artıq revanşistlərə qarşı sərt müdaxiləyə və kütləvi həbslərə də başlayıb. Ona görə də, revanşistlərin Paşinyan hakimiyyətini devirə biləcəkləri artıq o qədər də inandırıcı görünmür. Əksinə, Paşinyan hakimiyyətinin bundan sonra kütləvi etiraz aksiyalarını yatıracağı və revanşist Qarabağ klanını tamamilə siyasi səhnədən siləcəyi daha inandırıcı təsir bağışlayır”.
Leyla
Medianews.az