Vətən müharibəsi gedişatında, həmçinin, sonrakı dönəmdə Azərbaycanın addımları beynəlxalq aləmdə və qlobal hüquqi platformalarda müzakirə olunur. Burada ölkənin hərbi uğurları və “21-ci əsrin müharibəsi necə olmalıdır?” nümunəsi ilə yanaşı, ölkəmizə qarşı kampaniyalar da özünə yer tapır.
“Qafqazinfo”nun məlumatına görə, savaş meydanında məğlub olan Ermənistan isə yerdə qalan gücünü, enerjisini beynəlxalq təşkilatlara xərcləyir. Son aylar erməni lobbisi “erməni irsinin dağıdılması”, “Qarabağda ekoloji fəlakət” və s. haqda qondarma ittihamlarla Avropa Parlamentini, Avropa paytaxtlarını dolaşır. Nəticədə Ermənistan Azərbaycan əleyhinə qətnamələrə nail olur, xarici mətbuatda ölkəmiz əleyhinə sifarişli yazılar dərc etdirir. Qarayaxma kampaniyalarına isə adətən hökumət cavab verməli olur.
Belə halda sual ortaya çıxır: Azərbaycan səfirlikləri orada nə işlə məşğuldurlar?
Azərbaycanın xaricdə haqqını qorumaq, vətəni müdafiə etmək, dövlətin mövqeyi uğrunda mübarizə aparmaq diaspor təşkilatlarının və diplomatik korpus nümayəndələrinin üzərindədir. Amma nə Vətən müharibəsi dövründə, nə ondan əvvəl, nə də ondan sonra səfirlər, konsullar beynəlxalq aləmdə təsirli addımlar atıblar. Bu qurumlar və onlara rəhbərlik edən şəxslər varlığı ilə yoxluğu hiss olunmayan fəaliyyətlə məşğuldurlar. Belə təsəvvür yaranır ki, səfirliklər il boyu – həm olduqları ölkənin bayramları, həm Azərbaycanın bayramları vaxtı – tətildədirlər. Həm Miladda tətil edirlər, həm Novruzda…
Vətən müharibəsi dövründə də Azərbaycan həqiqətlərini dünyaya çatdıra bilməyən, olduğu ölkədə öz ölkəsi haqda 2 cümləlik müsahibə verməyən, yaxud verə bilməyən səfirlər ancaq Bakıdan həyata keçirilən proseslərin kölgəsində gizlənməyi yaxşı bacarırdılar. Səfirliklərin işi-gücü ölkədə Azərbaycan haqda çıxan xəbərləri toplayıb öz məhsulu kimi təqdim etməkdir. Halbuki bu xəbərlərin çoxunun səfirliklərə heç aidiyyəti də yoxdur.
Müharibə zamanı Prezident İlham Əliyev onlarla xarici media orqanına müsahibələr verərək Azərbaycana qarşı qara piar kampaniyaları ilə mübarizə aparırdı. Səfirlər və diplomatik korpus nümayənləri də Prezidentin xarici siyasətinə arxalanıb varlıqlarını davam etdirə bilirlər.
Ölkə başçısı 2020-ci ildə yeni təyin edilən xarici işlər naziri Ceyhun Bayramovu qəbul edərkən də bu məsələyə toxunmuşdu. İlham Əliyev qeyd etmişdi ki, Azərbaycanın xarici nümayəndəliklərində görülən işlər ciddi təhlil olunmalıdır: “Bəzi hallarda bizim səfirliklərimizdə çalışan insanlar öz işinə laqeyd yanaşırlar, passiv olurlar, ölkəmizin maraqlarını lazımi səviyyədə müdafiə və təmin edə bilmirlər. Ölkəmiz haqqında reallıqları geniş ictimaiyyətə çatdıra bilmirlər, ya da ki, bunu etmək istəmirlər. Vaxtaşırı Azərbaycana qarşı ünvanlanan şər-böhtan xarakterli iradlara lazımi cavab verə bilmirlər, ya da ki, bunu etmək istəmirlər”.
Dövlət başçısı bildirmişdi ki, özü müdaxilə etməsə, səfirliklər ölkə əleyhinə aparılan təzyiq kampaniyalarına reaksiya vermirlər: “Azərbaycan haqqında bəzi hallarda gedən yanlış məlumata dərhal adekvat reaksiya verilməlidir, formal yox. Ölkəmiz haqqında qəsdən uydurulan, heç bir əsası olmayan şayiələr əgər mən müdaxilə etməsəm təkzib olunmur. Ya bu işlə məşğul olmaq istəmirlər, ya başqa göstərişlər alırlar.
Bizim xaricdə fəaliyyət göstərən diplomatik nümayəndəliklər bu məsələyə diqqət yetirirlər? Deyə bilərəm ki, yox. Baş qoşmaq, heç kimlə pis olmaq istəmirlər. Bəzi hallarda fəaliyyət göstərdikləri ölkələrdə Azərbaycanın maraqlarını yox, özlərini həmin ölkələrin yüksək vəzifəli nümayəndələrinə yaxşı tərəfdən göstərmək üçün o ölkələrin maraqlarını müdafiə edirlər.
Bizim xaricdəki bəzi diplomatlarımız fəaliyyət göstərdikləri ölkələrin elçilərinə çevrilirlər. Buna son qoyulmalıdır. Bəzi diplomatlar dövlətə xəyanət ediblər, satqınlıq ediblər və bunu gizlətmirlər. Yaşadıqları ölkələrin xüsusi xidmət orqanlarının nəzarətindədirlər. Bizdə kifayət qədər məlumatlar var”.
Prezidentin daxil olan informasiyalar əsasında açıqladığı təhlildən belə nəticəyə gələ bilərik ki, 44 günlük müharibə zamanı İlham Əliyevin sayəsində informasiya müharibəsində də qalib gəldik, səfirlərin ümidinə qalsaydıq, yəqin ki, tamamilə əks mənzərə ilə rastlaşardıq.
Hazırda olduğu ölkədə baş verən proseslərə, orada Azərbaycanla bağlı gedən müzakirələrə müdaxilə edən və aktivlik göstərən diplomatik korpus kimi yalnız Los-Ancelesdəki konsulumuzu nümunə göstərə bilərik. Bu diplomatik nümayəndəliyimiz sosial şəbəkələrdə aktivdir və Azərbaycanın uğurlarını təbliğ etməklə məşğuldur. Başqa hansı səfir, diplomat xarici mediada bir açıqlama verir? Hansı məqaləyə, Azərbaycan əleyhinə həyata keçirilən sifarişə reaksiya verir?
Səfirlərimiz unudurlar ki, onların işi smokinq geyib rəsmi ziyafətləri gəzmək deyil, vətənə, dövlətə xidmət göstərməkdir.