“Ukraynanın işğalı başlayandan 10 mart saat 11:00-dək 71 uşaq ölüb, 100-dən çox uşaq isə yaralanıb”.
APA xəbər verir ki, bu barədə Ukraynanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Lüdmila Denisova “Facebook” hesabında bildirib.
O qeyd edib ki, Jitomir vilayətinin Malin şəhərinə endirilən hava zərbələri nəticəsində 7 ev dağılıb, nəticədə 5 nəfər həlak olub.
Ombudsman həlak olanlar arasında bir 5 yaşlı, iki 2021-ci il təvəllüdlü uşağın olduğunu qeyd edib.
Denisova əlavə edib ki, Xarkov rayonunun Jukovski kəndində mağazanın atəşə tutulması nəticəsində 16 yaşlı oğlan həlak olub.
O, gecə boyunca Ukraynanın digər şəhər və qəsəbələrinin də atəşə məruz qaldığını, nəticədə qadınların və uşaqların həlak olduğunu vurğulayıb.