“Cəmi millətlərin təlaşı bu olubdur ki, obrazovanya tapsınlar, obrazovannı olsunlar; amma siz hələ indiyə kimi gör nə qədər dalda qalmısız ki, nə qədər nevejestvennisiz ki, bir surətdə bunu hələ anlamamısınız ki: uçenie svet, ne uçenie tma.
[Tərcuməsi: Oxumaq işıqdır, Oxumamaq zülmət.]”.
Bu uzun sitat dahi yazarımız Mirzə Cəlilin “Danabaş kəndinin məktəbi” əsərindən götürülmüşdür və yadıma düşməyinin, köhnə kişilər demişkən, mabədi vardır. Yəni sözümüzün, türkün məsəli, dalı var.
Söhbət ondan gedir ki, hər il oktyabr-noyabr ayları yetəndə bizim təhsil sistemindən qışqırışma qopur, cocuq-mocuqların naləsi, vay-şivəni ərşin yeddi qatına bülənd olur. Bu yerdə şairdən beytin məqamıdır: “Ərşlə fərşu kafü nun, məndə bulundu cümlə çün, Kəs sözunü və əbsəm ol, şərhü bəyanə sığmazam”. Daha doğrusu, vəziyyəti bu beyt özündə aydın əks etdirir: “Nalədəndir ney kimi avazeyi-eşqim bülənd, Nalə tərkin qılmazam ney tək kəsilsəm bənd-bənd”. O vaxt İsgəndərin buynuzu varmış, gedir barber-şopa… Nəsə, mövzudan uzaqlaşmayaq, dərdimiz elm, təhsil dərdidir.
Məktəblərin o ah-zarının əsas səbəbi isə dərs otaqlarının qızdırılmasıdır. Hər il havalar soyuyur, lakin siniflər isidilmir, ya da gec isidilir. Bunun səbəbləri heç kəsə məlum deyildir. Əgər kimsə məktəblərimizin niyə soyuq olduğunun elmi izahını versə, ona odundan və daş kömürdən hazırlanmış Nobel mükafatı veriləcəkdir.
Ancaq əsas səbəbi ulu Mirzəmiz əslində yuxarıdakı sitatında aydın göstərmişdir, sadəcə, başa düşən yoxdur. Orda sözə baxın, gör nə deyir: “Oxumaq işıqdır, oxumamaq zülmət”. (Bəzi mənbələrə görə bu, rus ata sözüdür, lakin mövzumuza dəxli olmadığı üçün sözün kökünü araşdırmırıq. Əsas odur bizə bu ifadəni Mirzə Cəlil öyrətmişdir). Deməli, əgər məktəblərimizdə oxumaq, dərs, təhsil, elm-filan olsaydı, işıq da olardı və həmin işıq sinifləri qızdırardı. Məktəblərimizin oxumaq təchizatı kəsilibdir. O üzdən uşaqlar donur.
Əgər istilik problemi hansısa ucqar rayonlarda, ermənilərin atəş açdığı bölgələrdə, nə bilim, zəlzələ-vəlvələ zonasında olsa bəlkə anlayışla qarşılayarıq. Deyərik elnən gələn bəladır, dözməliyik, hökumət neyləsin. Ancaq Bakı məktəblərində istilik problemi çıxır. Böyründə Avropa-Asiyaya qaz verən eşşək boyda yataq varkən, sən özün uşağını oxutmağa isti otaq tapmırsan.
Hökumət qurumlarının izahatı da karikaturadır. Məsələn, görürsən “Azəristilik” deyir: “Azəriqaz” yanacaq versə, qazanxanaları işə salarıq”. Qaz idarəsinin açıq mikrafonu dalından bir bığıburma igid çıxır, balonu basır sinəsinə, sazla demədiyini qazla deyir: “İstilik idarəsinin bizə keçən qışdan filan manat borcu qalmışdır. Ödəsinlər, qazı verək”. O anda su idarəsi söhbətə müdaxilə edir: “Qaz idarəsinin bizə borcu var”. Sonra işıq idarəsindən üz-gözündən nur tökülən bir dayday çıxır dirəyin başına, elektronlu, protonlu, bol neytronlu çıxış yapır: “Hazırda su, qaz, hava, od, torpaq, plazma idarələrinin, Dövlət Qara Dəlik Komitəsinin (DQDK), Saxta Əlilləri Ləğvetmə İdarəsinin (SƏLİ), Xalqın Pensiyasını Kəsmə Nazirliyinin (XPKN) və sairə əlaqədar qurumların bizə çoxlu debitor, kreditor, üzən məzənnə, stabil inkişaf və sairə üzrə borcları yaranmışdır. Tələb edirik hamısı borcunu qaytarsın, əks halda, Tahir Kərimli gərək yenə üzr istəsin”.
Yəni, gördüyünüz kimi, bizdə hamı bir-birinə borcludur, eyni zamanda iqtisadi baxımdan azadlığımıza xaricdən həsəd aparırlar. Şair demiş, “hamı günahkardı dünyada, amma dünyada heç kəsin günahı yoxdur”.
İndi gəl bunu başa düş… Çox oxumalıyıq.