Ötən əsrin 30-cu illərində, məşhur və məşum tuthatut dönəmində bir-birindən donos yazan həmkəndlilər axırda ittihamların ən yekəsindən, ən effektivindən yapışıblar – casusluq ittihamı.
Buna qədər “filankəsin bir inəyi var, qolçomaqdır”, “filankəs anbardan cibində taxıl apardı” məzmunlu donoslar kar kəsmirmiş, adamı tutur, sonra buraxırmışlar, amma casusluq ittihamı ilə tutulanlar gedirmiş gedər-gəlməzə.
Bu səbəbdəndir ki, Cəbrayılın ucqar kəndlərinin birində Yaponiyaya casusluq edən kəndçini “ifşa ediblər”. Qonşularından kimsə onu satıb, orqanlara yazıb ki, adam Yaponiyaya casusluq edir. Sayıq dövlət orqanları gecəylə gəlib “xain yapon casusu”nu yaxalayıblar. (Bu faktı sovet dövrünün axırlarında mərhum akademik Ziya Bünyadov ortaya çıxarmışdı).
“Casus”a məhkəmə qurublar. Ömründə Cəbrayıldan kənara çıxmayan, heç qonşu Karyagin rayonunda kirvəsi olmayan fağır kəndli axırda boynuna alıb ki, yapon imperatoruna işləyir. Aparıb güllələyiblər.
O vaxtlar belə şey çox olub, qurunun oduna yaşı da yandırıblar. Hərçənd “casus” və “vətən xaini” kimi güllələnənlərin içində gerçək casuslar və vətən xainləri də çox olub.
Yəni hər üstünə barmaq tuşlanan adam heç də əsl casus deyil, eyni zamanda üstünə “casus” adı qoyulan və mühakimə olunan adamlar da var ki, məsum deyillər, mütləq öz dövlətlərinin əleyhinə bir iş görüblər.
Sovet NKVD-sindən fərqli olaraq, müasir dövrdə bir adamı “casus” deyə damğalamaq çətindir. Bunun günlərlə sürən məhkəməsi var, vəkilləri var, mediası, sosial şəbəkəsi var. Ortada daşdan keçən dəlil-sübutlar olmayınca heç kəs ittihamı qəbul etmir. Düzdür, bəzi həyasız casuslar (tərs kimi, casusların utancağı və təvazökarı olmur) daşdan keçən sübutları da qəbul etmirlər, amma fakt ortada olandan sonra cəmiyyət başa düşür ki, deyilənlər əbəs deyil, adamı nahaq tutmayıblar.
Hazırda ölkədə yeni “casus ovu” başlayıb və bu iş üstdə tutulanlar var. Hüquq-mühafizə orqanları ilə paralel çalışanlar əmək sərf edir ki, casusların heç biri qıraqda qalmasın. Elə adamlar var ki, məsuliyyətlidirlər, oturub orqanların qərarını gözləyirlər, elə kəmhövsələ adamlar da tapılır ki, artıq casuslara cəza “kəsirlər”. Bəzən “inşallah, filankəs də ifşa olunar” deyə ülvi arzularını bildirənlər də var.
Belə anlaşılır ki, bir çoxları öz şəxsi düşməninin “casus” kimi tutulmasını istəyir.
Hazırda fəaliyyətləri lupa (türkün sözü, mərcək) altına alınmış adamların özləri də vaxtaşırı başqalarını “casusluq”da ittiham edirdilər. Əgər kim onların sözünün qabağından söz deyirdisə, dərhal onları “sionist rejiminin agenti”, “Amerika imperialzminin nökəri”, “Türkiyənin əlaltısı”, “Avropadan qrant alanlar” adlandırırdılar.
Bir indi deyil, keçən il hərdən ortalıqda elə bir tozanaq qopurdu ki, kənardan baxanlar deyərdi, deyəsən, bu ölkədə casus olmayan yoxdur, hamı başqa dövlətə işləyir. Bəzən ehtiraslar elə qızışırdı ki, başqa dövlətə işləyənlər öz dövlətinə işləyənləri linç edir, küncə sıxışdırırdılar.
İndi vəziyyət bir az dəyişib. “5-ci kolon”lara mənsub olanlar anlayıblar ki, öz dövlətinə işləyənlərə “suka” demək olar, amma üzlərinə durub tutdurmaq olmaz.
Bu, çoxdan bəllidir, ölkəmizdə Türkiyəyə rəğbər bəsləyənlərlə İrana rəğbət bəsləyənlərin arasında açıq-gizli çəkişmə-dartışma, dava gedir. Hər iki qrup öz “dost ölkə”sini olduqca qızğınlıqla müdafiə edir Uzun illərdən sonra bu iki rəğbət qruplarının arasında bir fərq ortaya çıxdı. İran ölkəmizə qarşı bir yanlış hərəkətə yol verəndə ona rəğbət bəsləyənlər bir qayda olaraq susurlar, amma Türkiyədə kimsə Azərbaycana qarşı qüsurlu hərəkət edəndə (məsələn, məşhur “Sürix protokolu” zamanı) Türkiyəyə rəğbət bəsləyənlər dərhal çomağın o biri başını çevirirlər, dostluğa-qardaşlığa baxmırlar.
Buradan o məna çıxır ki, bunu yalnız böyük şairimiz Füzulinin beyti ilə izah etmək olar:
Canı kim cananı üçün sevsə, cananın sevər,
Canı üçün kim ki, cananın sevər, canın sevər.
Yəni bizimkilər Türkiyəni ona görə sevirlər ki, öz ölkələrini sevirlər, amma eyni şeyi İran üçün demək olmur, iranpərəstlər İranı ona görə sevirlər ki…
Ta burası bizlik deyil, qoy orqanlar araşdırsın, görsün, kimlər sevir, niyə sevirlər, necə sevirlər…