Daha nə baş verməlidir ki, Operativ Qərargah toyxanalarımızı bağlı saxlamağının milli faciəyə səbəb olduğunu anlasın? Budur, artıq xalqın qızları xaricilərə ərə gedirlər. Bəli, düz anlamısınız, bu həftə bir qızımızı da Van Dammın oğlunun qapazlayıb apardığını nəzərdə tuturam. Hamısı xaricilərin proyektidir. İstəyirlər qızlarımız yad ellərə getsin, Azərbaycan xalqı artıb törəməsin. Dövlət komitəsi buna niyə yol verir?
Ümumiyyətlə, xaricilər çalışırlar müsəlmanlar çoxalmasın. Elə peyvəndi də bunun üçün düzəldiblər. Lakin mən xalqımıza gizli üsulu başa salıram: peyvənd olunandan sonra iynənin yerinə 20 qəpiklik bağlayanda peyvənddəki çiplər xarab olur. İnşallah, növbəti yazılarımızda bunun üzərinə qayıdarıq, indi mövzumuz başqadır.
Arada haşiyə çıxaraq qeyd etməliyəm ki, məlum yoldaşın soyadı haqda nəhayət, dövlət komitəsi nəsə qərar verməlidir. Yoxsa görürsən biri Van Dam yazır, ikincisi Van Damm (ən düzü budur), üçüncüsü Vandam. Millətin inkişafı, rüşvətxorluqla mübarizə üçün düzgün yazı qaydaları vacibdir.
Bu məqamda rəhmətlik sənətkarımız Baloğlan müəllimin ifasında başqa rəhmətlik Nüsrət müəllimin şeirini köşənin ortasında səsləndirək: “Kim deyir qəm uyudur, Hicran dərin quyudur, Sabah o qızın toyudur, Açılma, sabahım, açılma”. Belə şeirlərdən verin uşaqlarınız oxusun. Çox adam oxusa, bəlkə də sabah açılmaz, canımız qurtarar.
Van Damla quda olmağımızın müsbət tərəfləri də çoxdur. Məsələn, əbədi suallardan birinə – “Van Damm döyər, yoxsa Çak Norris” – cavab tapdıq. İkincisi, təzə qohumumuz öz “şpaqatları” ilə dünyada populyardır, hətta bir ara maşın firması onu belə məzmunlu reklama çəkmişdi. İki yük avtomobili (TIR) yanaşı hərəkət edirdi, Van Damm da bunların damında dayanırdı. Ola bilsin “Van Damm” sözü elə qədim türk sözü “dam” sözündən yaranıb, sənətkarın soyu soyumuzdandır, qızımız yad yerə getmir. AMEA bu yöndə araşdırmalar aparsın.
Nəsə, maşınlar aralanırdı, Van Damm isə bunların üstündə şpaqat açırdı. Yeri gəlmişkən, bəlkə də dövlət komitəsi bu “şpaqatı” nəhayət milliləşdirib “cərcənək” etməlidir. İndi biz güneyli, quzeyli vahid Azərbaycanımızı birləşdirmək üçün Van Dammın ülvi şpaqatından niyə yararlanmayaq? Qoy dursun Arazın üstündə, şpaqat açsın. Hər ayağı bir tayda. Şairlərimizin də ürəyi sakit olsun.
Dünya şöhrətli ümummilli qudamızla əlaqələri daha möhkəmlətmək üçün onun adını hansısa yaşayış məntəqəsinə vermək lazımdır. Dəli şeytan deyir ki, bizdə əslində belə məntəqə təxminən vardır: Qəbələnin Vəndam kəndi. Milli Məclisin qərarıyla bir hərfi dəyişdirək, düzəlsin, getsin işinin dalıyca. (Əslində kəndin adı ingiliscə elə Vandam yazılır).
Uzun sözün qısası, dövlət komitəsi bir daha toyların açılmasında təkid etməlidir. Yoxsa biz tərsəməzhəb bir perspektivlə qarşı-qarşıyayıq: qabaqlar oğullarımız xaricə gedib evlənirdilər, sonra Xoşqədəm xanım tayqadan onların yetimlərini yığıb gətirirdi, əziyət çəkirdi. İndi isə qızlarımız xaricə gedir. Bunu necə başa düşək? Güman edirəm əlaqədar orqanlar açıqlama verməlidir.
Nəhayət, bizdə gəlinlərin evdən qaçmağı, qudaların onları tutub geri qaytarmağı, bu istiqamətdə münaqişələr daim aktual olur. Əlbəttə, mən yeni evlənən gənclərə qətiyyən bunu arzu etmirəm, qoşa qarısınlar, idmançı uşaqlar yetişdirsinlər. Sadəcə, istəmirəm haçansa bizdə “Van Damm gəlinini döydü”, “Gəlin belini tutub, Belçikadan qaça-qaça gəldi” tipində başlıqlar oxuyaq. Bu, çox ağır olardı. Milli mentalitetimiz var, biz bunu götürmərik.