Ekranlardan baxışın… səni əvəz eləmir
Dövrümüzün çox qəribə gerçəklikləri ilə üz-üzəyik. Texnologiyanın inkişafı ilə həyatımızın bir parçasına çevrilmiş sosial media və müxtəlif platformalar bütün sahələr üzrə öz diqtəsini etməkdədir.
Xəbərimiz olmadan bu kibersilahın əsirinə çevrilmişik. Günü-gündən real həyatdan uzaqlaşmaqdayıq. Biz- hər iki formasiyanı görmüş nəsil üçün müqayisələr aparmaq imkanı olduğu halda, gənc nəslin dünyaya gəlişi ilə bu internet burulğanının ortasına düşməsi səbəbindən orada məsələ daha acınacaqlıdır.
Təsəvvür edin ki, milyonlarla gənc oğlan və qız bütün həyatlarını, kiçik mobil telefonunun ekranında yaşamaqdadılar. Onlar hər şeyi orada gördükləri üzərindən planlayır, oradan diqtə edilənə uyğun həyata keçirirlər. Nə yemək, nə içmək, nə geyinmək, necə yaşamaq? Bir sözlə hər şey. Həyat uğrunda mübarizə orada, əyləncə orada, kiminsə hüznünə şərik olub başsağlığı vermək də orada.
Hətta artıq kimlə ailə qurmaq məsələlərində belə əsas yolgöstərici, tövsiyəverici instansiya sosial mediadır. Günün tələbi ağıllı, savadlı, tərbiyəli, sağlam olmaq deyil. Günün əsas tələbi sosial media hesabında izləyici sayındır. Sənin izləyici sayın çoxdursa, deməli, sən “cool”san. Azdırsa, realda nə olmanın əhəmiyyəti yoxdur. Karyera məsələlərində də sənin bioqrafiyandan, CV-dən çox, sosial media hesablarına baxırlar. Təhsilin, iş təcrübən sonrakı göstəricilərdir.
Bəs bu sosial hesablarda yüksək nəticələrə necə nail olunur?
Əvvəllər buna nail olmaq üçün daha asan yollar var idi. Misal üçün, təsəvvür edin ki, biri Facebook və ya İnstaqramda hesab açır. Orada davamlı internetdən götürülmüş müxtəlif şəkillər, videolar paylaşır. Elə şeylər ki, bunları TV-lərdə görməzsiniz. Tarixən insanlar qadağan olunmuş, cəmiyyətdə açıq paylaşılması qəbul edilməyən şeylərə maraqlıdılar. Məşhur ifadə də var: “Qadağan olunmuş meyvə şirin olar”.
Bir ara insanların boş damarını bilənlər bu yolla təqibçilər toplayır, müəyyən saya çatdıqda o səhifəni satışa çıxarırdı. Səhifəni alan asanlıqla səhifənin adını dəyişirdi. Beləliklə, bir neçə onminlik və ya yüzminlik izləyicisi olan aktiv səhifəyə nail olurdu.
Hazırda səhifənin adını dəyişmək prosesi çətinləşib deyə başqa yollar tapılıb. Səhifəni reklama qoymaqla, müəyyən ödənişlər hesabına irəlilətmək mümkündür. Digər bir yolu hansısa maraqlı bir başlıq qoyub, səhifəni bəyənmək müqabilində yazının görünməsini tətbiq etməkdir ki, əksər hallarda da yazı açılanda başlıqla heç bir əlaqəsinin olmadığı məlum olur. Müxtəsəri, asan yolla reytinq qazanmaq üçün bütün variantlardan istifadə edilir. Nəticədə olursan sosial media fenomeni. Səni hər kəs tanıyır, hər kəs hörmət edir. Tədbirlərə dəvətlər alırsan, ziyalı hesab edilirsən. Sən də ara-sıra müxtəlif mövzularda sözün həqiqi anlamında “gicləmə” statuslar paylaşırsan.
Məsələn, “çıxdığın qını bəyənmədiyin” barədə və ya ailəsinin intim həyatına dair, yaxud atasını alçaldan bir şeylər yazır və təqibçi kütlə bunu ağıllı söz kimi, dövrün trendi, ən yaxşı halda əyləncəli qəbul edib minlərcə “bəyənmə” (like) işarəsi göndərir. Bir şox hallarda isə o izləyici kütlənin böyük çoxluğu sənin dilini bilməyən üçüncü sort ölkələrin vətəndaşları olur. Bax, beləcə adam günü-gündən şişir.
Təsəvvür edin ki, günlərin birində qəfildən internet kəsilsə, yox olsa, necə olar? Hər kəs başın qaldırıb gerçəklikləri görər. Əsl həngamə onda olar. Dodaqlar uçuqlayar. Dərisi beş qəpik etməyən “fenomen”lərin gerçək həyatda adamlıqdan nəsibi olmadığı ortaya çıxar.
Kim nə deyir, desin, virtual həyat heç vaxt real həyatı əvəz edə bilməz. Gerçəkliyi sevənlər canlı ünsiyyətləri, üz-üzə, göz-gözə danışmağı virtual həyatın yalanlarından üstün tutacaqlar.
Ələsgər Süleyman