“Yeni Müsavat” Media Qrupunun əməkdaşları olaraq Ağdama növbəti səfərimiz baş tutdu. Bu dəfə Ağdamı gəzmək üçün daha çox imkanımız və vaxtımız oldu. Çünki artıq Ağdamın əksər kəndlərinə aparan yollar və tarixi abidələr minalardan təmizlənib. Buna görə də media nümayəndələrinin və rəsmi şəxslərin xüsusi icazə ilə həmin ərazilərə səfərləri üçün şərait yaradılır.
Səhər saat 10-da başlayan səfərimizdə ilk olaraq Ağdam məscidini, Pənahəli xanın sarayını və “Qarabağ” futbol klubunun tarixi stadionu olan “İmarət”i ziyarət etdik.
Ağdamın xarabalığa çevrilən kəndlərindən, küçələrindən keçərək Milli qəhrəmanlarımız Allahverdi Bağırovun, Əliabbas İsgəndərovun və digər şəhidlərimizin məzarlarını ziyarət etdik.
Bu səfərimizdə “Yeni Müsavat” Media Qrupunun baş direktoru Ələsgər Süleymanov da bizimlə birlikdə idi. Ağdam rayonunun Xıdırlı kəndindən olan Ələsgər Süleymanov 30 illik həsrətdən sonra ilk dəfə Ağdam torpağına ayaq basırdı.