Ermənistanın baş naziri Nikol Paşinyan təhsil, elm, mədəniyyət və idman nazirinin müavini Narine Xaçaturyanı (Tuxikyan) tutduğu vəzifədən azad edib.

“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Nikol Paşinyan uyğun qərarı imzalayıb.

Bildirilib ki, yanvarın 19-da Yerevanda Rəssamlar İttifaqında Narine Xaşaturyanın iştirakı ilə qalmaqal olub. Sərgi zamanı jurnalist müsahibə götürərkən mədəniyyət sahəsindən olan bir qadın nazir müavininə yaxınlaşaraq təhqir edib, onu hakimiyyətin sədaqətli nümayəndəsi adlandırıb. Onun işdən çıxarılması bu hadisə ilə əlaqələndirilir.

Qeyd edək ki, Xaçaturyan 2020-ci il iyunun 11-də bu vəzifəyə təyin edilib. Bundan əvvəl hakim “Mənim addımım” blokundan deputat olub. O, deputat mandatından imtina edərək hökumətdə işləməyə başlayıb. Onun parlamentdəki yerini Artur Ovannisyan tutub. Narine Xaçaturyan deputat olmazdan əvvəl Ovnes Tumanyan adına muzeyin direktoru işləyib.