Rusiyada Kremlə yaxın iş adamları sayılan Rotenberq qardaşlarının (Arkadi və Boris) ABŞ sanksiyalarından yaxa qurtarmaq üçün fikirləşdikləri üsul rəsmi Vaşnqtonun “xoşuna gəlməyib”.
“The Wall Street Journal” qəzetinin yazdığına görə, iki biznesmen qardaşın milyonlarla dolları incəsənət bazarında “yumaq” əməliyyatı ABŞ Senatının diqqətini çəkib.
Məsələni iki il ərzində araşdıran Amerikan senatorlarının versiyasına görə, 2014-cü ildə sanksyalar tətbiq edildikdən sonra Rotenberqlər “Sotheby’s” hərracında 6,8 milyon dollara 10 rəsm əsəri alıblar. Bunların içində kubizmin görkəmli nümayəndələrindən sayılan Jorj Barka və Mark Şaqala kimi rəssamların əl işləri də var.
Bir neçə gün sonra isə onlar Rene Maqrittaya aid bir əsəri 7,5 milyon dollara satın alıblar. Sanksiyaların tətbiq olunmasından sonra Rotenberq qardaşları bu yolla 91 milyon dollar pulu xaricə köçürə biliblər. Çünki satılan rəsm əsərləri də əslində elə əvvəldən onların özlərinə məxsus olub.
Milyarderlərin hərrac evlərinə həvəs salması ABŞ-da bu sahədə qanunvericiliyin yumşaq olması ilə əlaqədardır.
Sanksiyalar ABŞ-da fəaliyyət göstərən şirkətlərə qara siyahıda olan hüquqi və fiziki şəxslərlə hər hansı şəkldə əlaqə qurmağı qadağan edir.
Korrupsioner dövlət və iş adamlarının incəsənət əsərləri alverindən pul yuyulması vasitəsi kimi istifadə olunmasının qarşısının alınması məsələsində avropalılar amerikalılardan daha zirək tərpəniblər. 2018-ci ildə Avropa Birliyi şirkət sahiblərinin üzərinə hərraclarında dəyəri 10 min avrodan çox əsər alan və satanların şəxsiyyətlərini müəyyənləşdirmək məcburiyyəti gətirib.
ABŞ Senatının hesabatında bununla bağlı qanunvericiliyin dəyişdirilməsi təklifi də yer alıb.
68 yaşlı Arkadi Rotenberq və onun qardaşı Boris prezident Vladimir Putinin yaxın dostları sayılırlar. Hələ məktəb illərindən onlar bir yerdə sambo və dzü-do dərsləri alıblar. İki qardaş da Rusiyada iri miqyaslı infrastruktur layihələrinin həvalə olunmasına görə “dövlət sifarişi kralları” adlandırılır. Onların sərvəti 3 milyard dollar miqdarında dəyərləndirilir.
Musavat.com