“Anamla nəfəs almışam. Anamla aramda başqa cür bağlılıq var idi. O rəhmətə getsə də, bu bağlılıq hələ də var. Bilərəm ki, o məni hiss edir. Anamla çətin günlərimizin sayı çox olub. Altı yaşımda atam bizi tərk etdi. Anamın çox çətin və əziyyətli günlərini gördüm ki. Anam yaxınlarından çox zərbələr aldı. Bunları gördükcə böyüdüm. Anam mənim kimi güclü bir insan deyildi. Xasiyyətcə güclü, lakin aciz idi. Bir az da qorxaq idi.
Anam 1 saylı Ayaqqabı fabrikində gecə-gündüz çalışırdı. Mənim ehtiyaclarımı ödəmək üçün işdə iki növbədə çalışırdı. O, iki növbədə çalışanda mənim üçün daha pis olurdu. Çünki qaldığım yerdə çox döyülürdüm. Bunu biləndən sonra məni 24 saatlıq bir bağçaya qoydu. Orada vəziyyət qat-qat yaxşı idi. Mənə yaxşı baxırdılar. Orada döyülmürdüm, əziyyət görmürdüm. Amma bağçada da çox qalmadım. Anam mənsiz çox qala bilmirdi. Lakin o çox işləmək məcburiyyətində idi. Tez-tez evlər dəyişirdik. Kirayələrdə qalırdıq. Qaldığımız evlərə ev demək olmazdı. Çətin şəraitdə yaşayırdıq”.
Oxu.Az xəbər verir ki, bu sözləri müğənni Sevda Sanaliyeva “Space” televiziyasında yayımlanan “Təmiz söhbət” proqramında qonaq olarkən deyib.
Anasından söhbət açan sənətçi illər öncə onun Sevdaya görə yenidən ailə qurmaqdan imtina etdiyini söyləyib:
“Anamın ailə qurmaq şansı yarandı. Ona elçi düşdülər. Anamı nənəmgildən istədilər. Oğlan da çox yaxşı bir insan idi. Kaş, o yaşımda anama deyə bilərdim ki, “ana, yenidən ailə qur”. Onsuz da mən birtəhər böyüyəcəkdim. Anamın yenidən ailə qurmasını çox istəyirdim. Anamı o oğlan həddən çox istəyirdi. Oğlanın anası nənəmə dedi ki, “Qızı (red. Sevdanın anası) aparırıq, amma şərtimiz var. Şərtimiz budur ki, Sevda hələ ki sizin yanınızda qalacaq. Bir neçə ildən sonra gəlib onu götürəcəyik”.
Bunu eşidən anam ağlayıb söylədi ki, “Bu qətiyyən mümkün deyil. Öz xoşbəxtliyimə görə qızımdan vaz keçə bilmərəm”. Oğlana anam rədd cavabı verdi. Oğlan aylarla anamdan əl çəkmədi. Arxasıyca göz yaşı tökdü. Buna rəğmən, anam fikrindən daşınmadı.
Anamın yenidən iki dəfə ailə qurmaq şansı yarandı. Amma mənə görə evlənmədi”.
Anasının böyrək xəstəliyindən dünyasını dəyişdiyini söyləyən S.Sanaliyeva etirafları ilə göz yaşlarına hakim ola bilməyib:
“Anamın böyrəklərində ciddi problemlər yarandı. Xəstəlik soyuqdəymə ilə başladı. Sonra bir böyrəyi çürüməyə başladı. Daha sonra böyük bədxassəli şiş əmələ gəldi. Digər böyrəyi isə sıradan çıxmağa doğru gedirdi. Çox müalicələr etdik. Əlimdən gələni etdim ki, anam yaşasın. Amma alınmadı.
Böyrəyindəki şiş o qədər böyüdü ki, böyrəyini cırıb çıxdı. Bədəninə su yığıldı, zəhərlənmə verdi. Hansı böyrəyində şiş var idi, o bir az işləyirdi. Digər böyrəyi isə tam sıradan çıxdı. Onun dializə bağlanmağını istəmirdik. Görəndə ki, artıq vəziyyət daha da kritik hal alır, həkim bizə söylədi ki, təcili əməliyyat edib, şişlə birlikdə həmin böyrəyi bədəndən çıxarmaq lazımdır. Tək şişi çıxarsaydılar, metostaz verəcəkdi. Elə oldu ki, anam əməliyyat olundu və dializə bağlandı.
Üç ay anam özünü yaxşı hiss edirdi. Daha sonra vəziyyət pisə doğru dəyişməyə başladı. Dializi bədən qəbul etmirdi. Təzyiqi düşüb olurdu 50-nin 40-a. Dializi yarımçıq saxlamaq məcburiyyətində qaldıq. Lakin həkim söylədi ki, anan belə çox yaşaya bilməyəcək. Anam üçün donor tapdım. Əməliyyat olundu. Amma bu onu xilas etmədi. Həyatımın ən böyük səhvini etdim. Özümü heç zaman bağışlamayacağam”.
Qurduğu iki evlilikdən bir oğlan, bir qız dünyaya gətirən müğənni ailəsinin qısqanclıq üstündə dağıldığını dilə gətirib:
“Birinci evliliyim səhv qərar idi. Tez-tələsik mən tərəfdən verilən həyəcanlı qərar oldu. Ailə qurmaq üçün bu qərarı verdim. O, pis insan deyil. Amma əla insan da deyil. Pisliyi mənə dəyməyib. Bu səbəbdən onun barədə heç bir şey deyə bilmərəm. Ondan oğlan övladım var. Tez ailə qurub, tez də ayrıldım. Bir yerdə qalmağımız cəmi bir ay çəkdi. Ayrılmağımız hər ikimiz üçün doğru qərar idi.
İkinci evliliyim də sağlam qərar deyildi. Anam xəstəxanada yatan ərəfələrdə o insanla tanış olmuşdum. Anam 21 gün xəstəxanada qaldı və rəhmətə getdi. Nə zaman gözümü açırdım, keçmiş ikinci həyat yoldaşımı görürdüm. Hər zaman yanımda idi. Mənim üçün canfəşanlıq edirdi. O qədər məni tək qoymadı ki…
Düşünürəm ki, onunla qurduğum ailənin səbəbi var. Anam rəhmətə gedəndən sonra pis günlər yaşadım. Həmin ərəfədə o qədər mənə diqqət, sevgi göstərirdi ki, bununla rahatlıq tapırdım. Onunla evlənməyim həyatımın ən səhv qərarı idi. Amma peşman deyiləm. Çünki mələk kimi bir qızım dünyaya gəldi.
Qarşı tərəf həddən artıq qısqanc idi. Xasiyyəti tünd və ağır idi. Onun qısqanclığı başqa cür idi. Misal üçün, mən ayağımı bir-birinin üstünə aşırıb otura bilməzdim. Dörd il onunla ailəli olan müddətdə əlimdən gələni etdim ki, ayrılmayaq. Amma gördüm ki, ailəm dağılmasa, canım əldən gedəcək. Mən anasız qala bilmirəmsə, övladlarım mənsiz necə qalacaq? Ona görə boşanmağa qərar verdim. Onunla yenidən bir araya gəlməyimiz mümkün deyil”.
Üçüncü dəfə ailə qurmaq məsələsinə isə Sevda Sanaliyeva belə reaksiya verib:
“Hər bir qadın istəyər ki, onun ailəsi olsun. Amma övladlarımı düşünəndə… Qızım balacadır, oğlum isə böyüyür. Onlar həyatımın vacib insanlarıdır. Qorxuram ki, yenidən ailə qursam, oğlumun sevgisini itirərəm. Onum mənə olan fikirləri dəyişər. Bəlkə də nə zamansa yenidən ailə quraram, bəlkə də bu heç zaman olmaz… Övladlarım bu mövzuda hansı qərarı versələr, onu da edəcəyəm”.
Qeyd edək ki, S.Sanaliyevanın ilk toyu 2014-cü ilin iyunun 25-də baş tutub. Elə həmin ilin sentyabrında sənətçi üç aylıq hamilə olduğunu açıqlayıb. 2015-ci ilin fevralında sənətçinin oğlu Elgün dünyaya gəlib.
Sevdanın qızı isə 2016-cı ilin avqustunda doğulub. O, qızının atasının Cəmil bəy olduğunu, onunla evləndiyini mediaya açıqlayıb.