Koronavirus pandemiyasından sonra virusologiya yəqin ki, tibbin ən qabaqcıl sahələrindən birinə çevriləcək. Çünki “başına gələn başmaqçı olar”. Daha bir səbəbə: COVİD-19-un genomunun tədqiqi göstərib ki, virus yüksək mutasiya qabiliyyətinə malikdir. Yəni bir virusa qarşı peyvənd onun başqa mutagen formalarına qarşı effektli olmaya bilər. Demək, yeni dövr virusologiya var gücü ilə inkişaf etməli, bu sahə üzrə mütəxəssislərin sayı yetərincə olmalıdır.
Mütəxəssis yetişdirmək üçünsə öncə dövlət maliyyə məsələsində səxavətli olmalıdır. Nəzərə alsaq ki, söhbət ölkənin genofondundan və milli təhlükəsizliyindən, o sırada iqtisadi təhlükəsizliyindən gedir, üstəlik, bioloji silahlarla bağlı iddialar açıq qalıb, o zaman məntiqlə pandemiyanın ardınca elmə, təhsilə hərbi sahə qədər yatırım ayırmaq lazım gələcək. Bütövlükdə səhiyyə sisteminin daim işlək vəziyyətdə olması, yetərli sayda peşəkar, o cümlədən hərbi həkim və tibb personalı ilə, klinika və laboratoriyalarla təchiz edilməsi xüsusi diqqətdə olacaq.
Azərbaycan da sözsüz ki, öz imkanı daxilində bu yöndə səylər göstərəcək. Göstərmək zorundadır. Ona görə ki, bu, qlobal çağırışın diktəsidir. Bütövlükdə elmin inkişafı pandemiyadan sonra məxsusi önəm daşıyacaq. Burası dəqiqdir. Nədən ki, koranavirus hətta qüdrətli, kosmik dövlətlərin belə, fors-major vəziyyətlərə hazır olmadığını, belə situasiyaları elmi cəhətcə proqnozlaşdıra bilmədiyini üzə çıxardı. Kosmosa kosmonavt göndərməyə nə var ki. Sən bütöv ölkələri, qlobal iqtisadi sistemi çökdürən gözəgörünməz canlılarla, viruslarla bacar görüm, necə bacarırsan. Göylərə baxmaq – yaxşı, bir az da “ayağımızın altına” baxaq…
İndi bir çoxları pandemiyadan sonrakı mümkün dünya düzəni haqda proqnozlar verir, təxminlər edir. Rusiya prezidenti Vladimir Putinin təbirincə desək, az qala hamı virusoloq, deyərdik həm də geostrateq olub. Amma hərə öz sahəsi, öz işi ilə məşğul olsa, yaxşıdır. “Dad yarımçıq papaqçılıqdan!” deyib müdriklər.
Paralel surətdə bəşəriyyət öz ilahi təyinatını unutmasa yaxşıdır. İnsan ilahi təyinatına üsyan etməməli, Allaha bəndəlikdən çıxıb ifratlara, azğınlıqlara varmamalıdır, allahıq iddiasına düşməməlidir. Hər halda, əminlik var ki, yaşadığımız koronavirus bəlası insan əməlinin nəticəsidir – nə fərqi ki, virus xüsusi laboratoriyada bioloji silah məqsədilə yaradılıb, yoxsa, sadəcə, insanın illərdir yol verdiyi ifratlara cavab olaraq Allahın göndərdiyi bir bəladır. Hər iki variantın qayəsində bəndə və onun əməli dayanmırmı?
Əməllər Allah xətrinə, Allah rizası üçün olmursa, demək, şeytanın işinə yaracaq. Necə ki, yarayır. İslam peyğəmbəri (s) buyurub ki, “Öz elmi ilə bəşəriyyətə ziyan vuran alim yerini cəhənnəmdə saya bilər”. Əksinə, insanlığa fayda verən alimlər cənnətlikdir. Peyğəmbər (s) məhz onları nəzərdə tutaraq deyib ki, 5 şey insan qəlbini və gözünü nurlandırar ki, onlardan da biri alimlərlə oturub-durmaq, onların üzünə baxmaqdır.
Qurani-kərimdə isə Allah-təala məhz nankor bəndələrinə xitabən buyurur ki, “Biz sizə zülm etmədik, özünüz özünüzə etdiniz”. Başqa bir ayədə deyilir ki, “Biz sizə icazə verdiyimiz həddə qədər elmə sahib ola bilərsiniz” (Ayətül-kürsü).
İş də ondadır ki, bəşər övladının zaman-zaman yaşadığı bu kimi bəlalar ən əvvəl onun “əməllərinin”, ifratlarının, törətdiyi vəhşiliklərin, qırğın-davaların, tökdüyü günahsız qanların mükafatı kimi görünür. Məşhur amerikalı diyetoloq Pol Breqin yaxşı bir ifadəsi var: “İnsan yediklərinin cəmidir”. Bəlkə bəşəriyyətin indi yaşadıqları da elə etdiklərinin mükafatıdır ki var?
“Məzlumun bəd duasından qorxun, çünki məzlumla Allahın arası çox yaxındır. Duası dərhal eşidilər”. Bunu da ilahiyyatçı alimlərdən biri deyib. Bir də ki, sən Allahı unutsan, O-na heç nə olmaz, qüdrətindən zərrəcə əskilməz. Vay o günə ki, Allah səni unuda. Bəşər övladının hazırda yaşadığı müsibətin ilahi nədəni bu – Allahın bizləri öz rəhmindən, nəzər-diqqətindən kənarda saxlaması…
Gördüyümüz hər şeyin yiyəsi var bu cahanda. Kompüter, avtomobil, təyyarə, telefon, televizor… onları icad edən insan. İnsan yaratdıqlarının hamısını görür. Yaradılanlar (kompüter, avtomobil, təyyarə, telefon, televizor) insanı görməsə də. Eləcə də insanı və onun əməllərini onun Yaradan – Allah yaxşı görür. İnsan O-nu görməsə də.
Əgər kimsə Allahın həmişə onunla olduğunu unutmasa, nə cızığından çıxar, nə də pislik edər. Odur ki, çöldə də olsan, evdə də qalsan, Allahla qal, Allahla ol!..