Bu yanlış düşüncədən doğan yanlış ifadələr gündən-günə kütləviləşir: insanlar kütləvi şəkildə koronavirus pandemiyasını “Allahın işi”, “ilahidən gələn bəla”, “Tanrının insana qəzəbinin nəticəsi” və sair adlandırır, fövqəlbəşər qüvvələrdən rəhm, mərhəmət istəyirlər.

Məsələnin dini-fəlsəfi, ruhani-mənəvi tərəfini bir kənara qoyaraq (sonra üstünə yenidən qayıtmaq şərti ilə), bu sayaq düşüncələrə bir cümlə ilə belə cavab vermək olar: bu iddiaların heç bir elmi əsası yoxdur.

Başqa sözlə, virus pandemiyası Yaradanın işi, onun qəzəbinin nəticəsi deyil.

Bu, yeni trend sayılmaz. İnsan oğlu 5 min il, 3 min il, hətta 200 il əvvəl də bənzər epidemiyalara, daşqınlara, zəlzələlərə, vulkan püskürməsinə məruz qalanda həmişə baş verənləri “Allahdan gələn bəla” adlandırıb.

Ancaq qədim dövrlərdəki bu sayaq kor-koranə inamlar cahillikdən, savadsızlıqdan doğub. O vaxtlar insan oğlu heç bir elmin sirlərinə bələd deyildi, ona görə də baş verənləri yalnız ilahi qüvvələrdən görürdü.

Sonradan insan oğlu təbiət elmlərini öyrəndi, göy gurultusunun, şimşək çaxmasının, vulkan püskərməsinin nədən əmələ gəldiyini bildi, zəlzələlərin, qasırğaların şiddətini ölçməyi bacardı və əmin oldu ki, bütün bunlar dövri təbiət hadisələridir.

Bu baxımdan bütün elmlərin zirvəsinə çatmış müasir insanların hələ də təbii fəlakətləri ilahi qüvvənin əməli sayması absurddur. Bütün bunlar sübut olunub və hər birinin barəsində minlərlə məqalə yazılıb, mübahisəli detal qalmayıb.

Texnogen qəzalar da eləcə. İnsan oğlu nail olduğu elmi kəşflər, ixtiralar nəticəsində nəhəng qurğular, cihazlar düzəldib. Ancaq ən dəqiq və ən mürəkkəb mexanizmlərlə çalışan həmin avadanlıq və qurğuların işində yenə də insan amilindən qaynaqlanan qüsurlar əmələ gələ və texnogen qəzalar baş verir.

Məsələn, 1986-cı ildə Ukraynanın Çernobıl vilayətində baş verən AES qəzası sırf insanın öz işinə səhlənkarlıqla yanaşmasının nəticəsi idi. Yaxud elə həmin dönəmlərdə ABŞ-da kosmosa buraxılan “Çellincer” hava gəmisinin startdan 7-8 saniyə sonra havada partlaması da insan faktoruyla bağlıydı.

Amma obıvatel belə durumlarda məsələni ilahi qüvvələrin “qisas aksiyası” kimi şərh etməyi və buna ürəkdən inanmağı sevir. Ona qalsa, dünyada yüzlərlə AES var və indiyədək kosmosa yüzlərlə gəmi göndərilib, amma qəzalar çox nadir hallarda olub.

Bir bu deyil, bir çox xalqlar kimi, bizim xalq da hər gün baş verən yol qəzalarını, təyyarə faciələrini “Allahın işi” kimi təqdim edir, qəzavü-qədərə bağlayır, bununla həm bir çox suallara (“qəza nədən baş verdi”, “günahkar kimdir” və s.) bəsit cavab tapır, həm də özünə təsəlli verir.

İndi koronavirus pandemiyası məsələsində milyonlarla insan eyni durumdadır.

Bu cür məsələlərə həmişə rasional yanaşmaq, ağıl-kamalla, elmlərə əsaslanaraq düşünmək lazımdır. Pandemiya heç bir ilahi qüvvənin qisas planının tərkib hissəsi deyil.

Bu, hər bir halda insan əməlidir: ya Çində qələmə verildiyi kimi, doğrudan da insanların qeyri-ənənəvi qidalara (ilan,qurbağa, həşarat, içalat) tamah salmasının nəticəsidir, ya da sırf gizli bioloji laboratoryalarda yaradılmış bakterioloji silahın törətdiyi epidemiyadır. (Məncə, ən ağlabatan versiya məhz budur).

Buna Allah neyləsin, İblis nə cavab versin? İnsan oğlu min illərdir yaşayış uğrunda mübarizə aparır, irqi, milli zəmində birləşərək böyük icmalar əmələ gətirir, müvafiq dövlətlər qurur və onun dilində danışmayan, dərisinin rəngi, gözünün, burnunun, peysərinin forması ilə özündən fərqlənən insanların icmasıyla, dövlətiylə rəqabətə girir, gözünə düşmən kəsdirdiyi toplumların irticası qarşısında özünü qorumaq (və ya onların kökünü kəsmək) üçün kütləvi qırğın silahları hazırlayır. Və bir gün ondan istifadə edir.

Birincisi, prinsipcə, hər kəlmə başı hamının “mərhəmətli və rəhmdil Allah” adlandırdığı uca yaradan günahkarlarla məsum bəndələri eyni mərəzlə kütləvi şəkildə cəzalandırmaz. Bu, onun missiyasına daxil, obrazına uyğun deyil.

İkincisi, virus pandemiyasını “Allahın işi”, “olacaq”, “tale” məsələsi kimi qəbul etsək, gərək onda pandemiyaya qarşı mübarizə aparmayaq. Əgər biz bu xəstəliyə yoluxmamaq üçün yüz cür tədbir görürüksə, o zaman Allahın iradəsinə qarşı çıxmış oluruq.
Müşahidə etdiyimiz kimi, dünyanın dini mərkəzlərində – Vatikanda, Məkkədə, Qumda, Qüdsdə (Yerusəlim) belə virus təhlükəsinə qarşı mübarizə aparır, hətta dini ayinlərin keçirilməsini təxirə salırlar.

Demək, bu dini mərkəzlər də inanırlar, bilirlər ki, bu, Allahın cəzası deyil, insan səhlənkarlığının, cinayətkarlığının nəticəsidir.

Ona görə də biz gərək ayıq olaq və “bəxtimiz belə gətirdi”, “alın yazımız beləymiş” deyə taleyimizlə barışmayaq, təslim olmayaq.

Əgər bu virus məkrli niyyətlərlə istifadə olunan elmin bəhrəsidirsə də, insan tamahının nəticəsidirsə də, sonda bunun çarəsini xurafatçılar yox, alimlər tapacaq.