Almaniya kanslerinin Instagram səhifəsində yerləşdirilmiş bu foto Kanadada keçirilmiş G7 sammitinin necə gərgin şəraitdə keçdiyindən xəbər verir.
Angela Merkel-in rəsmi Instagram səhifəsində paylaşılmış bu fotoda , görəsən, kim kimdir?
1. Donald Trump, ABŞ prezidenti
Donald Trump polad və alüminium idxalına rüsum tariflərinin, müvafiq olaraq, 25% və 10% qaldırılacağını elan etməklə ABŞ müttəfiqləri olan Aİ, Kanada və Meksikanı şoka salıb.
İxracatçı ölkələr cavab tədbirlər görəcəklərini bildiriblər.
Gərgin qarşıdurma özünü G7 sammitində də göstərib.
Nəticədə, Donald Trump G7 sammitində təklənmiş vəziyyətə düşüb və zirvə görüşü sona çatmadan tədbiri tərk edib.
2. John Bolton, ABŞ Milli Təhlükəsizlik müşaviri
John Bolton cəmi 3 ay bundan əvvəl vəzifəsinə təyin olunub, lakin artıq onun nüfuzunun təsiri özünü göstərməkdədir. Belə ki, prezident Trump tariflərin qaldırılmasını “milli təhlükəsizlik ehtiyacı ilə” əsaslandırıb.
3. Kazuyuki Yamazaki, Yaponiya Xarici İşlər nazirinin müavini
Tutduğu vəzifəyə 2017-ci ilin iyun ayında təyin olunub.
4. Shinzo Abe, Yaponiyanın baş naziri
Trump ABŞ prezidenti seçildikdikdən sonra 10 dəfə Yaponiyanın baş naziri ilə görüşüb. Lakin tarif qalmaqalına görə, sammitdə Shinzo Abe çətin vəziyyətə düşüb.
5. Yasutoshi Nishimura, Yaponiya Nazirlər Kabineti katibliyinin rəis müavini
Yasutoshi Nishimura Yaponiya parlamentinin deputatıdır, əvvəllər Beynəlxalq ticarət və sənaye nazirliyində çalışıb.
6. Angela Merkel, Almaniya kansleri
Şəkildən də göründüyü kimi, Angela Merkel sammitdəki ziddiyyətli məsələlərin həlli məqsədilə aparılmış danışıqlarda əsas fiqurlardan biri olub.
Trump ilə münasibətlərinin nə yerdə olduğuna dair suala cavab verən Merkel deyib ki, bəzi məsələlərdə özünü göstərən fikir ayrılığına baxmayaraq onlar dialoq apara bilirlər.
7. Emmanuel Macron, Fransa prezidenti
Prezident Macron-un komandası bildirib ki, onun prezident Trump-la danışıqları “səmimi və dinamik” keçib.
Lakin Trump sosial media vasitəsi ilə Kanadanın baş naziri Trudeau-nun ünvanına qəzəbli yazı paylaşandan sonra, Fransa prezidenti bəyan edib ki, “beynəlxalq əməkdaşlıq qəzəb hisslərilə və ötəri atmacalarla idarə oluna bilməz”.
8. Theresa May, Britaniyanın baş naziri
Theresa May ötən həftə prezident Trump ilə telefon danışığında ABŞ tariflərinin “əsassız və məyusedici” olduğunu qeyd etmişdi.
Lakin sammit zamanı Britaniyanın baş naziri daha yumşaq mövqe tutaraq, iştirakçı həmkarlarını mümkün ticarət müharibəsi həddindən geri çəkilməyə çağırıb.
9. Larry Kudlow, ABŞ Milli İqtisadi Şurasının direktoru
Donald Trump-ın aparıcı iqtisadi müşaviri. Larry Kudlow yeni tariflərə dair qərarı müdafiə edir.
CNN televiziyasına sammitdən sonra verdiyi müsahibəsində Larry Kudlow deyib ki, prezident Trump və onun komandası G7 sammitinə yüksək əhval-ruhiyyədə gedib.
Lakin Kanadanın baş naziri Trudeau, keçirdiyi mətbuat konfransında, “bizə arxadan zərbə vurub”, Kudlow vurğulayıb.