Bizim planetar təsirlərimiz, dünyanı sabitlik və tərəqqiyə doğru dəyişdirmək üçün atdığımız addımlar artıq Yaponiyada da bəhrəsini verməkdədir. Adı bir elmi versiyaya görə, YAP-dan götürülmüş gündoğar ölkədə – bunun özü də Azərbaycanın dünyaya Günəş kimi doğmasının əlamətidir – görünməmiş proseslər cərəyan etməkdədir. Yox, narahatlığa ehtiyac yoxdur, orda nə sunami, nə zəlzələ olubdur. (Elə də yazdım, guya bunlar Yaponiya üçün fövqəladə hadisələrdir). Baş nazir Sindzo Abe müəllimi təzədən baş nazir qoyublar. Bəs bunun nəyi qeyri-Abe, daha doğrusu, qeyri-adi haldır? (Bir rəhmətlik telekanalizasiyanın rəhmətlik aparıcısı belə gicgici söz oyunları ilə tamaşaçılarımızın efir qəlbini uzun illər fəth etmişdi. Eh, əcəb günlər vardı…)
Söhbət ondadır ki, Sindzo müəllim 2006-2007-ci illərdə baş nazir olmuşdur. Daha sonra 2012-ci ildə baş nazirliyə yiyələnib və indiyə qədər də vəzifədə qalırdı. İndi isə 2021-ci ilədək baş nazir olacaqdır. Bu minvalla Sindzo müəllimin baş nazirlik sroku (NK yanında dil komissiyasının acığına belə yazıram; guya “müddət” bizim sözdür?) üst-üstə 10 il eləyir. Yaponiya üçün fantastik müddətdir. Doğrudur, bizdə Artur müəllimin 1500 ildir baş nazir olmasını nəzərə alsaq, yaponların 10 ili göz qırpımıdır. Ancaq mən bir dəfə hesablamışdım, Artur müəllimin üstündə yaponlar düz 11 baş nazir dəyişmişdilər. Bu baxımdan Yaponiyada nəsə islahat gedir. Nazirlərin, dövlət xadimlərinin kresloya kök atması sürətlənir.
Ümumən götürsək, bütün dünyada belənçik sabitləşmə prosesləri getməkdədir. Almaniyada Merkel, Türkiyədə Ərdoğan, Rusiyada Putin, inşallah Amerikada Tramp… Hamısı uzun müddətə vəzifədə qalır. Xalq bu kadrlara səs verib dəyişiklik eləmək istəmir. Əgər dəyişib yaxşısını qoya bilməyəcəksənsə, niyə də dəyişəsən? O keçmiş nərmənazik demokrat-memokrat oyunbazlıqlarını rədd eləmək lazımdır. Yaponiyada hər il baş nazir dəyişilirdi, nəticədə camaat sunamidən bezmişdi. Sanki orada AXC-Müsavat cütlüyünün 90-cı illər dövrü idi. İnsanlar sakura ağacının çiçəkləməyinə baxmaq üçün küçəyə belə çıxa bilmirdilər. Sindzo müəllimin rəhbərliyi dövründə isə tam ictimai-siyasi sabitlik bərqərar oldu. Hətta iki il qabaq Yaponiya səfirliyi Beyləqanda məktəb üçün təzə tualet tikib istifadəyə vermişdir!
Sözgəlişi, Sindzo Abe müəllimin ana babası Yaponiyanın baş naziri (1957-60-cı illərdə), atası isə xarici işlər naziri işləmişdir (1980-ci illərdə). Ta bunu nəyə misal yazdım, özünüz tapın.
Bundan başqa, Sindzo Abe Yaponiya iqtisadiyyatını qaldırmaq üçün süni devalvasiya metodundan yararlanır. Qəsdən yapon yen-ini “öldürür” ki, nəticədə başqa ölkələr yerli malları daha çox alsın. Deyilənə görə bunun sayəsində Yaponiya iqtisadiyyatı tərəqqi edibdir. Necə ki, bizdə də Elman müəllim iki dəfə manatın belini qırandan sonra bütün dünya axışıb “Naz-Lifan” avtomobili və “İsmabike” yelsəbetləri almaqdadır. Mən özüm həmişə Göyçay pendiri və Kürdəmir narı alıram, baxmayaraq daxilən mühacirətdəyəm.
Ümumiyyətlə, avtoritarizmin, bir şəxsə pərəstişin, hakimiyyətin bir əldə cəmləşməsinin mənfi hal sayılması tarixə qovuşur. Avtoritetlər bu saat dünyada çox şeyi həll edirlər. Camaat da onlara pərəstiş edir. Görürsən arada onlar bir-birini qırdılar, camaat elə dəbdəbəli dəfn mərasimi düzəldir ki, sanarsan akademik ölübdür. Yaxud, ən qəşəng səsi olan manıslar avtoritetlərin dalıyca türmə yollarında can qoyurlar. Lotu dünyası haqda kitablar Viktor Hüqonun “Səfillər” əsərini oxunmaz etmişdir. (Hərçənd axtarsan, orda da avtoritetin idealizəsi hallarına rast gəlinirdi). Biz insanlar lotular, oğrular, quldurbaşılar, avtoritetlər olmasa yaşamaqda çətinlik çəkərik. Bizə mütləq ağa lazımdır. Üz-gözümüz öyrəşən ağa isə ən yaxşısıdır.
Qərbdə belə afyorizm vardı qabaqlar: “Hökumət pampers kimidir, gərək onu tez-tez dəyişəsən”. Belə çıxır daha altını batırmaq da tarixdə qalmışdır.