Çox istəyirdik ki, qalib gələk. Futbolçuların hər birinə “sağ ol” deyirəm. Hər bir insan qalib gəlmək istəyir. Son vaxtlar stadionda belə anşlaq olduğunu xatırlamıram.
APA-nın məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
Matçdan sonra keçirilən mətbuat konfransında Qurbanov son anda əldən verdikləri qələbəni belə şərh edib: “Əfsuslar olsun ki, futbolda bəzən istəmədiyin, düşünmədiyin nəticələr olur. Qol vurmağa çalışdıq. Futbolçular əllərindən gələni etdilər. Amma sonluq yaxşı olmadı. Rəqibi təbrik edirəm. Daxili çempionat başlayacaq. Onunla yanaşı, Avroliqanın pley-offunda çıxış edəcəyik. Əlbəttə ki, futbolçularım ən yaxşısını etməyə çalışdılar”.
– İtaliya “İnter”inə qalib gələ bilmədiyiniz oyundan sonra daha çox üzülmüşdünüz, yoxsa bu gün?
– Yenidən yıxıldıq. İdmandı, hamımız bununla razılaşmalıyıq. Sadəcə, inamımızı itirməyək. Başda mən olmaqla, futbolçular da inamımızı saxlamalıyıq. Qismətimizdə yoxdusa, deməli, bu nəticə olacaqdı. Ən azından, hamı oyundan sona qədər həzz aldı. Belə bir turnirdə sona kimi mübarizə aparmağa çalışdıq.
– Buraxdığınız qol sizi daha çox məyus etdi, yoxsa Miçelin qaçırdığı qol imkanı?
– Buraxdığımız qol məni daha çox məyus etdi. Çünki o olmasaydı, qələbə qazanacaqdıq. Məyusedici anlar çoxdu. Sonda nəticə məyusedici olur.