img1836587

Əkrəm Əylisli Azərbaycan prezidentinə müraciət edib. Məlum aeroport qalmaqalına görə. Yaşını, xəstəliyini, qocalığını xatırladıb. Deyib ki, işin bu həddə çatacağını gözləmirmiş. O üzdən də İlham Əliyevdən xahiş edib ki, məsələyə müdaxilə etsin.

“Aeroport qalmaqalı”nın mahiyyətini oxucular yəqin bilir. Qısaca xatırladım ki, martın 30-da Əkrəm Əylisli Milan şəhərində ədəbiyyat festivalında iştirak etmək üçün ölkədən çıxmaq istəyib, lakin Sərhəd Xidmətinin əməkdaşları onun təyyarəyə minməsinə mane olublar.

Özəl mənbələrdən bizə çatan məlumata görə, Ə.Əylislinin ölkədən getməsinin gerçək səbəbləri haqda dövlətdə müfəssəl informasiya olub. “Yeni Müsavat”ın 16 aprel tarixli sayında “Əkrəm Əylislinin ölkədən buraxılmamasının şok sirri – “Nobel alıb, dönməyəcəkdi…” başlıqlı yazı dərc olunub

(http://musavat.com/news/gundem/ekrem-eylislinin-olkeden-buraxilmamasinin-shok-sirri-nobel-alib-donmeyecekdi_340252.html).

Yazının özəti bundan ibarətdi ki, yazıçı festivala qatılmaq adı ilə Azərbaycanı tərk edib bir daha geri qayıtmayacaqmış. Sonra isə yazdığı “Daş yuxular” romanına görə öz ölkəsində təqib olunduğu üzündən Avropa ölkələrdən birindən sığınacaq alacaq, axırda da Nobel mükafatı ilə ödülləndiriləcəkmiş. Məlumatı redaksiyamıza verən mənbə iddia edir ki, bu üzdən də – bir qrup anti-Azərbaycan güclərinin əlində vasitə olmaması üçün hökumət Ə.Əylislinin ölkədən çıxışını əngəlləyib.

Yeri gəlmişkən, yazıçının hava limanında saxlanması və sonrakı proseslər barədə bəzi tənqidi qeydlərimi oxucularla bölüşməyi lazım bilirəm. Yaşı 80-ə çatan adamın 35 yaşlı gəncə yumruqla xəsarət yetirməsi barədə hüquq mühafizə orqanlarının məlumatı çox qüsurludur. Elə yazıçı özü də bunu əsas arqument kimi dövriyyəyə buraxıb. Bizim müstəntiqlərin illərdir bu cür primitiv ssenarilər tərtib etməsi üzücüdü. Əgər dövlət marağı kiminsə ölkədən çıxışını yasaqlamağı tələb edirsə, o zaman zəhmət çəkin, bir az səviyyəli, inandırıcı bəhanələr tapın. Bəzən bizim hüquq-mühafizə orqanları qeyri-peşəkar və məsuliyyətsiz davranışları ilə istənilən suçluya, millətə, dövlətə xələl gətirən şəxsə ictimai rəğbət yaradır…

Əkrəm Əylislinin yazdığı “Daş yuxular” adlı kiçik həcmli romanı onun özünü də işə salıb, Azərbaycana da ciddi problemlər yaradıb. Ə.Əylislidə kompleks var. O, mənsub olduğu xalqı, ölkəni sevmir, sevə bilmir. Üstəlik, bu sevgisizliyini, bəzi hallarda isə nifrətini yazdığı bədii əsərlərdə, verdiyi müsahibələrdə, polemikalarda açıq büruzə verir. “Daş yuxular” isə onun Azərbaycana və azərbaycanlılara nifrətinin pik həddi sayıla bilər. Adam o əsərdə açıq şəkildə ermənilərin azərbaycanlılar tərəfindən qətlə yetirildiyini göstərib. Düşmən xalqın əzabkeş, bizim isə vəhşi, kültürsüz, qaniçən obrazımızı yaradıb. Bu əsər Əkrəm Əylislinin Azərbaycana xəyanət romanıdır.

Roman ətrafında ilk gündən başlayan qalmaqala öz mövqeyimizi bildirmişik. Ə.Əylislinin “Daş yuxular”ını Azərbaycana, onun bu gününə, sabahına ciddi zərbə olduğunu bildirmişik. Yenə də həmin mövqedəyik. Heç bir şöhrət, ad-san, mükafat ağlı başında olan adamı xalqına qarşı bu şəkildə təxribata həvəsləndirə bilməz. Lap deyək, ölkənə, təmsil olunduğun topluma nifrət edirsən, hardasa başa düşmək olar, hər kəs özünü sevgidə ifadə etməz ki, nifrətdən enerji alıb yaşayan nə qədər xəstə insanlar var. Amma bunu düşmənə açıq rəğbət bildirişi ilə roman şəklinə salıb dünyaya duyurmana nə gərək? Axı sözün yazı forması yüz illərlə, min illərlə qalır, yaşayır, arxivlərdə saxlanır. 100 ildən çoxdur Azərbaycanla düşmənçilik aparan bir xalqın əlinə ideoloji silah verirsən.

Ə.Əylisinin bu ideoloji təxribatı təkcə ölkəsinə nifrətdən qaynaqlanmır. O, həm də qarşısına “Nobel” mükafatı almaq məqsədi qoyub. Amma kimdi Azərbaycandan olan bir yazıçıya o mükafatı verən. Ana xətti azərbaycanlıların günahsız, dinc erməniləri qətlə yetirməsi olan bir romanla isə bu mükafatı qazanmaq mümkündür.

Ortada Orxan Pamuk nümunəsi var. O, bir müsahibəsində türklərin erməniləri və kürdləri kütləvi şəkildə qətlə yetirdiyini iddia etdi. Sonra ölkəsində təqib edildi. Türkiyəyə buraxılmadı. Ardınca da Pamuk ödülləndirildi – “Nobel” aldı. Bizim düşmən qarşısında dilimizi gödək, başımızı aşağı edən bir yazıçının bu nüfuzlu mükafatı almasına ehtiyacımız varmı? Əsla!

Əkrəm Əylislinin nəvəsi yaşda əsgərlərin şəhid olduğu bu günlərdə “Daş yuxular” romanı adama daha çox toxunur. O gəncləri ermənilər öldürüb, həm də Azərbaycan torpaqlarında. Ə.Əylisli son olanlardan nəticə çıxarıb xalqından bu romana görə üzr istəməli idi. Fəqət adam hələ də özünü haqlı sayır. Onun prezidentə müraciətində bir məqam diqqətimi çəkdi.

Sitat: “Dünyanın siyasətə qarışmayan bir çox nüfuzlu nəşriyyatları tərəfindən bu əsər, məhz bədii-estetik mətn kimi, yüksək dəyərləndirilmiş və nəşr edilmişdi. Və mən ürəkdən sevinirdim ki, əsərim mövsümü millətçi maraqlara yox, varlığında, tarixən, böyük humanist ideyalar və yüksək bəşəri amallar yaşadan Azərbaycan ədəbiyyatına xidmət edir”.

Adam xalqını yazdığı əsərdə mədəniyyətsiz, qaniçən obrazında təqdim edib, sonra da deyir ki, dünyanın nüfuzlu nəşriyyatları bu romanı bədii-estetik mətn kimi dəyərləndirir. Dəyərləndirəcək təbii ki. Çünki əhalisi müsəlman-türk olan Azərbaycanın xeyrinə orda heç nə yoxdur. Olsaydı, əsla o əsərə yaxın duran nəşriyyat tapılmazdı.

Dünən prezident İlham Əliyev bir çox hərbçiləri təltif etdi. Onların içində aprelin əvvəlində şəhid olan hərbçilər də var, deyilənə görə. Əkrəm Əylisli də zamanında öz ölkəsinin ən ali mükafatları ilə təltif edilmişdi. 3 il öncə hamısını geri aldı dövlət başçısı. “Daş yuxular” romanına görə.

Bəs tarixin mükafatı nə olacaq Əkrəm Əylisli üçün? Öz ölkəsinə, millətinə, bayrağına dönük çıxmış bir yazıçı, şair, elm adamı göstərin ki, o, tarixdə müsbət işarəylə qalsın, ehtiramla xatırlansın. Tarixin lənəti cəhənnəm atəşindən də betər olur…

Prezidenti deyə bilmərəm, şəxsən mən bir azərbaycanlı kimi öz adıma o yazıçını bağışlayammıram…

Azər AYXAN