Xəbər verdiyimiz kimi Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev ona şeir həsr edən işçisi, şair Vaqif Bəhmənliyə töhmət verib.
Bu barədə nazirliyin yaydığı rəsmi məlumatda qeyd olunur.
Məlumata görə, “Hamıya yaxşılıq” adlı şeir “525-ci qəzet”də dərc edildikdən sonra müxtəlif saytlarda və sosial şəbəkələrdə geniş müzakirə edilib və ictimaiyyət tərəfindən müxtəlif səpkili münasibət bildirilib. Bu şeir təxminən 5-6 ay əvvəl Vaqif Quliyev tərəfindən yazılıb və görüşlərin birində nazirə göstərilib. Lakin nazir Əbülfəs Qarayev şeirdə işlənən ifadələrdən o qədər də razı qalmamış, edilən təriflərə öz iradını bildirmiş və bu yazının bir daha üzə çıxarılmamasını və heç bir yerdə dərc edilməməsini tapşırıb. Lakin şeirin qəzetdə dərcdindən sonra mədəniyyət və turizm nazirinin 28 oktyabr 2015-ci il tarixli əmri ilə Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri Vaqif Quliyevə töhmət elan olunub.
AzNews.az V.Quliyevin töhmət almasına səbəb olan şeiri təqdim edir:
Əbülfəs müəllim, dilinə qurban,
Tamam düz deyirsən,
dediyin haqdı –
Yaxşılıq yolunda can qoymusan, can,
Nə ki yamanlıq var, səndən uzaqdı.
Qəlbini bir dəfə boşaldıb ildə,
hətta dil tapırsan iblis adamla.
Bülbültək ötürsən beş-altı dildə,
Pisliyin dilini bilmirsən amma.
Alova yaxşılıq…
hisə yaxşılıq…
Lap yansın çırağı qara evlərin.
Yaxşıya yaxşılıq,
pisə yaxşılıq –
Həyat tərzi budur Qarayevlərin.
Əclaf da, paxıl da unudur kini –
Nadan fikrə gedir qanmayanda da.
Üzü işıqlanır, adam sevinir
Qardaş, sən adamı danlayanda da.
Müsbət rəy…
hər kəsin ərizəsinə –
Nizamülmülk kimi yaxşı vəzirsən.
Qalxırsan dirinin lap zirvəsinə
Ölünün içində həyat gəzirsən.
Son hesab xaliqin həddinə yetsə;
dua var dəryanın
yaş balığında.
Lap bir gün
Allah da ziddinə getsə
Yenə usanmazsan yaxşılığından.
Çürük kötükdə də pöhrə gücü var,
Yaxşılıq suyuna çək iyrəncləri.
Atan əvəzidi bütün qocalar,
balantək sevirsən bütün gəncləri.
Bəlkə
sənə görə açılır səhər?
Harda varsan, orda
xeyir dolaşır.
Düşəndə axşamlar,
qarışanda şər
Qanadın altına xeyir doluşur.
Qalaça tikirsən daş qalağından –
Adam çox…
hamıya bu vərdiş gəlmir.
Qardaş, bir an qalma yaxşılığından,
Onsuz da əlindən yaman iş gəlmir!…
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.