Bu gün Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsinin əməkdaşları Qubad İbadoğlunun rəhbərlik etdiyi İqtisadi Tədqiqatlar Mərkəzinin ofisində axtarış aparılıb.
AzNews.az xəbər verir ki, bu barədə iqtisadi ekspert Qubad İbadoğlunun özü məlumat verib.
3 saatadək davam edən axtarışdan sonra Mərkəzin və İctimai Birliklərin Mədən sənayesində şəffaflığın artırılması Koalisiyasının, Milli Büdcə Qrupunun bütün kompüterlərini və maliyyə-mühasibat sənədlərini müsadirə edilərək götürülüb.
“Ofisə gələnlər bu, bizlik deyil, deməklə özlərini sığortalamaq istəyiblər. Hesab edirəm ki, bu mənim Mədən sənayesində şəffaflıq üzrə Beynəlxalq İdarə Heyətindəki fəaliyyətimlə bağlıdır”, – deyə Qubad İbadoğlu bildirib.
Q.İbadoğlu onu da vurğulayıb ki, rəhbərlik etdiyi İqtisadi Tədqiqatlar Mərkəzinin fəaliyyəti hər il auditor yoxlamasından keçib və maliyyə-təsərrüfat fəaliyyəti Azərbaycan qanunvericiliyinə və beynəlxalq standartlara uygun qurulub: “Biz daimi hesabatlı və şəffaf işləmişik, bütün vergi öhdəliklərimizi də vaxtlı-vaxtında yerinə yetirmişik”.