Katolik kilsəsinin Papası erməni soyqırımını rəsmən tanıdığını dilə gətirib.
“İyirminci əsrdə ilk soyqırım ermənilərə qarşı gerçəkləşdirilib”, – deyib.
Elə bunu deyər deməz Türkiyə, Azərbaycan dəyib bir-birinə.
Papanı ittiham edir hamı.
Özünüzü qoyun Papanın yerinə.
Soyqırım tanıtmaq istəyirsənsə göstəricilərin uyğun olsun gərək.
Ən bahalı brendlərdən geyinəcəksənsə, saysız şirkətlərin, mülklərin, villaların olacaqsa, ölkəndə salamat bir sahəsi tapılmayacaqsa, vicdan məhbusların, naməlum qətllərin, bahalı – bahalı jestlərin, hədiyyələrin, bilinən monopoliyan, heç faydası olmayan, professional tələblərə uyğun gəlməyən televiziyaların, qəpik – quruş alan, adı seçki saxtakarı kimi çıxan müəllimin- ziyalınla, mədhiyyələr deyən şairlərinlə, Nobelə təqdim etmək istədiyin ( ki Nobelin ən vacib şərtlərindən biri dissidentlik, cəmiyyətin problemlərinə biganə qalmamaq və hakimiyyəti təmsil etməməkdi) məmur- yazıçılarınla kimsə soyqırımını tanıyarmı, canım Azərbaycan? Papa dindar adamdı. Allahı, ədaləti təmsil edir, əziləni qoruyan imic yaratmağa çalışır. Zülüm – zillətlə öz din qardaşlarını, yaxın dini görüşləri başına yığıb onlara ATA- lıq edir. İndi bir burnu fırtıqlı uşaq ağlaya – ağlaya gəlib ondan kömək istəyirsə, onu qoyub cəh – calal içində yaşayan, yediyi önündə, yemədiyi arxasında olan, əziz-xələf, ərköyün papanın gül balasını dəstəkləyəcəkmi? Biz kənardan çox “ gül bala” görünürük. O biri tərəfdən də bir abimiz var ki, Osmanlı kimi İmperiyanın varisidi. Qüdrətli bir məmləkətdi. Başçısı da bütün günü hamıya barmaq silkələyir. Güclü hərbçiləri həbsə atır, əbədi damğa olan “Gəzi parkı” olayında aksiya edən gəncləri döyür, mafiozlara, terrorçu qruplara şərait yaradır , itən, zorlanan saysız-hesabsız qadınlar var, tədbir görülmür. Nəsil davaları, bandalar, aftoritetlər, narkobaronlar, qısaca, bir “Qurdlar vadisi” ölkə. Bir də, yoxsulluq içində batan, üstü – başı sadə, villası – filanı, oliqarxları, mafiozları yox, üstəlik, Rusiya kimi bir nəhəngin ömürlük əsiri olan Ermənistan. Türkün isə bu başından o başı bilinmir. Papa olmasın, biz olaq. Bu paraleldə ermənilər qurban kimi görünmür? Fikirləşmərik ki, öz məmləkətinə, xalqına amansızlıq edən, bir-birinin haqqını yeyən bir etnos niyə də erməni qırmasın? Hələ bir bizim “vid- fasonumuza” baxan nə düşünər? Ermənilərin bizi qırması kimin ağlına gələr? Sadə məntiqdi. Yenə deyirəm, mənim siyasətdən başım çıxmır. Çünki niyə? Çünki gecə saat üçdə, dövlət televiziyasında “ Torpaq” adında statik, iki planlı veriliş yayınlayıb, üç maraqsız, kameradan qorxan kişini kiflənmiş estetikayla efirə çıxarıb, yekə taxtanın ətrafında oturdaraq, Quba, Bakı soyqırımından danışdırıb, ermənilərin qabırğasına döşəməklə nə əldə oluna bilər, bundan başım çıxmır, çıxamayacaq da. Bu TV – ni isə yekə-yekə əmilər, hətta babalar nəzarətdə saxlayır, idarə edir, xeylax adamın təşkilatçılığı, strateji planları əsasında çəkilir verilişlər. Nətər olur, onlar bilmir, mən bilirəm? Demək mənim sadəcə siyasətdən başım çıxmır. Ancaq başım çıxan məsələlər də var. İstəyirsən İsveçrədə yox e, Yupiterdə konfrans keçir, xeyri yoxdu! Diqqəti problemə çəkmək üçün sadə görünmən, təvazökar, gözütox ziyalı, fədakar obrazında olman, ədalətli sayılman çoox önəmlidi. Biz o xarici lediləri, diplomatları, siyasiləri də görürük, Necə o qədər sadə ola bilir bu adamlar? Çox bilgidənmi, genetikdimi, xalqın özəlliyidimi, diplomatik priyomdumu?..
Şərqşünas alim Aida İmanquliyevanın bir araşdırma kitabı var məndə. Üç böyük Ərəb yazarı haqda kifayət qədər maraqlı, əsaslı, sadə dillə ifadə olunmuş, dünya ədəbiyyatından paralellərlə, sitatlar, tutuşdurmalarla zəngin bir kitabdı. Aida xanımın yazı dili adamı təsirə salır, müəllif danışır sənlə. Elə bilirsən sağ olsa iki yazar qadın kimi oturub dərdləşə, o ilahi qata – nirvanaya qalxa, bir yerdə ağlaya, gülə bilərsiz. 1992 – ci ildə dünyasını dəyişib Aida xanım. Bu araşdırmanı çox – çox əvvəl edib. Ordakı bəzi mətləbləri bu gün özünə ədəbiyyat adamı deyən çoxu bilmir. Ərəb ədəbiyyatı ilə Amerika, Avropa, Rusiya ədəbiyyatı əvəzləyici metaforalarla, örnək detallarla bir – birinə keçid edir kitabda. Əladı, nə yalan deyim. Ancaq anlaya bilmədiyim başqa məsələdi. Bu cür irsi daşıyanların, belə dərin genetikası olanların aşırı komformistliyi nəylə bağlıdı…
Böyük İskəndər hara gedirdisə müdriklərlə görüşürdü, filosof, yazıçı axtarırdı. Bilirdi ki, onun qılınc, pul, ordu ilə bacarmadığını, Diogen ağlı, müdrikliyi ilə bacaracaq. Dünyanı əbədiyyən fəth edəcək. Ziyalılığa əslində çox şey daha asan başa gəlir. Döyüşmədən, özünə əl qatmadan, sakitcə…
Hansısa sözə, mövqeyə hətta davranışa görə kimisə öldürmək, həbs etmək, qəzəblənmək, “mənə ağıl öyrətmə” janrında yaşayıb, heç bir tənqidi yaxına buraxmamaq da olar. Ancaq ən azı hamıdan gizli bircə dəfə öz içində “bəlkə dediklərində haqq var” güzəştinə getmək də olar . Hamıya düşmən gözü ilə baxmaq özümüzə ziyandı. Çünki o “ hamının” içində bizə dost olanları da itirə bilərik. Fayda verəcək, dəyərli adamları da görmərik. Deyir, adın çıxınca, canın çıxsın. İmicin zədəlidi, canım ölkəm. Səni antidemokratik, monopolist, qanunları işləməyən, rüşvət bataqlığında çabalayan, hər işini pulla həll edən oliqarxlar ölkəsi kimi tanıyırlar. Bu imiclə kimsə sənə yanmaz. Ən azı Saakaşvilinin idarəçilik modelinə uyğun bir yol seçməmiz gərəkirdi.
Qusurumuz mümkün qədər az, üstünlüyümüz mümkün qədər çox olsaydı kaş. Siyasətdən başım çıxmaya bilər, ancaq pulla alınmayacaq çox nəsnə, dəyər var, həmin o dəyərlərdən başım çıxır.