Rusiyada yaşayan nüfuzlu azərbaycanlı iş adamı Araz Ağalarova məxsus “Crocus City” şirkəti eyniadlı yaşayış və istirahət kompleksinin ərazisində 12 min kvadratmetr ərazisi olan okeanarium və 40-50 mərtəbəli 13 yaşayış binası tikir.
Virtualaz.org saytı Rusiya KİV-lərinə istinadən xəbər verir ki, iş adamı okeanariumun Rusiya iqlim zonasına uyğun olacağını bildirib. Okeanarium ilin sonuna qədər istifadəyə veriləcək. Çoxmərtəbəli binaların tikintisi isə iki il yarım sonra yekunlaşmalıdır.
A.Ağalarov deyib ki, Moskvada 50 mərtəbədən hündür bina tikmək mənasızdır. Çünki liftlər çox baha başa gəlir, belə binalarda isə liftlər maya dəyərinin az qala 5 faizini təşkil edir. Üstəlik onlar bina daxilində xeyli məkan “yeyir”.
Biznesmenin bildirdiyinə görə, 50 mərtəbədən hündür binaların tikintisi Manhetten, Tokio və ya Honkonq kimi torpaq sahələrinin çox baha olduğu şəhərlərdə sərfəlidir.