Bu gün nəğməkar şair Baba Vəziroğlunun doğum günüdür. Yaşının üstünə daha bir yaş gələn şair 61-ə qədəm qoyur.
Qocalıqdan, yaşlaşmaqdan qorxmadığını etiraf edən B.Vəziroğlu AzNews.az-a açıqlamasında doğum günlərində daha da cavanlaşdığını deyib: “Ad günümü həmişə evimdə, ailəmlə birlikdə qeyd edirəm. Kim istəyir gəlir. Dəvətsiz-filansız. Dünəndən başlayan zənglərin ardı-arası kəsilmir. Bütün Azərbaycandan mənə zənglər olunur”.
B.Vəziroğlu bildirib ki, ilk təbrik zəngini Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovdan alıb: “Çox hörmətli Kamal müəllim mənə gecəykən zəng etdi. Mənə yaradıcılığımda uğurlar və ən başlıcası can sağlığı arzuladı. Hələ doğum günü hədiyyəsi də oldu – gözəl bir mahnı”.
Nəğməkar şair onu da əlavə edib ki, yaxın günlərdə bəstəkar Kamalla birgə layihəsinin təqdimat mərasimi düzənlənəcək: “Artıq təqdimat üçün hər şey hazırdır. Eyni zamanda “Sən oldun” adlı kitabımın təqdimatı da keçiriləcək”.