“Bu gün talessimiya, hemofiliya xəstəsi olan cütlük nikaha girən zaman uşaqları da xəstə doğulur. Xəstə doğulmuş uşaq isə ailəyə də, cəmiyyətə də problem yaradır. Sağlam uşaq dünyaya gətirməyin yolu yalnız budur: nikahdan əvvəl müayinədən keçmək”.
Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.
O, qeyd edib ki, bu məsələdə tibbi arayış çox vacib sənəddir. “Çünki arayış əldə ediləndə hansı xəstəliklərin olması aşkara çıxır. Cəmiyyətin saflaşması baş verir. Gənclərə demək istəyirəm ki, nikahdan əvvəl müayinədən keçsinlər, xəstəliklərini bilib müayinə olunsunlar”.
H.Rəcəblinin sözlərinə görə, qanun yanvarın 1-dən qüvvəyə minib: “Bununla belə VVAQ şöbələrinə müraciət edərək bildirmək istəyirəm ki, keçid dövrü olduğunu nəzərə alıb, vətəndaşları incitməsinlər. Çünki qısa müddətdə qəbul edilən qərar olduğundan bəzi qurumlar, tibb orqanları buna hazır deyillər. Sistem olaraq formalaşması müəyyən müddətdən sonra olacaq. Keçid mərhələ olduğundan arayışların verilməsində gecikmələr, sənədlərdə yalnışlıqlar ola bilər, buna görə VVAQ şöbələrini vətəndaşları incitməməyə çağırıram. Şəxslər bütün hallarda nigaha girə bilər. Amma hər kəs öz xəstəliyi barədə məlumatlı olmalı və qarşı tərəfi də bu barədə məlumatlandırmalıdır”.
Deputat bildirib ki, nikaha girənlər müayinədən keçir, arayış isə bir həkim tərəfindən verilir. Və həmin həkim hər iki nikaha daxil olanı risklər barədə məlumatlandırır. Nikaha girib-girməmək isə şəxslərin öhdsinə buraxılır. Qanunda yalnız bir halda nigaha girməyə icazə verilmir. Bu da psixi durumu anlaqsız olan şəxslərə şamil edilir”.
Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Ailə Məcəlləsində etdiyi dəyişikliyə əsasən, 2015-ci ilin 1 yanvar tarixindən qüvvəyə minən qanunla nikaha daxil olmaq istəyən şəxslər müvafiq icra hakimiyyətinin müəyyən etdiyi xəstəliklər üzrə tibbi müayinədən keçməlidirlər. Bunun nəticəsində nikaha daxil olmaq istəyən şəxslərə tibbi müayinədən keçdiklərinə dair arayış veriləcək.
Qanunla nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi, habelə həmin şəxslərə tibbi-genetik, tibbi-psixoloji və ailənin planlaşdırılması məsələləri üzrə məsləhət verilməsi onların müraciəti ilə yaşayış yeri üzrə dövlət və (və ya) bələdiyyə tibb müəssisələrində pulsuz həyata keçirilir.
Nikaha daxil olmaq istəyən şəxslərə onların tibbi müayinəsinin nəticələri ilə yanaşı, tibbi müayinədən keçdiklərini təsdiq edən arayış verilir. Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayış tibbi müayinədən keçmə faktını və tibbi məsləhətin verildiyini təsdiq edir, amma həmin şəxslərin tibbi müayinəsinin nəticələrini əks etdirmir.
Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayış onların müvafiq icra hakimiyyəti orqanına nikaha daxil olmaq barədə verdikləri ərizəyə əlavə olunur. Müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri nikaha daxil olmaq istəyən şəxslərdən onların tibbi müayinəsinin nəticələrini tələb edə bilməz.
Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsinin nəticələri həkim sirridir.
Nikaha daxil olan şəxslərdən biri özündə dəri-zöhrəvi xəstəliyinin və insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin olmasını o birindən gizlətdikdə, digər tərəf nikahın etibarsız sayılması tələbi ilə məhkəməyə müraciət edə bilər.