ANS televiziyası aktrisa Nəsibə Eldarovanın 83 yaşlı anası Səfurə Eldarova haqda reportaj hazırlayıb. Reportajda 83 yaşlı Səfurə Eldarovanın şikayəti nə qonşusundan, nə də ki, qohumundan olub. O, qızı əməkdar artist Nəsibə Eldarovadan şikayət edib.
S.Eldarova deyib ki, çarəsiz şəkildə neçə aydır ki, baxımsız evdə yaşayır. Qızı onu 4 ay bundan öncə buraxıb gedib. Səbəb isə ağbirçəyin ondan yaşadığı mənzili adına keçirməsi tələbi olub.
Gənc Tamaşaçılar Teatrının aktrisası, əməkdar artist Nəsibə Eldarova isə AzNews.az-a açıqlamasında bildirib ki, ANS onun intihar etməyini, ölməyini istəyir: “Allaha and olsun ki, intihar edəcəm, özüm də yazacam ki, mənim ölümümdə günahkar ANS-dir”.
Aktrisa deyib ki, bu olanlardan sonra harada yaşayacağına qərar verə bilmir:”Mən bilmirəm hara gedəm? O, mənim anamdı. Ürəyi istəyir danışır. Evi satdırıb məni küçədə qoymaq istəyir. Kirayədə yaşayan isə mənəm. Bu gün mənə “qızım” deyən ana məni heç vaxt saxlamayıb. O, mənə valideyin gözü ilə baxa bilmir. Nə vaxtsa məni doğub atıb anasının üstünə və çıxıb gedib. Əlim pula çatanda yadına düşmüşəm. Hamı bilir ki, mən ondan nələr çəkmişəm. Oğlum da onun ucbatından dünyasını dəyişib. Oğlumu dəli edən o oldu. Eləcə də mən psixoloji vəziyyətdəyəm. Oğlumun 40 mərasimi çıxmamış üstümə dirəndi ki, evi sat: “Bu ev sənə qalmamalıdır. Dözə bilmərəm. Sən zibil yeşiyinin dibində ölməlisən. Mən öləcəm ev buna qalacaq? Bu da kef edəcək”. Onun vecinə deyil ki, mən 28 yaşında oğul itirdim. Deyir ki, əcəb olub oğlun ölüb”.
Aktrisa onu da əlavə edib ki, övladının ölümünə sevinən ana ilə bir yerdə yaşaya bilməz: “Mən bu qadınla bir evdə necə yaşayım? Evi verdim, çıxdım ordan. Mən evi onun özünə görə satmıram. Çünki evi satıb pulunu ona versəm, dağıdacaq. Sonra da deyəcək ki, məni küçələrdə qoydu. Kommunal xərclərini ödəyirəm, köməklik edirəm, mənim maaşım qədər pensiya alır. Qoy nə qədər istəyir yaşasın. Oğlum sağ idi, dözürdüm, daha dözə bilmirəm”.
ANS Şirkətlər Qrupu prezidentinin media üzrə müşaviri Mais Məmmədov isə əməkdar artistin ANS televiziyasının ünvanına səsləndirdiyi fikirlərə münasibət bildirib: “İndi mən nə edim? Mən birinci onun çıxışına baxmamışam. Nə deyə bilərəm?”.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.