Əslində başqa mövzudan yazmaq istəyirdim. Əlimi klaviaturaya uzatmışdım ki, mobil telefonuma növbəti intiharla bağlı qara xəbər gəldi. Bu dəfə Lerikdə 3 uşaq atası özünü asaraq həyatına son qoyub. Rayon mərkəzinin 3 km-liyindəki Lüləkəran kəndinin 40 yaşlı sakini kommunal təsərrüfat sahəsində fəhlə kimi çalışırmış…
Elə bir gün olmur ki, intihar olayı baş verməsin. Elə srağagün Xaçmaza dayısıgilə qonaq gedən 18 yaşlı gənc atasının ölümünə dözməyib özünü asmışdı. Təsəvvür edin, evə gələn qonaq kəndiri boğazına keçirir. Dəhşətlisi odur ki, bir müddət öncə bu gəncin atası da eyni üsulla – özünü asaraq həyatına son qoyubmuş.
Balaca bir ölkədə nə qədər qara xəbərlər olarmış…Musavat.com-un xəbər bülletenində bir xəbər oxudum, adamın ürəyi parçalanırdı. Siyəzəndə Ceyranbatana gedən kanalda 12 və 13 yaşlı qardaşların ata-anası bu dərdə dözməyərək özlərini elə övladlarının batdığı kanala atmaq istəyib. Böyük faciədir, adam xəbəri belə həyəcansız oxuya bilmir, buna ata-ana ürəyimi dözər? Üstəlik də qardaşlardan birinin meyiti hələ də tapılmayıb.
FHN daha iki yeniyetmənin isə Kürdə batması haqda xəbər yayıb. Bu dəfə də 14 və 16 yaşlı yeniyetmələr nəzarətsiz ərazidə çimərkən boğulub ölüb. Görün təkcə su ilə bağlı neçə ailədə müsibət, vay-şivəndir.
Son günlər yenə də orduda bıçaqlama, “ehtiyatsızlıqdan” əsgər yoldaşını güllələmə xəbərləri yayıldı. Kimisi hospitala, kimisi də həbsə getdi. Düzdür, ordu da cəmiyyətin bir hissəsidir. Amma cəmiyyətin digər kateqoriyalı insanlarından fərqli olaraq əsgər daim nəzarət altında olmalıdır. Bəs, hardadır o əsgərin tağım, bölük, hissə, briqada komandiri? Deməli, kimsə, nəsə yerində olmayıb ki, əsgər bıçaq götürüb yoldaşının qarnına soxub, ya düşmənə tuşlamalı olan avtomatı əsgər yoldaşlarına çevirib gülləni boşaldıb. Digər tərəfdən əsgərin elementar silahla davranmaq problemi varsa, onda vay bizim halımıza. Heç olmasa deməyin “ehtiyatsızlıqdan” olub.
Demək olar ki, hər gün ağır yol qəzaları baş verir. Özü də bir ailənin bir neçə üzvünün həlak olması ilə. Sonuncusu haqda APA xəbər yayıb. Sumqayıt “Mercedes”in aşması nəticəsində sürücü və qardaşı ağır xəsarət alıb, anası və qardaşının həyat yoldaşı isə ölüb. Bütöv bir nəslin həyatına zərbədən söhbət gedir. Yollarda az qala ailələrin soyqırımı baş verir, genefondumuza zərbə vurulur, nə qədər uşaq valideynsiz qalır, talelər qırılır.
Bütün bu ölümlərin, intiharların səbəbi insan həyatının ucuzlaşmasıdır. Allahın verdiyi həyatdan, can sağlığından ki, şirin başqa bir şey yoxdur. İnsan övladı yarandığı gündən yaxşı yaşamaq, gün-güzəran görmək üçün çalışır. Ancaq bizim ölkədə insanlar arasında öz həyatına qıyanların, qıymaq istəyənlərin sayı çoxalır. Dəhşətlisi budur. Özü də hər yerdə. Piyada keçidini qoyub sürətli yolu digər tərəfə keçmək istəyənlə kəndiri boğazına keçirən, ya zəhər içib özünə qəsd edən arasında mahiyyətcə elə ciddi fərq yoxdur. Hər ikisi tələsir, ölümə doğru. Sanki hamı həyatından bezib. Polisin 20 manatlıq cərimə sanksiyası da təsir eləmir. Təkcə bir il ərzində Azərbaycan kimi kiçik ölkədə 2 minə yaxın adam yollarda həlak olursa, bu, dəhşətli rəqəmdir.
İntihar edənlərin doğru-dürüst statistikası məlum deyil, amma gündəlik qara xəbərləri toplayanda böyük siyahı alınır. Bunun üzərinə tikintidə, daş karxanasında, orduda ehtiyatsızlıqdan ölənləri, suda batanları, qazdan boğulanları da gələk. Cəmiyyət olaraq fəlakətli durumdayıq.
Bu cür ucuz ölümlərin artmasının bir səbəbi də bizim kütləvi savadsızlığımızla bağlıdır. Piyada yolu hardan keçməyin lazım olduğunu, sürücü sürət həddini aşmağın ölümə apardığını, suya girən dərinə getməyin təhlükəliliyini anlamır, nəticədə ailələr gözüyaşlı qalır. İntihara əl atanlar da bir anlıq düşünmür ki, bu, çıxış yolu deyil. 3 uşaq atası özündən sonra o körpələrin taleyinin necə olacağını düşünsə, bu yola əl atmaz. Az qala dəb halını alıb intihar məsələsi. Evdə söz-söhbət olur, ər, ya arvad özünü pəncərədən aşağı tullayır. Adam hərdən düşünür, biz nə ilə qidalandıq ki, bu kökə düşdük?
Bizim küll halında reabilitasiyaya, psixoloji yardıma ehtiyacımız var. Alimlər hesablayıb ki, istənilən intihara əl atmaq istəyən şəxs o anda əl saxlayıb 100-ə qədər sayarsa, öz fikrindən daşına bilər. 100 il yaşaya bilmədik, “günah özümüzdədir”. Bəlkə heç olmasa hərdən millət olaraq 100-ədək sayaq…