Gənc müğənni Minanın “Qafqazinfo”ya müsahibəsi
– Yaradıcılığınızda nə kimi yeniliklər var?
– “ANS”də müğənnilik fəaliyyətimə son qoyulduqdan sonra yeni şirkətlə müqavilə bağlamışam. Normal və yalnız iş prinsipi ilə çalışan şirkətdir.
Sözləri Şahruza, musiqisi Mövluda aid olan “Eşq oğrusu” mahnıma klip çəkilib. Klip çəkilişi 3 aydır ki, gedirdi. Həm havalar soyuq olduğu, həm də serial çəkilişi olduğu üçün klip çəkilişi bir qədər uzandı.
Növbəti mahnım “Cavabsız sevgi”dir, o daha çox uğur gətirdi. Klipi artıq hazırdır, rejissor Kənan Musayev ekranlaşdırıb. Yeni mahnılarım çoxdur, hələ ki, işıqlandırmamışam.
– Hər ifaçının yaradıcılığının zirvəsi olan bir mahnı var. “Hər şey istəyirəm” də sizə populyarlıq qazandırdı. Düşünürsüzmü gələcəkdə də bundan daha çox populyarlaşan mahnınız olacaq?
– O ilk idi, partladı. Hər zaman zirvədə qalacaq. Bəlkə də Rihanna ilə duet oxusam o mahnıdan artıq şöhrət qazanar. Düzdür, mən Rihannadan üstün adamla Polat Bülbüloğlu ilə duet ifa etmişəm, bununla fəxr edirəm. “Robot” adlı yeni mahnım var, o da partlayış edəcək. Amma inanmıram ki, “Hər şey istəyirəm” kimi uğur qazansın. Azərbaycanlılar sənətçiyə normal qiymət verməyə hələ hazır deyil, xaricdə hər şey fərqlidir. Xaricdə müğənnilərə dəstək olurlar, müsahibə, verilişdə iştirak etmək üçün pul ödəyirlər. Azərbaycanda müğənnidən yaxşı mənada istifadə edirlər, onun vasitəsilə reklam olunurlar, eyni zamanda ifaçıdan pul alırlar. Başa düşə bilmirəm ki, biz niyə bu qədər geridə qalmışıq. Müəyyən zirvədə olandan sonra özümün qayda-qanunum olacaq, lakin hələ ki, mənə dəstək lazımdır.
– “Novruz” bayramında Sumqayıt şəhərində konsert verdiniz. Necə keçdi?
– Qeyri-adi keçdi. Axşam 12-dən səhərə qədər yatmamışam. Öz mahnılarımı ifa edə bilmədim, çünki mahnılar “ANS”ə məxsusdur, onlar mənə konsertdə ifa etməyə icazə vermədilər. Mənim geyimlərim, aksesuarlarım hamısı hazır idi. Mahnıları orada oxuya bilməyəcəyim xəbərini alanda məcbur oldum yeni mahnılarımı bir gecədə yazdırıb oxudum. Bu mənə zərbə oldu, o mahnılar üzərində çox əziyyət çəkmişəm. “ANS”in haqqı var bunu etməyə, mən proyektəm, hər şeyi onlar ediblər. Lakin bu qədər müğənniyə qarşı haqsızlıq olmaz.
– O mahnıları heç bir yerdə ifa edə bilməzsiniz?
– Yalnız xeyriyyə tədbirlərində, əsgərlərlə görüşdə ifa edə bilərəm. O mahnılardan pul qazana bilmərəm. Ruhdan düşməmişəm, gəncəm, öz üzərimdə çalışıram. Mənim səsim var, o mahnıları ifa etmişəm. Səs məndədir, nə istəsəm ifa edə bilərəm.
– Fərqli bir tərziniz var. Geyimlərinizi özünüz, yoxsa stilist seçir?
– Mənim yaşım azdır, ona görə daha rəngarəng geyimlər seçirəm, prodüserim Şəfiqə də mənə kömək edir. Əsasən xarici ifaçıların geyimlərinə baxıram, Azərbaycan şou-biznesindəkilər müasirliyi ancaq ora-burasını açmaqda görür. Açıq- saçıq geyim də qaydasında olmalıdır. Rihannanın stilini bəyənirəm. Sırf xariclə maraqlanıram, iki il sonra dünyanın Minası olacam, özümü çərçivəyə salmaq istəmirəm, neçə il sonra məni xarici kanallarda göstərəndə arxivimdə qıjı-qıjı geyimli fotolarım olmağını istəmirəm. Geyimlərim və mahnılarım xaric üçün nəzərdə tutulub. Şərt deyil ki, pulun var, gəzdin, əyləndin, özünü “fifiçka” göstərdin bitdi. Üzərində it kimi çalışıb camaata bacarığını göstərməlisən. “ANS”də çalışanda həmişə mənə deyirdilər ki, çalışma maşının, pulun olsun. Özünü sübut etmək üçün it kimi çalışmalısan. Ora mənim üçün böyük bir məktəb oldu.
– Yerli müğənnilərdən kimsə dəstək olur sizə?
– Aygün Kazımovanın iş prinsipini bəyənirəm, həm də şarmlı xanımdır. Daim üzərində çalışan insanları çox sevirəm. Faiq Ağayevi Natavan Həbibini, xalamqızı Elnarə Xəlilovanı çox bəyənirəm.
– Elnarə Xəlilova sizə dəstək olur?
– Əlbəttə olur, Elnarə mənim bacımdır, canımdır, başımın böyüyüdür. Tez unudulan ifaçıları sevmirəm. Mənim kimi çalışmaq lazımdır.
– Artıq siz də toy biznesinə qatılmısınız. Hansı məbləğ qarşılığında el şənliklərində iştirak edirsiniz?
– Mən klub janrında ifa edirəm, el şənliklərinin klub hissəsindəçıxış edirəm. Qiymət deyə bilmərəm, maraqlananlar prodüserimlə əlaqə saxlasınlar.
– El şənliklərində klub janrında ifa etdiyinizi bildirdiniz. Bəs “Maral, maral” mahnısını ifa etməyinizi istəsələr?
– Mən öz mahnılarımdan başqa mahnı ifa etmirəm. Lirik mahnılarım var, popuri, xalq mahnısı, muğam ifa edirəm. Ara mahnıları oxumaram. Bilsəm acından ölürəm “Maral”ı ifa etmərəm, özümü ara mahnılarına satmaram.
– Xarici ölkələrdə keçirilən mahnı müsabiqələrinə qatılmağı düşünmürsünüz?
– Sevil Sevinc bacıları “O Ses Türkiye” müsabiqəsinə getdi, fərqli heç bir şey təqdim etmədilər. Onlar oxuyanda elə bilirdim ki, Röyadır, oxumaqları, danışmaqları onun kimidir. Müsabiqəyə gedilirsə, material aparmaq lazımdır, ölkəmizi təmsil edirlərsə, fərqli bir şey təqdim etmək lazımdır ki, desinlər ki bunlar nələr bacarır. Amma bacılar haqda elə düşünmədilər. Dedilər ki, iki bacı gəlib oxuyub getdi. Uğurlar diləyirəm, gərək bütün gənclər üzərində çalışsın. Mənim heç bir müsabiqəyə qatılmaq istəmirəm. Yaxşı şirkətlərlə çalışmaq istəyirəm ki, məni dünyada tanıtsın. Fərqli işlər görmək lazımdır.
– “Hər şey istəyirəm”, “Dur hoppan” mahnıları fərqli idi və Azərbaycanda heç bir xanım ifaçı bu tip mahnı oxumamışdı.
– Mən bu mahnılara görə nə qədər tənqid olundum. Dəstək olmaqdansa, tənqid etdilər. Yaşım az olduğu üçün bu mahnılar mənə yaraşırdı.
– Azərbaycanda xanım müğənnilərə birmənalı münasibət bəsləmirlər və onlara əxlaqsız təkliflər olunur.
– Haqqımda pis düşünən insanlara demək istəyirəm ki, durun hoppanın.
– Sizə belə bir təklif olunmayıb?
– Mən özümü əxlaqsız aparmıram ki, mənə elə bir təklif olunsun. Adamına görə davranırlar. Özümü normal aparıram, həm də görürlər ki, uşağam.
– Özünüzə nə qədər vaxt ayırırsınız? İdmanla məşğul olursunuz?
– Əvvəllər idmanla məşğul olurdum, indi vaxtım yoxdur. Günlərlə bəzənsəm, doymuram. Harasa gedəndə iki saata tam hazır oluram.
– Minanın həyatında sevgi var?
– Minanın həyatında sevgi var. Bu tək oğlana qarşı deyil, Allaha, anama qarşı məndə böyük sevgi var. Sevgini tək əkscinsə qarşı görmürəm. Lakin düşünürəm ki, mükəmməl sevgi ailə həyatı quranda olacaq, yalnız həyat yoldaşımı sevmək istəyirəm. Mən gəncəm, sevib- sevilən vaxtımdır. İndi yaşadığım hisslər ötəridir. Səhv edə bilərəm.
– Ailə həyatı qurmaq haqqında düşünmürsünüz?
– İnşallah 4-5 ildən sonra ailə qurmağı düşünürəm. Hazırda sənətimlə məşğulam. Həm də uzun müddətli müqavilə bağlamışam, istəsəm də ailə qura bilmərəm.
http://s020.radikal.ru/i722/1404/0b/d70b928d1790.jpg
http://s43.radikal.ru/i099/1404/f0/98f9d5cc8fbe.jpg
http://s018.radikal.ru/i520/1404/83/3aeaf9e5ace4.jpg
http://s005.radikal.ru/i210/1404/94/bb656f20095a.jpg
http://i023.radikal.ru/1404/a4/ea19f678a772.jpg
http://s019.radikal.ru/i640/1404/ea/c74f918adc44.jpg