Mayda Region TV-nin efirində daha 2 layihəyə start veriləcək. Bu barədə Milli.Az-a aparıcı Tacirə Zeynallı danışır.
– Necə oldu ki, televiziyada işə başladınız və bu sahədə indiyədək hansı layihələri həyata keçirmisiniz?
– Mən rabitə sahəsində işləyirdim. Amma aparıcılıq etmək mənim uşaqlıq arzum olub. Bir dəfə bu sahədə özümü sınamaq şansım oldu. Gözlənilməz fürsəti dəyərləndirdim. Beləcə, 2012-ci ilin noyabrın 1-də Gəncədə fəaliyyət göstərən “Kəpəz” televiziyasında aparıcı kimi fəaliyyətə başladım. Mənə elə gəlir ki, tamaşaçıların etibarını qazana bildim, onlar məni özlərinə yaxın, doğma bir insan kimi qəbul etdilər.
– Mayda Region TV yeni layihələri ilə tamaşaçıların görüşünə gələcək. Bəs siz yeni efirə necə hazırlaşırsınız?
– Mən “Kulinar” və “Tac Şou” layihələri ilə efirə çıxacam. Bu anda həyəcanın verdiyi zövqü heç nə əvəz edə bilməz. Region TV-nin efiri mənim üçün məsuliyyət və yeni təcrübə deməkdir. Ona görə də hər iki layihədə var gücümü toplayıb, tamaşaçılara maraqlı verilişlər təqdim etməyə çalışacam. Bir tərəfdən Region Tv-nin efirində verilişlərimizi digər telekanallardakı layihələrdən fərqləndirən yeniliklər olmalıdır, digər tərəfdən də biz region həyatının işıqlandırılması üzrə ixtisaslaşan bir televiziya olaraq bölgələrimizin koloritini izləyicilərə zövqlə nümayiş etdirməyi bacarmalıyıq.
“Kulinar” layihəsinin əsas məqsədi bölgələrimizin dadlı-tamlı mətbəxinin incəliklərini əhaliyə tanıtmaqdır. Çəkilişlər bütün ölkə ərazisində aparılacaq. Təamları nənələrimiz, evdar xanımlarımız hazırlayacaqlar. İnanın ki, onlar öz peşəkarlıqlarında heç də təcrübəli aşpazlardan geri qalmırlar. Odur ki, mayın ortalarından başlayaraq hər bazar saat 10:30-da dünyanın ən dadlı mətbəxindən reseptləri qeydə almağa hazır olun.
O ki qaldı “Tac Şou” verilişinə, bax bu layihə əsl şou izləmək istəyənlər üçündür. Burada dəvət olunan qonaqlarla maraqlı mövzular ətrafında müzakirələr aparılacaq. Bir sözlə, tamaşaçılar həftə içi 5 gün səhər proqramından dərhal sonra, saat 10:00-dan 11:30-adək canlı olaraq şux musiqilər dinləyəcək, əyləncəli anları izləyəcək, yüksək əhval-ruhiyyəyə köklənəcəklər.
http://i031.radikal.ru/1404/cd/c395eb21abf5.jpg
http://s020.radikal.ru/i716/1404/35/83fd7cf88362.jpg
http://i055.radikal.ru/1404/45/f4220349979a.jpg