“İnsanın ər, sevgili, simsar, və güvənc sahibindən daha çox, əxlaqsız bir kişi, nadan bir insan və sadist varlıq olduğunu bütün rəngləriylə anlatmağa israrlıyam”
Rejissor, əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadənin AzNews.az-a müsahibəsi:
– Mehriban xanım, müsahibədən öncə iki şərtiniz oldu: şəxsi həyat və son məlum qalmaqal haqda sual verməməyimi istədiniz. Amma vəziyyət elədir ki, bu haqda danışmamaq olmur. Əvvəla ondan başlayaq ki, son illər hazırladığınız hər tamaşadan sonra müəyyən söz-söhbətlər, yaradıcı mübahisələr olur. Elə bir neçə il öncə “Qatarın altına atılan qadın” tamaşası hazırlanarkən də qalmaqal yaşamışdınız. Əslində nə baş verir? Düşünmürsünüz ki, bütün bu söz-söhbətlər eyni mənbədən qaynaqlanır?
– Şərt sonradan anlaşılmazlıq yaranmaması üçündür. Müsahibə verirsən bəhs etdiyin mövzu qalır bir kənarda, cavabın kontekstdən çıxarılır, kəsilir, doğranır, lokal bir ifadə az qala manşetə qoyulur. Sonucda cəmi iki cümlə sənin baxış və ya tərzin kimi yozulur. Yaxud sən tam səmimi şəkildə şəxsi həyatını ifadə edəcək iki-üç cümlə dedinsə, onu tək-tək və fərqli mənalarla sənin mahiyyətin kimi təqdim edirlər. Bilərəkdən, ya da bilməyərəkdən sənin fikir və cavabların təhrif olunur. Hər kəs də məsələyə daxili intellekt və tərbiyə ölçüsüylə yozum verir. Elə bu səbəbdən də mənim şərt kəsməm təbiidir. Yanlış anlaşılacaq zamanım deyil. “Qatarın altına atılan qadın” tamaşası hazırlanarkən hansısa qalmaqal ola bilməzdi. Biz küçədə və bazarda deyildik ki. Siz bəlkə teatr daxilində tamaşa hazırlayan rejissorun yaradıcılıq axtarışlarına qalmaqal deyirsiniz?
Ümumiyyətlə, hay-küy həvəskarları teatr daxilində istənilən yaradıcılıq axtarışını az qala konfliktə, ən yaxşı halda qeybətə qədər uzadırlar. Tamaşaçılar sonucda tamaşaya baxırlar və baxdıqları tamaşanı müzakirə edə bilərlər. Amma tamaşanı tamaşaçıya təqdim edənə qədər “mətbəx”də nəyi necə istifadə edəcəyimi tamaşaçıyla müzakirə edəcək deyiləm ki. Rejissor sənəti heç bir sənətə bənzəməz. Kimsə tamaşaya əsaslanıb rejissoru müzakirə, yaxud ittiham edə bilməz. Tamaşaçı bəyənib-bəyənməmək ixtiyarını özündə saxlamalıdır. Əgər mənə yaratmağım üçün imkan, yaxud vəzifə verilirsə, bunun arxasında mənim iyirmi illik fəaliyyət və savadım, peşəkarlığım dayanır. Peşə və fəaliyyətimə, gördüyüm işlərə müdaxilə etmək üçün ən azı tarixçi, teatrşünas olmaq lazımdır mövzulara uyğun olaraq.
Eyni mənbə söhbətinə gəlincə, nəyi nəzərdə tutduğunuzu başa düşmədim. Nə isə bilirsinizsə deyin. Bir çox hallarda mənbə bəlli olsa da neynəyim? Mövlana demiş: köpəklər mənim qələm tutan əlimi, yarada biləcək qolumu qapır, parçalayır. Nə edim? Mən də dönüb köpək olub onları qapası deyiləm ki…
“Ciddi tarixi filmdən sonra da “əcaib” sifətlər və hikkələrin şahidi oldum”
– Əməkdar artist İlqar Cahangir saytlardan birinə açıqlamasında bildirib ki, Mehriban Ələkbərzadəni teatrdan uzaqlaşdırmaq istəyirlər və buna görə onun ətrafında belə hadisələr baş verir. Doğrudanmı Akademik Milli Dram Teatrından uzaqlaşdırılmağınızla bağlı belə bir plan var?
– İlqar Cahangir savadlı və ağıllı aktyordur. Artıq öz vizit kartını təqdim etmiş yaradıcı insandır. Doğrusu, birlikdə işləmək cəhdimiz olsa da, müxtəlif səbəblərdən alınmayıb. Mənim nə qədər qapalı və göz önündə olmaq istəməməyim yaxınlarıma bəllidir. Teatra televiziyaya getdiyim deyil, tamaşa üzərində çalışarkən məşqlərə və tamaşama nəzarət etməyə gedirəm. Həm də Akademik Milli Dram Teatrında rejissor ştatı ləğv edilib, heç bir rejissor ştatda deyil. Ancaq dəvətli rejissorlar çalışır. Mən isə 1986-88 və 1991-2009-cu illərdə bu teatrın rejissoru olduğumdan yəqin belə güman edirlər ki, mən ordayam. Doğma teatrımdır, amma mən də dəvətliyəm.
– Niyə məhz dəvətli?
– Bax, bu Mədəniyyət Nazirliyinə aid sualdır, teatra yox. Bir də ki, əgər məni uzaqlaşdırmaqla kimsə bəxtiyar olacaqsa, qoy uzaqlaşdırsınlar. Mənim az qala yüz seriya hesab ediləcək tarixi-sənədli və bədii araşdırma filmlərimdən sonra televiziyada gördüyümü gördüm. Kinostudiyada da iki illik çox ciddi tarixi filmdən sonra da “əcaib” sifətlər və hikkələrin şahidi oldum. Daha nə? Başqa nə ilə qorxudacaqlar ki?
– Ümumiyyətlə, teatrın rəhbərliyi ilə mövcud münasibətləriniz nə yerdədir?
– Teatrın direktoru İsrafil İsrafilov ali məktəbdə mənim müəllimim idi. Hazırki münasibətlərimizi müsbət izah edərdim. Hər halda mən belə qəbul edirəm. Hərçənd ki, müəyyən narazılqlar, mübahisələr olmamış deyil. Amma düşünürəm ki, mənə qarşı dürüst rəftarı olan hətta düşmənim də hörmətə layiqdir. Buqələmunlara nifrət edirəm.
“Bu bisavadlar anlamır ki…”
– Son vaxtlar özünüzü daha çox teatrda sınayırsınız. Amma bilirik ki, bir neçə bədii və sənədli filmlərin rejissorusunuz. Yenidən kamera arxasına keçmək fikriniz varmı?
– Mən ixtisasca rejissoram. Televiziyada silsilə filmlər çəkdim və yazdım. Tarixi araşdırma işlərində suda balıq kimi rahat və sərbəst idim. Amma iş belə gətirdi ki, heç vaxt imtina etmədiyim teatr son dayanacağım oldu.
– Yenidən televiziyaya qayıtmağınız mümkün deyil?
– Güman etmirəm. Bura televiziya və kinodan fərqlidir. Sırf yaradıcı fantaziya və teatrın möcüzə dəryasına düşürsən. Həyata, təklif olunmuş hadisəyə öz baxış bucağından baxırsan. Əsərdən anladığın kimi səslənirsən. Halbuki bəzi nadanlar bunu rejissorun “şəxsi həyatı” adlandırır. Bu bisavadlar anlamır ki, rejissor həyatın hər üzünə, hər cür həyat tərzinə və düşüncəyə vaqif olmalıdır. Rejissor həyatı müşahidə etməlidir ki, bu kimi əsərlərdə anlayacağını anlatsın. Deməli, vacib deyil ki, sən öləsən. Öləndən sonra ruhunu dərk edəsən ki, ölümdən sonrakı həyatdan bəhs edəsən.
“…daha miskin görünürlər”
– “Qatil” tamaşası ilə bağlı istər tamaşaçılar, istərsə də həmkarlarınız arasında ikili mövqe var. Bir qisim düşünür ki, həmin açıq-saçıq hesab olunan səhnələr olmadan da keçinmək mümkün idi. Sizcə belə ola bilərdimi?
– Mən belə hesab etmirəm. İstisna mümkün olsaydı, keçinərdim. Axı mən şəhvətə manyakal bağlı olan bəzi kişilərdən deyiləm. Hərçənd ki, mən bu situasiyada qadın olduğumu deyil, rejissor olmamı qəbul edə biləcək kafaları nəzərdə tuturam. Əslində, qadın olmağım çox şeydə mane olur. Həmkarlarımın 99 faizini kişilər olmağına rəğmən vaxtilə Mircəfər Bağırovla bağlı silsilə filmlərimə və indi “reallığın içində” üslubuma cəsarət etməmə görə, rahat buraxa bilmirlər. Həm də mentallığı hər düymədə arayanlara “əcəb edirəm, mən belə istəyirəm” deyə bilməməyimə səbəb bir Türk qadını olmağımdır. Hər halda müəyyən etik normaları gözləyirəm.
Bir də ay əzizlərim, mən əsrin yetişdirdiyi insanın ər, sevgili, simsar, və güvənc sahibindən daha çox, əxlaqsız bir kişi, nadan bir insan və sadist varlıq olduğunu bütün rəngləriylə anlatmağa israrlyam. Bunun üçün gərəkirsə, daha artıq rənglərin də istifadəsi məqbuldur. Öz natamamlığını gizlətmək üçün “Coca-cola”ya araq qatıb içənlər “seyid” adlansa belə, vallah-billah öz kimliklərini və səhvlərini gizlədə bilmirlər. Bəlkə kimsə düşünür ki, o dəvəquşudur, yanılır. Başı görünməsə də, qalanları bayırdadır. Uzun sözün qısası, tamaşa ümumi kontekstdən çıxarılmamalıdır. Yalnız bir səhnəyə, bir şəklə baxmaqla fikir söyləmək burnundan uzağı görə bilməməkdir. Axı bu, sənət əsəridir. Bu rəsmdə konkret nöqtəyə deyil, tabloya baxacaqsan. Əlbəttə anlayacaq durmdasansa. Bir də peşə etikası deyilən bir şey var, ey qafillər. Hələ dellitantlar bir tərəfə, sənət adını məsləyinə yazanlar bu etik qaydanı pozduğu halda daha miskin görünürlər.
“Sədaqət görmədiyim üçün ayrıldım”
– Sizinlə bir neçə dəfə qısa ünsiyyətim, açıqlamalarım olub. Hər dəfə başlanğıcda bir xəbərdarlığınız olur: şəxsi suallar olmasın. Bu, bir kompleksdir, yoxsa ümumiyyətlə, xaraktercə qapalı insansınız?
– Yenə də “niyə” sualı. Əgər bəhs edəcəyim mövzuda ətraflı cavab verirəmsə, tamam başqa məntiqə nə ehtiyac var? Mən müğənni, yaxud aktyor deyiləm ki, şəxsi həyat tərzim bəziləri üçün yararlı olsun. Kimisə “eh” deyib keçə biləcəyi bir həyatım varsa, niyə danışmalıyam? Mənim həyatımın gördüyüm işlərə qətiyyən dəxili yoxdur. Fərdi və şəxsi məsələlərə işıq salıb təhriflərə niyə məruz qalmalıyam ki? Bu qədərmi vacibdir?
Konkret cavab belə olacaq: istənilən halda şəxsi həyatımla deyil, yaradıcı və ictimai mövqeyimlə maraqlı olmalıyam. Bu, müzakirə yolveriləndir. Yox əgər bu mütləqdirsə, bilsinlər. Mən bir dəfə ailə həyatı qurdum. Təəssüf ki, sonra ayrılmağa vadar oldum. Gizlədiləsi heç nəyim yoxdur. Mən xəyanəti bağışlamıram. Dözüb nəyəsə görə bu vəziyyəti həzm edəcək, tablaşmaq mənlik deyil. Qarşımdakı mənim qədər əxlaqlı və dürüst olmasa, birgə həyat mümkünsüzdür. Amma kimsəyə də ”mənim kimi yaşamalısan” deməyi doğru saymıram. Hə, bir də əsas məsələ: bilin və agah olun. Mənimlə həyat yoldaşım arasında siyasi mövqe fərqindən deyil – əslində, bircə bu məsələdə eyni fikirdə idik – sədaqət görmədiyimdən ayrıldım.
“Teatr qədər zədələyici, hisslərin iğtişaşını yaradacaq başqa vasitə yoxdur”
– Hər aktyorun “öz rejissoru” olduğu kimi, hər rejissorun da “öz aktyoru” olur. Yəni bəyəndiyi və daha çox işlədiyi aktyor, aktrisadan söhbət gedir. Sizin üçün işləməkdən zövq aldığınız aktyor və aktrisalar kimlərdir?
– İstəməzdim ad çəkim. Mən xüsusi teatr arzusunda olsam da, bunun mümkünsüz olduğunu bilirəm. Yel dəyirmanı ilə vuruşmağın nə mənası? Amma aktyorların seçilməsi və yararlı ola bilənlərlə işləmək xoş olur, əlbəttə. Ad çəkməkdən uzağam. Bu, doğru deyil.
– “Yel dəyirmanı ilə vuruşmağın nə mənası” deyəndə nəyi nəzərdə tutursunuz? Doğrudanmı sizin teatr yaratmağınızı əngəlləyən şəxs və ya şəxslər var? Kimlərdir onlar?
– Bu qədər detallara getmək istəmirəm.
– Daha böyük problemlərin yaran(dıl)maması üçünmü?
– Yorulmuşam… Haqlı olduğun halda haqsız durumda qalmaq acıdır. Siz eyni mənbə deyəndə nəyi düşünürdünüz?
– Sizin “yel dəyirmanı” adlandırdıqlarınızı. Hər zaman Avropa teatrlarından danışırıq, onları nümunə göstəririk. Doğrudanmı Avropa teatrları bizə nümunə ola bilərlər? Bizim həmin səviyyəyə çatmağımız üçün çatışmayan nədir: aktyor, rejissor, yoxsa texniki imkanlar?
– İlk növbədə tamaşaçıların maariflənməsi mütləqdir. Bunun da başqa yolu yox. Elə nümayiş olunan tamaşalarda bu iş görülməlidir. Hərçənd ki, maariflənmənin qısa yolu televiziyalardır. Avropa teatrı artıq sosiumda, fantastik və sürrealizmdə tablo cızır. Biz isə hələ də Rafael de Santi, Leonardo Da Vinçinin tablolarına utanc, örtüləsi bir təsvir kimi baxırıq. İnsan rəsmi günah sayılan yerdə teatr necə təbii ola bilər ki? Amma dünyada teatr sənəti qədər zədələyici, hisslərin iğtişaşını yaradacaq başqa vasitə yoxdur. Təbii ki, insanı ali dəyər kimi qəbul edən Avropa teatrı daha layiqincə qiymətləndirəcək.
– Deyəsən, yeni tamaşa hazırlayırsınız…
-Bəli, artıq bir ildir ki, Hüseyn Cavidin “Topal Teymur” əsəri əsasında “Əmir Teymur” tamaşasını hazırlayıram. Həddən artıq maraqlı və gərəkli fikirlər yaranır ki, onları tamaşaya tətbiq edirəm. Cavid mənim məhvərimdir. Bu əsər uzun illər mənim arzum idi. İllah da son dəfə əsəri oxuyanda qarşıma yeni cığırlar, yollar çıxdı. Qeyd edim ki, bu tamaşada oxumuş və məlumatlı biri olmadan çalışmaq çox çətindir. Mən zamanı da, zaman şərtləri və gələcəkdə vəsilə olacaq olayların inkişaf xəttini də, tarixi şəxsiyyətlərin niyə məhz bu addımı atmasını dərk etmiş biri kimi bu prosesdən sözün əsl mənasında ləzzət alıram. Son zamanlarda bu qədər məlumatların öyrənilməsi və hazırlanması, səbəb və nədənlərin tapılması və tətbiqi sahəsində belə məmnun olmağımı xatırlaya bilmirəm. Burda bəlli tarixi hadisəyə bir başqa yaradıcı baxış var. Osmanlılarla Asiya Türklərinin baxışı, Turana gedəcək yolda əngəl olacaq nəsnələrin, bir-birin məğlub edərək, zəfər qazanması acısına baxış var.
Əsrlərdən sonra türk millətini daha hansı aqibətə məruz qoyacaq möhtəşəm bir hadisənin tamaşa edilməsi üçün. Tarixi səyahət divarı qurulur. Sonucda zəfər çalan və məğlub tərəf var. Mənə gəlincə, qardaş qardaşı məğlub etməklə zəfər qazana bilməz. Hər iki türk oğlu məğlub oldular. Bu məğlubiyyətin yükünü hələ də biz çəkməkdəyik. Bu, mənim “Əmir Teymur” tamaşamın əsas xəttidir. Tamaşaçıya aşılamaq istədiyim əsas ideya budur. Mən Hüseyn Cavidin cənazəsini illər sonra məmləkətinə gətirə bilən Heydər Əliyevin, daha doğrusu, bir türk oğlunun digər türk oğlu üçün etdiyi fədakarlığın əslində, Turana xidmət olduğu fərqindəyəm və bundan qürur, fəxarət duyuram. Qeyd edim ki, “Əmir Teymur” tamaşasını Ümummilli lider Heydər Əliyevin doğum gününə nümayişini nəzərdə tutmuşam.